40 MİLYONLUQ ƏMƏLİYYAT, BANKDA ŞÜBHƏLİ ÖLÜM – Bir cinayətin izi ilə...

“Ölümündən bir müddət əvvəl Fərhad Abbasov oğluma bildirib ki, Səxavət Səfərov onu öldürməklə hədələyir”

Artıq xeyli müddətdir ki, saytlarda “Parabank”ın “Nəsimi” filialı ilə “Kia Motors” MMC-nin adı keçən sensasiyalı məlumatlar dərc edilir. Söhbət “Parabank”ın “Nəsimi” filialının bunkerində “Kia Motors” MMC-nin qeydiyyata salınmayan, dövlətdən gizlədilərək saxlanılan 40 milyona yaxın vəsaitindən, onun qeyri-qanuni dövr etdirilməsindən və bu pulun müəyyən hissəsinin yoxa çıxmasından sonra bir nəfərin müəmmalı ölümündən, cinayət işinin açılmasından və daha sonra baş verənlərdən gedir. Məlumata görə, “Kia Motors Az” MMC-nin rəhbəri Səxavət Səfərov qohumluq əlaqələrində olduğu "Parabank"ın "Nəsimi" filialının rəhbəri Bəhruz Mirzəyevlə sövdələşərək, qeyd olunan məbləğdə vəsaitini heç bir sənədləşdirmə aparmadan bankın xəzinəsində saxlamaqla, vergi uçotundan gizlədib.

Bundan əlavə bank və şirkət rəhbərliyinin həmin pulların qanunsuz dövriyyəsi ilə məşğul olduğuna və bu yolla "çirkli pulları" leqallaşdırdığına dair əsaslı sübutlar və iddialar var. “Kia Motors Az” MMC-nin "Parabank"da sənədləşdirmə aparılmadan saxlanılan və istifadə olunan 40 milyon manatına nəzarət edən Fərhad Cəfər oğlu Abbasovun ölümü - guya 8 bıçaq zərbəsi ilə intihar etməsi isə bu işin ən diqqətçəkən və müəmmalı tərəfidir.

Fərhad Abbasov “Kia Motors Az” MMC-nin sahibi Səxavət Səfərovun ən etibarlı adamlarından biri olub, buna görə də 40 milyon manatı idarə etmək üçün “Parabank” ASC-nin “Nəsimi” filialına göndərilib. Hətta bu məqsədlə Fərhad Abbasova “Nəsimi” filialında xidməti otaq da ayrılıb.

“Parabank”ın “Nəsimi” filialında saxlanan 40 milyonunun 680 mini yoxa çıxıb

[caption id="attachment_156350" align="alignleft" width="231"]

"Parabank"ın "Nəsimi" filialının rəhbəri Bəhruz Mirzəyev[/caption]

KİV materiallarında bildirilir ki, “Parabank” ASC-də dəfələrlə audit yoxlamaları aparılan zaman bankın xəzinəsinin bunkerində böyük qutulara yığılmış “Kia Motors Az” MMC-nin gizlətdiyi pul baratları aşkar olunsa da, bu barədə heç bir tədbir görülməyib, sənədləşdirmə aparılmayıb. Hər halda audit yoxlamalarının nəticələri barədə rəylərdə bu qeyd edilməyib, Mərkəzi Banka məlumat verilməyib. Eyni zamanda rəsmi qeydiyyata alınmadan filialın xəzinəsinin bunkerində qanunsuz şəkildə saxlanılması, onların dövlətdən gizlədilməsi, həmin pulların leqallaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi məlumat verilməyib.

Lakin devalvasiyadan sonra banklarda aparılan sistemli yoxlamalar zamanı “Parabank”ın illərdir apardığı qanunsuz əməlləri ifşa olunub və bununla bağlı Bakı Şəhər Prokurorluğunda 120046164 №-li cinayət işi açılıb.

İstintaq zamanı məlum olub ki, “Kia Motors Az” MMC-nin bankda saxladığı vəsaitin 680 min manatı 2012-ci ildə yoxa çıxıb.

8 bıçaq zərbəsi ilə müəmmalı ölüm

Bu faktın üstü açılandan sonra isə, şirkətin bankdakı etibarlı nümayəndəsi Abbasov Fərhad Cəfər oğlu müəmmalı şəkildə intihar edib. Rəsmi sənədlərdə onun özü-özünə 8 dəfə bıçaq xəsarəti yetirməklə öldürməsi qeyd olunur. Amma bir adamın özünə 8 dəfə ağır bıçaq zərbəsi vura bilməsinin qeyri-mümkün hal olması nədənsə istintaqda nəzərə alınmayıb.

Bu üzdən də, Fərhad Abbasovun ölümü ilə bağlı Binəqədi rayonunda 2012-ci ildə başladılan və sonradan bağlanan cinayət işi Bakı Şəhər Prokurorluğunda yenidən araşdırılmağa başlanıb. Məlumatlara görə, Bakı Şəhər Prokurorluğunun müstəntiqi Emin Nəsibov tərəfindən yenidən araşdırılan bu cinayət işinin materiallarında bir çox şübhəli məqamlar ortaya çıxıb. Müstəntiqin diqqətini çəkən əsas məqam, qeyd etdiyimiz kimi, Fərhad Abbasovun özünə 8 bıçaq vurmasıdır. Təcrübəyə əsasən, intihar edən şəxs özünə 3 bıçaq zərbəsindən artıq vura bilmir…

Eyni zamanda müstəntiqin ekspert rəyinə baxarkən daha bir maraqlı məqamı aşkarladığı bildirilir. Belə ki, ekspert rəyindən məlum olub ki, bıçağın birincisi mərhumun köynəyinin üstündən, digərləri isə köynək yuxarı qaldırıldıqdan sonra vurulub və sonda boğazı kəsilib. Bu “səliqəli” hərəkətin intihar edən adamın özü tərəfindən həyata keçirilməsi inandırıcı hesab olunmur. Ancaq nədənsə, bu və onlarla belə şübhəli məqamlar Binəqədi Prokurorluğunun diqqətini çəkməyib.

Halbuki, iddalara görə, Fərhad Abbasov ölümündən əvvəl Səxavət Səfərovun onu hədələdiyini deyirmiş. Eyni zamanda S.Səfərovun oğlu Əşrəf Səfərov tərəfindən də təhdidlərə məruz qaldığını bildirirmiş. Hətta Əşrəf Səfərovun 10-a yaxın idmançı görkəmli şəxslə Fərhad Abbasovu “söhbətə” çağırdığına və döydüyünə dair məlumatlar davar…

Qəribə orasıdır ki, nə “Kia Motors Az” MMC-nin 40 milyona yaxın vəsaiti dövlətdən gizlədərək bankın filalında saxlaması, nə də ölüm işi ilə ortaya çıxan yuxarıda qeyd etdiyimiz faktların hazırda ciddi araşdırma predmeti olmadığı bildirilir.

Cinayət işinin istintaqının əsasən “Kia Motors Az” MMC-nin bankda saxladığı vəsaitin 680 min manatının 2012-ci ildə yoxa çıxması ilə bağlı aparıldığı vurğulanır. Bununla əlaqədar da şübhəli şəxs qismində, hələlik, 2012-ci ilə kimi bankın sözügedən filialında xəzinədar işləmiş Kazımov Ülvi Elçin oğlu saxlanılıb. Hansı ki, yaxınları onun tamamilə günahsız olduğunu, “Parabank”ın “Nəsimi” filialında baş vermiş cinayətlərlə heç bir bağlılığının olmadığını bildirirlər. Eyni zamanda onlar prokurorluğun işi obyektiv araşdırmadığını, sonradan hansısa səbəblərdən istintaqın istiqamətini dəyişdirdiyini iddia edirlər. Ü. Kərimov 2 aydan sonra həbsdən ev dustaqlığına buraxılıb. Bu yaxınlarda məhkəməsi başlayacaq.

Həbs edilən xəzinədarın anası Prezidentə müraciətində nə yazır?

Ülvi Kazımovun anası - Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Yaşayış sahəsi, ev 28, mən 88 ünvanında yaşayan Kazımova Maya Cəbrayıl qızının Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya, həmçinin respublikanın maliyyə-bank və hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanladığı məktubda işin prokurorluqda obyektiv aparılmadığı, oğlunun heç bir günahı olmadığı halda cinayət məsuliyyətinə cəlb olunduğu qeyd edilir.

Bir nüsxəsi “AzPolitika.info”ya təqdim olunmuş məktubda baş vermiş cinayət hadisəsilə bağlı təfsilatlı məlumatlar verilir.

““Kia Motors Az” MMC-nin “Parabank” ASC ilə birgə dövlətə qarşı olan mütəşəkkil cinayətkar əməlləri bank-maliyyə fırıldaqçılarının cinayət işlərindən ən təhlükəlisidir”, deyə müəllif Prezidentə məktubunda yazaraq əlavə edir ki, bu məlumatları ona oğlu Kazımov Ülvi Elçin oğlu bildirib.

“Səxavət Səfərovun etibarlı adamına qeyri-rəsmi xidməti otaq da ayrılmışdı”

M.Kazımova qeyd edir ki, oğlu “Parabank” ASC-nin “Nəsimi” filialında işə başladığı gündən filialın xəzinəsinin bunkerində banka məxsus qanuni pul vəsaitləri ilə yanaşı, “Kia Motors Az” MMC-yə məxsus, heç bir yerdə rəsmi qeydə alınmayan, bankın mühasibat uçotuna daxil edilməyən, dövlətdən gizlədilmiş 40 milyon manata yaxın pul vəsaitlərinin olduğunu görüb: ““Kia Motors Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun etibarlı adamı Abbasov Fərhad Cəfər oğlu “Parabank” ASC-nin “Nəsimi” filialında qeyri-rəsmi şəkildə fəaliyyət göstərib. Hətta ona xidməti otaq da ayrılmışdır ki, “çirkli pulları” bank daxilində tənzimləsin. Abbasov Fərhad Cəfər oğlu “Nəsimi” filialında heç bir vəzifədə işləməyib. Onun bankın işçisi olması barədə “Parabank” ASC-nin İdarə Heyətinin sədrinin əmri və əmək müqaviləsi olmayıb. Fərhad Abbasov filialın daxilində yalnız “Kia Motors Az” MMC-yə məxsus “çirkli pulların” qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur və bank rəhbərliyi də buna göz yummuşdur.

Oğlum Ülvi Kazımova Səxavət Səfərov və onun etibarlı nümayəndəsi Fərhad Abbasov tərəfindən xəbərdarlıq edilmişdir ki, bankın xəzinəsinin bunkerində gizli saxlanılan 40 milyon manata yaxın vəsait barədə heç kim bilməməlidir. Həmin pullar heç yerdə qeydiyyatdan keçmir, MMC-nin rəsmi dövriyyəsinə daxil edilməyib, bunu vergi orqanları və Mərkəzi Bank bilməməlidir”.

“Nəsimi” filialının bunkerində gizlədilən 40 milyondan kimlərin xəbəri olub?

merkezi_bank_0001M.Kazımovanın yazdığına görə, “Nəsimi” filialının xəzinəsinin bunkerində gizlədilən “Kia Motors Az” MMC-yə məxsus “çirkli pulların” rəsmi uçotu aparılmasa da, müvafiq qurumların nümayəndələrinin bundan xəbəri olub: “Vaxtaşırı “Parabank” ASC-nin baş ofisindən “Nəsimi” filialına gələn audit yoxlamaları dəfələrlə bankın xəzinəsinin bunkerində böyük korobkalara yığılmış “Kia Motors Az” MMC-nin gizlətdiyi pul baratlarını aşkar etsələr də, bu barədə heç bir tədbir görməyiblər. Sənədləşdirmə aparmamış, audit yoxlamalarının nəticələri barədə rəylərdə qeyd etməmiş, Mərkəzi Banka məlumat verməmişlər. Həmçinin, “çirkli pulların” filialın xəzinəsinin bunkerində qanunsuz şəkildə saxlanılması, dövlətdən gizlədilməsi, həmin pulların leqallaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına da rəsmi məlumat verməmişlər. Çünki “Parabank” ASC-nin rəhbərliyi dövlətdən gizlədilmiş “çirkli pulların” realizə edilməsində “Kia Motors Az” MMC-yə birbaşa köməkçi olmuşdur”.

Bankın xəzinəsindən yoxa çıxan “qara pullar” və ölüm hədələri...

1pul1Daha sonra M.Kazımova qeyd edib ki, müxtəlif vaxtlarda Səxavət Səfərovun etibarlı adamı Fərhad Abbasov bankın xəzinəsinin bunkerinə daxil olaraq, “Kia Motors Az” MMC-yə məxsus pullardan istədiyi qədər götürüb. Bu məsələnin üstü 2012-ci ilin yayında açılıb. Belə ki, həmin vaxt Səxavət Səfərovla Fərhad Abbasov arasında bankda saxlanılan pulun əskikliyi ilə bağlı ciddi problemlər yaranıb: Məlum olub ki, Fərhad Abbasov Səxavət Səfərovun xəbəri olmadan həmin puldan 1 milyona yaxın (680 min manat –müəl.) götürərək xərcləyib. Bu barədə ölümündən qabaq Fərhad Abbasov şəxsən oğlum Ülvi Kazımova danışıb”.

Şikayətçi Prezidentə məktubunda Fərhad Abbasovun müəmmalı ölümü haqda bunları yazır: “2012-ci ilin yayında Fərhad Abbasovun bankın “Nəsimi” filialında ölməsi barədə xəbər yayıldı. Həmin vaxt oğlum Azərbaycanda deyildi. Oğlum gələndən sonra bizə məlum oldu ki, Fərhad Abbasov “Nəsimi” filialının binasında otaqların birində özünə 8 dəfə bıçaq xəsarəti yetirməklə, intihar edib. Ölümündən bir müddət əvvəl Fərhad Abbasov oğlum Ülviyə bildirib ki, “Kia Motors Az” MMC-nin sahibi Səxavət Səfərov və onun oğulları onu öldürməklə hədələyir. 1 milyon pulu haradan olursa-olsun, tapıb yerinə qoymağı tələb edirlər. Pulu tapmasa onun qətlini sifariş edəcəkləri barədə hədələr edir, mütəmadi şəkildə onun ləyaqətini alçaldırlar. Fərhad Abbasov bildirib ki, Səxavət Səfərovun və onun uşaqlarının əlindən qurtarmaq üçün özünü öldürmək istəyir”.

“Səxavət Səfərov və oğulları deyiblər ki, get özün-özünü öldür, canını qurtar!”

Ancaq M.Kazımova Fərhad Abbasovun intihar etməsinin inandırıcı olmadığını bildirir:

“Abbasov Fərhad Cəfər oğlunun özünü öldürməsi çox şübhəlidir! Şəxsin özü-özünə 8 bıçaq xəsarəti yetirməsi qeyri-mümkündür. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır.

2012-ci ildə Abbasov Fərhad Cəfər oğlunun özünü öldürmə həddinə çatdırılması faktı ilə bağlı başlanmış cinayət işinə əsassız şəkildə prokurorluq tərəfindən xitam verilmişdir. Onun ölümündə birbaşa günahkar olan “Kia Motors Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərov və oğulları cinayət məsuliyyətindən yaxa qurtara bilmişlər. Lakin oğlum Ülvi Kazımovun mənə əminliklə bildirdiyi məlumata görə, Fərhad Abbasov şəxsən ona demişdir ki, Səxavət Səfərov və oğulları onu öldürtməklə hədələyib. Deyiblər ki, get özün-özünü öldür, canını qurtar!”

“Oğlumu hədələyərək, onu barmağını kəsməklə təhdid ediblər”

M.Kazımova oğlunun bu işə necə cəlb edilməsinə də aydınlıq gətirib. Qeyd edib ki, Fərhad Abbasovun ölümündən sonra Səxavət Səfərov və onun oğulları bankın filialının bunkerində qanunsuz saxlanılan 40 milyon manatdan əskik olan vəsaiti oğlu Ülvi Kazımovdan tələb etməyə başlayıblar: “Bu barədə oğlum mənə heç nə deməyib. Sonradan mənə məlum olmuşdur ki, Səxavət Səfərov və onun oğulları mənim oğlumu hədələyərək, onu barmağını kəsməklə təhdid ediblər. Onu da Fərhad Abbasovun taleyi gözlədiyini deyərək, pulu tapıb qaytarmağı tələb ediblər. Mənim

xəbərim olmadan oğlum Ülvi qardaşı Ehtiramla birlikdə Səxavət Səfərovdan ehtiyat edərək, bir neçə əmlakımızı satıb, ona 130 min manat pul ödəyiblər.

2015-ci ilin may ayında isə Bakı şəhər Prokurorluğunun müstəntiqi Emin Nəsibov oğlum Ülvi Kazımovu prokurorluğa çağırıb, onu şahid qismində dindirərək, “Parabank” ASC-nin “Nəsimi” filialında xəzinədar işlədiyi müddətdə guya “Kia Motors Az” MMC-nin avtomobil satışından əldə olunan və filialın xəzinəsində saxlanılan 689132,75 manat pulunu filialın baş mühasibi Sevinc Mədətova ilə birlikdə mənimsədiklərini deyib. Müstəntiq oğlumu Fərhad Abbasovun cinayət işi ilə bağlı tuta biləcəyi barədə qorxudaraq, özünün istədiyi ifadəni ondan alıb. Ülvi məcburən etiraf eedib ki, həmin pulu o, Sevinc Mədətova ilə birlikdə mənimsəyiblər. 1-ci Avropa Oyunları öncəsi oğlum həbs olundu.”

“İş Prezidentin xüsusi nəzarəti altında MTN-də araşdırılsın”

MTN-mainM.Kazımova Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin cinayət işinə obyektiv yanaşmadığından şikayətlənir. Bildirir ki, bu idarə “Kia Motors Az” MMC-nin qanunsuz hərəkətlərini, “çirkli pulların” yuyulması ilə bağlı cinayət əməllərini ifşa etmək əvəzinə, MMC-nin qanunsuz əməllərinin məsuliyyətini özgəsinin üzərinə yönəltmək istəyir. Bu üzdən də “Kia Motors Az” MMC-nin “Parabank” ASC-nin rəhbərləri ilə əlbir olaraq, “Nəsimi” filialında gizli şəkildə saxladığı 40 milyon manata yaxın vəsaitin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işinin Prezidentin xüsusi nəzarəti altında Milli Təhlükəsizlik Nazirliyi tərəfindən araşdırılmasını xahiş edir. “Çünki Bakı şəhər Prokurorluğu “Kia Motors Az” MMC-nin rəhbərliyinin mənafeyini müdafiə edir və ona görə də, onların bu qanunsuz cinayət əməllərini ifşa etməkdə maraqlı deyil.

Sizdən xahiş edirəm ki, bu dövlət əhəmiyyətli məsələni xüsusi nəzarətinizə götürəsiniz, Bakı şəhər Prokurorluğunda istintaq edilən 120046164 №-li cinayət işinin istintaq araşdırmasını Milli Təhlükəsizlik Nazirliyinə tapşırasınız”, deyə, M.Kazımova Prezidentə müraciətində yazır.

“Parabank” və “KİA Motors” təkzib edir, ancaq…

Qeyd edək ki, “Parabank”ın “Nəsimi” filialının bunkerində “Kia Motors” MMC-nin qeydiyyata salınmayan, dövlətdən gizlədilən 40 milyona yaxın vəsaitinin saxlanılmasına dair ittihamlar hər iki qurum tərəfindən təkzib olunub. Bir müddət əvvəl “Parabank”ın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov bu məlumatları qəti şəkildə təkzib edərək, “Kia Motors AZ” MMC-yə məxsus olmuş 40 milyon manata yaxın vəsaitin bankın “Nəsimi” filialında qanuni şəkildə saxlandığını bildirib.““Kia Motors AZ” MMC ilə “Parabank” ASC-nin arasında bağlanmış inkassasiya və pul vəsaitin saxlanc müqaviləsinə əsasən, “KİA Motors” özünə məxsus pul vəsaitini obyektlərdən toplayıb, bankın filialında yerləşdirmiş və əldə edilmiş pul vəsaitinə, bank hesablarından göründüyü kimi, özü sərəncam vermişdir. “Parabank” ASC-də yüzlərlə belə hüquqi şəxslərin bank hesabları vardır və onlar apardığı əməliyyatlara görə vergi orqanı qarşısında hesabat verirlər. Hesablarda aparılan əməliyyatlara bank müdaxilə etməyə haqlı deyildir və qanunla onları məxfi saxlamağa borcludur.”

“KİA Motors Az” MMC-nin mətbuat xidməti də oxşar təkzib bəyanatı yaymışdı. Şirkətdən bildirilmişdi ki, “Kia Motors Az” MMC-nin “Parabank” ASC-nin “Nəsimi” filialında uzun illərdir ki, bank hesabı vardır: “Hesab üzrə müqaviləyə əsasən pul vəsaitinin yığılması, saxlanması və dövriyyəsi qanuni əsaslarla təmin edilir”.

Ancaq bu işlə bağlı cinayət məsuliyyətinə cəlb olunan Ülvi Kazimovun anasının Prezidentə yazdığı məktubda göstərdikləri, həmçinin yaxınlarının “AzPolitika.info”ya təqdim etdiyi digər faktlar və məlumatlar “Kia Motors AZ” MMC ilə “Parabank” ASC-nin arasında münasibətlərin yalnız qanuni müstəvidə qurulduğuna şübhə etməyə ciddi əsaslar verir.

Fərhad Abbasovun bank binasında şübhəli ölüm faktı isə həm də böyük bir cinayətin olduğundan xəbər verir.

Odur ki, “AzPolitika.info” bütün tərəflərlə birlikdə bu məsələni araşdırmağa və yaxın günlərdə başlayacaq məhkəmə prosesini izləməyə çalışacaq.

Murad MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar