Rüşvətxor məmurun xeyir işləri

Rüfət Əhmədzadə

(“Seçilənlər” silsiləsindən 3-cü yazı)

Bu “gözəl günlərdə” kefimizə Avropa Parlamenti soğan doğradı, amma bütün mənfi hallara baxmayaraq, biz yolumuzda qətiyyətlə irəliləyirik. Və bəyan edirik ki, onlar bizim qüdrətimizi sarsıda bilməzlər... Bizim korrupsiyamız da, repressiyamız da bizim dəyərimizdir. Avropa İttifaqı bizi bu dəyərlərdən uzaqlaşdıra bilməyəcək!

Bizim televiziyalarımız, KİV-lərimiz də buna imkan verməyəcəklər.

Azad sözün keşiyində duran jurnalistlərimiz ən satqın və şərəfsiz adamları ən vətənpərvər adamlar kimi təqdim etməyə, talançıların ən öndəgedənlərini ən xeyriyyəçi, ən ürəyiaçıq şəxslər kimi cəmiyyətə sırımağa hazır dayanıblar.

Sentyabrın ilk günlərində bir əttökən xəbər eşitmişdim ki, nədəndə hər hansı xeyriyyə tədbiri barədə xəbər görəndə dərhal o yadıma düşür. Zaqatalanın icra hakimiyyəti başçısının yüksək bal yığan abituriyentə maşın hədiyyə etməsi bəzi “vicdanlı” jurnalistlərin gözlərini yaşartmışdı. Palaz-palaz yazılar yazıldı, “nümunəvi”, “təqdirəlayiq” kimi ifadələr və alqışlar səsləndirildi.

Amma heç kim demədi ki, son illərdə qəbul imtahanlarında iştirak edən Zaqatala abituriyentlərinin ən az üçdə biri 0-100 arası bal toplayır. 500-dən yuxarı bal toplayanları isə barmaqla saymaq olar...

Əlbəttə ki, bütün zaqatalalılar savadlı olmalı deyildi. Amma rayon abituriyentlərinin üçdə birinin, yəni minimum 33 faizinin “savadsızlıq” səviyyəsində olması – artıq biabırçılıqdır.

Bu rəqəmin özü belə, RİH başçısının, rayon təhsil şöbəsi müdirinin, hətta bir-bir rayondakı bütün məktəb direktorlarının da istefa verməsinə kifayət etməli idi... Başqa rayonlardan olanlar sevinməsinlər, əksər rayonlar bu vəziyyətdədir. Hansısa “küpəgirən” deputat özünü reklam etdirir, sosial şəbəkələr və saytlarda təriflətdirir, hansısa talançı icra başçısının oğlu əsgər qohumuna baş çəkərkən şəkillər çəkdirib geydirmə saytlarda “raskrutka” etdirir...

Rayonundakı əhali üçün bir iş görməyən, normal bir qanun layihəsinə imza atmayan deputatlar da vaxtaşırı cəbhə bölgəsinə, hərbi hissələrə, uşaq evlərinə gedirlər, mətbuatda tirajlayırlar.

Yaxşı, bəs uşaq evlərindəkilərin gələcəyi 16 yaşdan sonra necə olur, maraqlandınızmı? Bu gənclərin cəmiyyətdə öz yerini tapması üçün bir qanun layihəsi hazırladınızmı?

Övladı müəmmalı şəkildə ölən əsgər analarını susdurmaqdan savayı, bu əsgərlər üçün nəsə etdinizmi?

Hüquq naminə nə elədiniz?

Bu suallara hamısı gözünü döyə-döyə baxar. Konkret adlar da çəkmək olar, aralarında xanım deputatlar da var, ona görə də, oxuyanların vicdanına buraxıram.

İcra başçısı rayonundakı sosial problemləri həll etmək, rayondakı təhsil problemlərini araşdırmaq əvəzinə, hər dəfə “vəsait yoxdur” deyə pərt etdiyi rayon sakinlərini razı salmaq yerinə “hardansa pul tapıb 700 bal yığan qızı mükafatlandırır”.

Çox gözəl, savadlı kadrlarımız yetişir, hər adamın işi deyil 700 bal toplamaq... Amma heç kim özünü “seçilən” hesab etməsin.

Bilmirəm o maşın neçəyə alınıb, amma Zaqatalanın hörmətli icra başçısı ən azından 1500-2000 kasıb məktəbliyə çanta alıb hədiyyə edə bilərdi. Nə qədər kasıb və atasız, baxımsız uşağa dəstək verə bilərdi. Kasıb uşaq yoxdurmu o rayonda? Yoxsa ali məktəbə hazırlaşmaq istəyən, amma repetitor yanına getməyə imkanı çatmayan gənclər də yoxdur?

İnsanlarımız nədənsə bu sualları vermək, düşünmək istəmir.

Valeh olur, təsirlənir, duyğulanır, hətta qulaqlarına qəmgin fon musiqisi də gəlir... Belə daha maraqlı olur.

Yeni tədris ilində 12 yaşlı uşağın da intihar xəbəri yayıldı. Bu əsl faciədir. İntihar yaşı gəncləşib, uşaqlaşıb.... artıq uşaqları qoruya bilmirik.

İnanın mənə, bu respublikada yüzminlərlə intihar həddində olan uşaq, ana, ata var...

Bir gün onların hamısı yığışıb bir yerdə intihar etməlidir – ancaq ondan sonra düşdüyümüz problemin necə böyük olduğu görünəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar