Müdafiə sənayemiz hədəflərini böyüdür

Azərbaycanın müdafiə sənayesi naziri cənab Yavər Camalovun AZERİ DEFENCE jurnalına müsahibəsi

- Cənab nazir, söhbətimizə Azərbaycan hərbi sənayesinin mövcud durumu, MSN-in fəaliyyət göstərdiyi 7 illik zaman kəsiyində görülən işlərlə başlamaq istərdik. Bu sahədə fəaliyyətləriniz barədə oxucularımıza məlumat vermənizi xahiş edirik.

- Müdafiə Sənayesi Nazirliyinin ötən dövrdə fəaliyyəti və həyata keçirdiyi layihələr indiyədək mətbuatda daim işıqlandırılıb. Nazirliyin formalaşma dövründə reallaşdırılmış həmin layihələr barədə sizlərin də məlumatlı olduğunuzu düşünürəm. Bildiyiniz kimi, nazirliyin yaradılmasında məqsəd Silahlı Qüvvələrimizin xaricdən hərbi-texniki asılılığını aradan qaldırmaq, ölkədə müdafiə sənayesini inkişaf etdirmək idi. Bu sahədə prezidentimiz cənab İlham Əliyev tərəfindən qarşımıza tapşırıqlar qoyulub. Mütəmadi olaraq dövlət başçısı bu sahni diqqətdə saxlayır, yeni müəssisələrin açılışına qatılır, yaradılan, istehsal edilən yeni məhsullarla şəxsən maraqlanır.

Ötən dövrdə MSN-in formalaşması mərhələsini keçdik. Nazirliyin tabeliyinə verilmiş müəssisələrdə əsaslı təmir və yenidənqurma işləri aparıldı. Yeni istehsal sahələrinin açılması prosesi davam edir. Paralel olaraq, müdafiə təyinatlı yeni məhsulların yaradılması istiqamətində elmi-tədqiqat işləri aparılır, həmçinin sektor üçün kadrların hazırlanmasına diqqət yetirilir.

Mən ötən dövrdə görülən işlər üzərində çox dayanmayıb, yeni layihələrimiz barədə məlumat vermək istərdim. Bu gün bizim üzərində çalışdığımız mühüm layihələrdən birincisi ölkədə 85 mm-dən 155 mm-dək çapda tank və artilleriya silahları üçün mərmilərinin istehsalının qurulmasıdır. Demək olar ki, sözügedən layihənin 50-60%-i həyata keçirilib və 2014-cü ilin sonuna qədər bu sahədə işləri tam başa çatdıracağımızı düşünürəm. Bundan sonra ordumuzun xaricdən nə tank, nə də artilleriya mərmiləri almasına ehtiyacı qalmayacaq.

Bildiyiniz kimi, artıq biz kiçik çaplı atıcı və artilleriya silahları üçün bütün növ döyüş sursatlarının istehsalını həyata keçiririk. Əlavə olaraq 40 və 46 mm çaplı qumbaraatanların istehsalı layihəsinə başlamışıq. Eyni zamanda bu qumbaraatanlar üçün döyüş sursatlarının da istehsalını həyata keçirəcəyik. Hazırda RPQ-40 tipli qumbaraatanlar üçün döyüş sursatlarının istehsalının yaradılması sahəsində ciddi işlər gedir. Ümumilikdə bu ilin sonunadək 4 növ döyüş sursatının istehsalına başlayaraq onları orduya verə biləcəyik.

Başqa bir layihəmiz 60, 82 və 120 mm çaplı minaların avtomatik, seriyalı doldurulması texnologiyasının qurulmasıdır. Artıq bu texnologiya tam mənimsənilib və istehsala başlanıb. Buna paralel olaraq, 5 növ müxtəlif kapsulun seriyalı istehsalı sahəsində də işlər aparılır.

- MSN-in beynəlxalq əlaqələri barədə nələri söyləyə bilərsiniz? Xarici firmaların Azərbaycan müdafiə sənayesində iştirak marağı necədir?

- Hazırda bizim 60-dan artıq ölkənin müxtəlif şirkətləri ilə əlaqələrimiz mövcuddur. Deyə bilərəm ki, bu maraq ilbəil artmaqdadır. Bizim həm səfərlərdə, həm də sərgilərdə müxtəlif ölkələrin hərbi qurumlarının və şirkətlərin rəhbərliyi ilə görüşlərimiz olur. İDEF sərgisində keçirdiyimiz görüşlərdə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr apardıq və razılıqlar əldə olundu.

- Azərbaycan müdafiə sənayesinin hərbi nəqliyyat vasitələrinin, zirehli transportyorların istehsalı sahəsində hansı layihələri var?

- Hazırda BRDM tipli maşının bazasında yeni kəşfiyyat-döyüş maşınının yaradılması layihəsi üzərində işləyirik. Eyni zamanda, Paramount Group şirkəti ilə birgə Matador və Marauder tipli minaya qarşı qorumalı nəqliyyat vasitələrinin istehsalı davam edir. Qeyd edim ki, bu günədək 30 maşın istehsal olunub. Silahlandırıldıqdan sonra testləri keçirilərək Müdafiə Nazirliyinə təhvil verilib. Qalan 60 ədəd maşın üzərində işlər gedir.

Pilotsuz uçuş aparatları (PUA) layihəsi üzrə işlər davam etdirilir. Bu günədək 40 ədəd modernləşdirilmiş Orbiter-2M tipli PUA istehsal olunaraq Müdafiə Nazirliyinə təhvil verilib. İki dəst, yəni 8 ədəd Aerostar tipli taktik PUA isə ilin sonunadək istehsal olunaraq sifarişçiyə çatdırılacaq.

Xüsusi təyinatlılar və təhlükəsizlik qüvvələri üçün Toyota maşınının bazasında hazırladığımız Gürzə adlı patrul maşınının təqdimatını keçirdik. Gürzədən əlavə Toyota şassisi üzərində iki yeni maşının istehsalını nəzərdə tutmuşuq. Bunlardan Əqrəb adlanan birinci maşının silahlanmasına AQS-30 tipli avtomatik qumbaraatan və 2 ədəd 7.62 mm çaplı pulemyot, «Bəbir» adlı digər maşının silahlanmasına isə tank əleyhinə idarə olunan raket kompleksi və yanlarda 2 ədəd 7.62 mm çaplı pulemyot daxil olacaq. Bu kompleks düşmənin hərbi texnikasını 4 km məsafədə məhv etməyə imkan verəcək.

- Azərbaycan və Türkiyə müdafiə sənayesi arasında son olaraq, may ayında İDEF-2013 sərgisi çərçivəsində imzalanmış sənədlər barədə məlumat vermənizi xahiş edirik. Bu müqavilə nələri əhatə edir?

- May ayının 8-də, İDEF-2013 sərgisi çərçivəsində biz Türkiyə Müdafiə Sənayesi Katibliyi ilə 3 sənəd imzaladıq. Anlaşmalar 3 firma ilə birgə layihələrin reallaşdırılmasını əhatə edir. Bunlar aşağıdakılardır:

- Azərbaycanda MKE şirkəti ilə MP-5 tipli tapança-pulemyotun yığılması və sonrakı mərhələdə bu silahın Azərbaycanda tam istehsalı.

- Otokar şirkəti ilə Cobra tipli zirehli transportyorların Azərbaycanda yığımı, sonrakı mərhələdə istehsalı.

- ROKETSAN şirkəti ilə 11 km mənzilli 107 mm çaplı və 42 km mənzilli 122 mm çaplı raketlərin Azərbaycanda istehsalına başlanılması.

- Bu gün Azərbaycan müdafiə sənayesinin qurulmasında Türkiyənin yerini və iştirakını necə qiymətləndirirsiniz?

- Türkiyə ilə əməkdaşlığımız çox istiqamətdə, o cümlədən müdafiə sənayesində inkişaf edir. Mən müdafiə sənayesi sahəsində Türkiyə ilə olan əlaqələrimizi yüksək qiymətləndirirəm. Bu layihələrdən əlavə xammalın, dəstləşdiricilərin və s. Gərəkli texnologiyaların alınması məhz Türkiyənin müvafiq şirkətləri tərəfindən həyata keçirilir. Türkiyə müdafiə sənayesi katibi Murad Bayarla İDEF sərgisi çərçivəsində keçirdiyim görüşdə Azərbaycanda istehsal olunan bir sıra silahların Türkiyə Ordusunda istifadəsi məsələsini müzakirə etdik. Yəqin ki bu məsələ də qısa müddətdə öz həllini tapacaq.

- Türkiyənin Modern Piyada Tüfəngi layihəsində Azərbaycanın iştirakı mümkündürmü?

- Biz Makina və Kimya Sənayesi Qurumunda o tüfəngə baxmışıq və göstəriciləri barədə həm mənə, həm də müdafiə naziri Səfər Əbiyevə məlumat verilib. Silahın testləri keçirilsə də hələ qoşunların silahlanmasına verilməyib. Fikrimcə, bu layihə üzrə müəyyən işlər həyata keçirilməlidir. Biz öz təkliflərimizi və fikirlərimizi bildirdik. Düşünürəm ki bu tüfəng yaxşı bir silahdır.

- Azərbaycanda müdafiə sənayesində fəaliyyət göstərən özəl firmalarının yaradılması və ya dövlətə bağlı müəssisələrin səhmdar cəmiyyətlərə çevrilməsi gündəmdə varmı?

- Hazırda Azərbaycanda bizimlə birgə layihələrdə çalışan xarici özəl şirkətlər var. Müəssisələrin səhmdar cəmiyyətlərə çevrilməsi barədə fikrimiz yoxdur. Bu gün müdafiə sənayesi dövlətin nəzarətində olmalıdır. Qanunvericiliyimiz sektorda özəl şirkətlərin yaradılmasına icazə verir. Biz də fəaliyyətə başlayan özəl şirkətlərə köməklik göstərməyə hazırıq.

- Gələn il sentyabrın 17-19-da Bakıda keçirilməsi planlaşdırılan ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisindən gözləntiləriniz nədir?

- Sərgiyə hazırlıq iki ildir gedir. Artıq təşkilati işlərə başlanıb. Zənnimcə, sərgiyə 30-35 ölkədən 300-dək şirkət qatılacaq. Hazırda firmalarla danışıqlar davam edir. İDEF sərgisində biz ADEX barədə məlumatı elan etdik. Sərgi barədə broşürlər paylandı.

- Müdafiə Sənayesi Nazirliyinin cari il üçün ixracat hədəfləri nədir?

- Ötən il ümumilikdə 18 milyon dollar həcmində ixracatımız oldu. Bu il üçünsə gözləntilərimiz 40 milyon dollardan çoxdur. Düşünürəm ki, ilbəil bu sektorun ixracatında əhəmiyyətli artımlar baş verəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar