İNTELLEKTUALLAR PUTİN RUSİYASINDAN QAÇIR! – “Tozsoran kimi çəkirlər...”

“Putin, ölkəni tərk edən bank və yüksək texnologiya sektoru üzrə mütəxəssislərin sayının çoxalması ilə qarşılaşıb”

Son on illiyin böyük bir hissəsini, İqor Qladkobordov Moskvanın dinamik inkişafda olan yüksək texnologiya sahəsində yuxarıya doğru addımlayıb. O, veb-saytların yaradılmasından başlayaraq, 3,5 milyon dollar həcmli maliyyələşmə tutumu olan onlayn video- startaplardan birinin qurucusuna qədər yol keçərək, yüksəlib.

Lakin bütün bu uğurlara baxmayaraq, keçən ay o, Moskvanı tərk edərək, Kaliforniya ştatının Menlo-Park şəhərində yerləşib. Beləliklə də indiki iqtisadi tənəzzül fonunda Rusiyanı tərk edən peşəkar mütəxəssislərin cərgəsiə qoşulub. (Bloomberg)

Həyat yoldaşı və azyaşlı iki oğlu ilə birlikdə Amerikaya gəlmiş 32 yaşlı Qladkoborodov deyir: “Beş il bundan öncə vəziyyətin dəyişiləcəyinə hələ müəyyən bir ümid var idi. Amma bu gün tamamilə aydın olur ki, Rusiya uzun müddətli sistemli böhranla qarşılaşıb”. İqor əlavə edib ki, Amerikanın Silikon vadisi adlanan bölgəsində Rusiyanı tərk etmiş digər mütəxəssislərlə mütəmadi görüşür.

Rəsmi statistik məlumata görə, 2014-cü ildə Rusiyanı birdəfəlik tərk etmiş vətəndaşların sayı 52 min 234 nəfərdir. Bu isə 2013-cü ilin göstəricisindən 11% çox olmaqla yanaşı, həm də son on ilin ən yüksək göstəricisidir. Beləki, Almaniya, ABŞ və İsrail bildirir ki, son zamanlar Rusiyada mühacir vizası almaq istəyənlərin sayı durmadan artır.

TOZSORAN KİMİ ÇƏKİRLƏR

Kreml, “beyin axını” ilə əlaqədar olan narahatçılığını gizlədir. Ancaq böyük elmi ənənələrə malik olan Rusiyada, təhsilin və qabaqcıl texnologiyanın köməyi ilə zəifləyən iqtisadiyyatı divesifikasiya etmək və təbii resurslardan asılılığı azaltmağa ümid bəslənilir. İyun ayında prezident Vladimir Putin müvafiq orqanları, mütəxəssisləri mühacirət etməyə meylləndirərək “tozsoran kimi özlərinə tərəf çəkən” xarici fondlara qarşı ciddi fəaliyyət göstərməyə çağırıb. Milli televeziya ilə mart ayında çıxış edən Rusiya Elmlər Akademiyasının prezidenti Vladimir Fortov son il yarım ərzində ölkəni tərk edən mütəxəssislərin sayının kəskin artdığını bildirib.

Hazırda yüksək texnologiya üzrə mütəxəssislərlə yanaşı, maliyyə, bank və hüquq sahəsi üzrə peşəkarlar da ölkədən gedirlər.

PUTİN ALİYASI

Tel-Əvivli vəkil Elı Qerviç (Eli Gervitz) 1990-cı illərdən Rusiya yəhudilərinə İsrail vətəndaşlığı almağa kömək edir. 2014-cü ilin martında Krımın Rusiya tərəfindən ilhaqından sonra, onun göstərdiyi xidmətə olan maraq kəskin şəkildə artıb. Məsələ ilə əlaqədar olaraq, Eli Qerviç deyir: ”İsrail vətəndaşlığı almaq üçün bizə müraciət edənlərin 90%-i imkanlı və həyatda uğur qazanmış adamlardır”.

Bununla yanaşı E.Qerviç mühacirətə axışanların son dalğasını “Putin aliyası” adalandırıb. Bu söz, ivrit dilində öz tarixi vətənlərinə qayıdanlara deyilir. İsrail rəsmilərinin verdiyi məlumata əsəsən, vətəndaşlıq almaq üçün müraciət edənlərin indiki sayı 2000-ci illərin əvvələrinə nisbətən iki dəfə artıb və Rusiyadakı 2009-cu ilin iqtisadi resesiya dövrünə görə isə 30% çoxdur.

Ukrayna böhranı ilə əlaqədar Amerika və Avropa tərəfindən tətbiq olunmuş sanksiyalar hesabına çətinliklərlə üzləşən Rusiya maliyyə sektorunun bərbad vəziyyəti, xeyli sayda yüksək ixtisas sahiblərinin ölkəni tərk etməsinə səbəb olub. 32 yaşlı Vitaliy Baykin sanksiyalar siyahısına düşmüş “Qazprom” şirkətində işləməkdən imtina edərək, Nyu-Yor şəhərindəki biznes məktəblərinin birinə daxil olub. Ölkədən çıxmamışdan öncə V.Baykin jurnalistlərə deyib: “Rusiyada artıq kapital bazarı mövcud deyil və mən bu vəziyyətin yaxın illərdə necə yaxşıya doğru dəyişiləcəyini görmürəm”.

SİYASİ QAÇQINLAR

Kreml siyasi oponentlərə və müstəqil kütləvi informasiya vasitələrinə təzyiqi gücləndirdikdən sonra siyasi mühacirlərin də sayı artıb. Çexiya Respublikasına müvəqqəti işləməyə getmiş və sonradan Almaniyaya keçib, Rusiyaya qayıtmaqdan imtina etmiş moskvalı politoloq Aleksandr Morozov vəziyyəti belə şərh edib: ”Kreml tərəfindən həyata keçirilən siyasət, yüksək təhsil almış təbəqəni seçim qarşısında qoyur: ya Qərbə qarşı mübarizə bayrağının altına keçməlisən, ya da ki, ölkəni tərk etməlisən”.

Bütün bunlarla yanaşı, hazırda yüksək texnologiyalar sektoruna olan rəsmi təzyiqlər də geniş diapozona malikdir. Bu təzyiqlər - tənzimləyicilər tərəfindən veb-saytların bağlanılmasına icazə verən qanunların çıxarılması, Medvedyevin prezidentlik dövründə meydana gələn Skolkovo yüksək texnologiya mərkəzində hansısa maliyyə pozuntularının üzə çıxarılması və sairələrdir.

Bu yaxınlaradək Skolkova elmi innovasiya mərkəzində rəhbər mövqe tutmuş Maksim Kiselyovun sözlərinə görə, artıq bu elmi mərkəz “mühacirlərin inkubasiyası”na çevrilib. Skolkovodakı informasiya texnologiyası bölümünün rəhbəri İqor Boqaçov mütəxəssislərin mühacirət etmələrinə fəlsəfi cəhətdən yanaşaraq birdirir: ”Biz bazar mexanizmini dağıdıb, Sovet İttifaqı dövrünə qayıda bilmərik. Onda ölkə yığma xokkey komandasının üzvlərinin Amerika və Kanadada oynamaqlarına icazə verilmirdi”.

Qlodkoborodov üçün iqtisadiyyatın ləngliyi və rəhbərlik etdiyi şirkətin Rusiyadakı perspektivinin məhdud olması, onun ölkədən getməsi üçün əsas olub. Dövlət orqanları tərəfindən internetin sərt şəkildə tənzimlənməsi, yüksək texnologiyalar sahəsi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olanları xüsusilə narahat edir. Ukrayna böhranından sonra mühafizəkar dini qrupların aktivləşməsi nəticəsində Rusiyadakı atmosfer daha təhlükəli hal alıb.

İqor Qlodkoborodov ölkədəki vəziyyətlə bağlı deyib: ”Mən öz uşaqlarımı sürətli templə “pravoslav Talibanına” doğru irəliləyən Rusiyada tərbiyə etmək istəmirəm”.

Bu fikirləri söyləməklə o, yaxın günlərdə Moskvada keçirilən müasir incəsənət sərgisinə dini fanatiklərin vəhşi basqınını nəzərdə tutur. Qladkoborodovun sözlərinə görə, hələlik onun şirkətinin bütün əməkdaşlarını ABŞ–a dəvət etmək mümkün olmasa da, ancaq hər-halda o, ümid edir ki, tezliklə bu baş verəcək və heç kim Rusiyadan köçməyə etiraz etməyəcək.

Çevirdi: Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar