Sındırılmış düşüncə

(Əli bəy Hüseynzadənin xatirəsinə)

Mən Əli bəy Hüseynzadə adının qarşısında Azərbaycan üçün özəlləşdirilmiş bir şəxsiyyət təqdimatı görəndə izahını tapa bilmirəm. Söhbət Azərbaycanda doğulmuş və ömrünün bəlli bir hissəsini burada yaşamış, yaratmış bir mütəfəkkirdən gedir. Söhbət həm də günümüzün geniş tutumlu bilik və sənət dühalarına verilən “yeriyən ensiklopediya” tərifinə sahib ola biləcək bir aydından gedir.

Əli Bəy Hüseynzadənin razılaşmayacağı bir çərçivə olardı bu - Azərbaycanın böyük övladı olmaq! O, axı bütün çalışmaları ilə, əməli addımları ilə Türk-İslam arealında müştərək qəbul olunan az sayda bilgə adam-aydın dəyərindən biri idi. Məhəmməd Əmin Rəsulzadə bilgi və siyasi düşüncə hazırlığı baxımından öz əsrinin mütəfəkkirləri sırasına daxil olsa da, Azərbaycan siyasi davası hüdudlarına biçilmiş və ya özünü bağlamış bir dəyər olaraq qaldı. Təbrizdə də, Bakıda da, Türkiyədə də, Polşada da, Almaniyada da o vizyon olaraq Azərbaycan davasını daşıyırdı. Mirzə Cəlil də eləcə. O da çərçivəsini öz idrakından xeyli dar götürmüşdü. Dilini də, ideyasını da Azərbaycan hüdudları ilə işarələmişdi. Qısacası, onların intellektual təyinatı Azərbaycan məntəqəsi üzərinə yönəlmişdi.

Əli bəy Hüseynzadəyə Azərbaycanın böyük övladı demək, onun təyinat hüdudlarını anlamamaq deməkdir. Bu, Hüseyn Cavidə Azərbaycan şairi demək kimi bir şeydir. Cavid Azərbaycan düşüncə hüdudlarından könüllü imtina etmiş bir mütəfəkkir idi. Əli bəy Hüseynzadə heç Osmanlı hüdudlarına da girmədi, sonrakı dövrlərin Türkiyəsinin də qurucu fikir babalarından olması Türkiyə hüdudlarına da onu soxmadı. Əslində onun obrazı Türkoloji qurultayda tanınan obrazdı. O, konkret bir türk məkanının azadlığını düşünmədi, hətta düşünə də bilməzdi, Türk dünyası deyilən etnik coğrafiyanın mümkün siyasi azadlıq platformasını bir sənədə köçürüb ortaya qoymasa da, türkləri İslamı təhrif etmədən və yadlaşdırmadan müasir düşüncəyə yönəldən fikirlər istehsal etdi. Bu, bəlkə də irs olaraq elə də zəngin xəzinə sayılmazdı. Üstəgəl, ömrünün son 14 ilində İzmir sui-qəsdində sındırılmış bir ruh halıyla edamdan dönərək sükunət həyatına qovuşması, özü kimi qələminin də sındırılmış olması onun zəkasından yetərincə yararlanılmadığı görüntüsünü ortaya qoyur.

Hər dəfə Əli bəyi təsəvvürümə gətirirəm və duyğularını çözməyə çalışıram. Mirzə Cəlillə üz-üzə qoyuram. Əslində 1910-cu ildə üzü İstanbula doğru Bakını birdəfəlik tərk edəndə yolunu Tiflisdən salaraq Mirzə Cəlillə görüşü də bu üz-üzə gəlməni canlandırmaq imkanı verir. Orada “Yaxşı yazırsınız” - deyə qısa bir qiymətləndirməsi xatirələrdə yer alır. Və Mirzə Cəlilin bu bir kəlmənin belə bir şəxsiyyətdən eşitməsinə verdiyi reaksiya Əli bəyin çəkisini və miqyasını bir daha təsdiqləyəcək mahiyyətdədir. “Sizin kimi bir insan boşuna “yaxşı yazırsınız” deməz. Bunun hansı səviyyədə bir dəyərləndirmə olduğunu dərindən anlayıram” sözünü də Mirzə Cəlil intellektual comərdliklə işlədirdi.

Nədən bu görüş diqqətimi cəlb etdi? XX əsrin əvvəllərində neftlə bərabər bir intellektual fontan və kütləvi gerilik təzadı yaşayan Azərbaycanın ədəbi-ictimai havasında iki zəruri, həyati oksigen mənbəyi vardı: “Molla Nəsrəddin” oksigeni və “Həyat”-“Füyuzat” oksigeni. Birinci cinahın başında içi qanayaraq gülən nəhəng Mirzə Cəlil dururdu. İkinci cinahın başında isə ciddiliyini, sərtliyini dəyişməyən Əli bəy Hüseynzadə-Əhməd bəy Ağaoğlu dururdu.

Onların işlətdiyi dil bir-birinə qarşı idi. Ona görə də əsri xarakterizə edən tədqiqatçılar “Molla Nəsrəddin” dili ilə “Füyuzat” dili deyilən bir arakəsmə qoymuşdular. Onların hədəf aldığı kəsimlər fərqli idi. Onların hüdudların genişliyinə görə vizyonları fərqli idi, ancaq bir qısa görüşdə, bir qısa ifadə paylaşımı ilə iki düşüncə adamı anlaşa bildilər və bir-birini dəyərləndirdilər.

İkisi də Türkmənçaydan sonrakı dövrün cahilliyini qorumaq üçün ağlını qurban vermiş Azərbaycan adlanan Rusiya və İran tabeliyində olan coğrafiyada məzlum obrazından zövq alaraq ömür sürən bir hədəfsiz kütlə ilə münasibətləri çözməyə qərar vermişdi. “Molla Nəsrəddin”lə “Füyuzat”ın timsalında Azərbaycanda iki fərqli düşüncə sistemi üz-üzəydi. Birincidə kütləni döyərək, söyərək dəyişdirməkdən, adam etməkdən yola çıxılır. Novruzəliyə poçt məmurunun yumruğu dəyməlidir, bir az da həbsdə yatmalıdır ki, dəyişsin. Məhəmmədhəsən əminin eşşəyi itməlidir ki, içindəki məsum eşşəklik də itsin. Əli bəy isə qlobal düşünən insanı axtarır, bu sayın çoxalması və kütlənin ağıllı yönləndirilməsi ilə düşüncələrin dəyişəcəyinə ümid edir. Bu günün baxış bucağından yanaşsaq, Əli bəy haqlıdı - sanballı, uzaqgörən siyasi, aydın, sənət, elm elitası dünyadakı başlara başını qoşacaq səviyyəyə çatmayınca, amorf bir xalq kütləsi ilə faydalı bir şeylər edilə bilməz.

Bu gün Mirzə Cəlilin yamanladığı, adam etmək istədiyi Novruzəli orta təhsil alıb, diplom sahibidir, bəlkə də bir universitetin rektorudur, ancaq düşüncə kodu, genetik quruluşu, qısacası, səmimiyyətindən başqa hər şeyi Novruzəli olaraq qalıb. Bu gün Məhəmmədhəsən əmi altı-yeddi dəfə Həccə gedə bilmiş, Həzrət Abbasa özü məktub yaza bilən, hətta ingiliscə də danışa bilən bir iş adamı, bir dövlət məmurudur. Mirzə Cəlilin personajları cild olaraq dəyişsələr də, cahillik olaraq, yanlış mühakimə daşıyıcısı olaraq dəyişməyən yüz minlərlə Vətən övladıdır. Bu yol kütləni dəyişməz, düşünən insanların cəmiyyətdə lazımi bir saya, imkan sahibinə, siyasi elitada aparıcı gücə çevrilməsi baş vermədən bir millətin faydalı bir yaşama, rifaha qovuşması mümkün olmur, az sayda düşünən insanların belə kütlənin mexaniki vərdişlə düzüldüyü yola qoşulmaqdan başqa çarəsi qalmır.

Əli bəy bu düşüncələrlə Bakını tərk edirdi. Və o, intuitiv olaraq hiss edirdi ki, haçansa Novruzəlinin əlifba öyrənərək önə çıxacağı bir cəmiyyətdə Mirzə Cəlil hamamda bilet satmaqla dolanacaqdı…

Əli bəy Hüseynzadə də, Əhməd bəy Ağaoğlu da qlobal düşünən insanlardı və Azərbaycan kimi dar məkandan uzaqlaşmağı, daha geniş bir arealın fikir istehsalçılarına çevrilməyi düşünürdülər. Azərbaycanda, Rusiyada da, Türkiyədə də İslam əxlaqına dayanan Türk millətinin ortaq hədəflərini müəyyən etməyə çalışırdılar. Taleyin hökmünə baxın ki, Türkiyə Cümhuriyyəti qurulandan sonra bütün bu qlobalistlər sıxılaraq, pərçimlənərək ulusalçılara çevrilirdilər. Sərhədləri cızılmamış bu şəxsiyyətlər üçün artıq yeni bir sərhəd vardı - Türkiyə Cümhuriyyətinin sərhədləri. Əhməd bəy Ağaoğlu da bu dar tunelin içindəydi, Əli bəy Hüseynzadə də…

Atatürkün hərbi dühası inanılmazı bacardı, bütün Qərbin basqılarını geri çevirərək, böyük itkilər bahasına da olsa, Türkiyə üçün mümkün torpaqları əldə saxlaya bildi. Cümhuriyyətin ilk dövrlərində dövlətin çağdaş və milli idarəçilik modelinin tapılması üçün aktual olan intellektuallar ön cərgədə idi: Ziya Gökalp, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Mehmet Akif və daha kimlər, kimlər... Türkiyə Cümhuriyyəti Atatürk inqilabları sürəcinə girdikdə, artıq intellektual mühakiməni əsgər mühakiməsi tam əvəz etdi. Monoton “Bir-iki, sol!”, “İnqilab uğrunda irəli!” kimi dəyişməz və kompromissiz bir dövlət siyasəti ortaya çıxanda bunun ilk qurbanlarının içində Əli bəy Hüseynzadə də vardı. Bakıda 1926-cı ilin may ayında Türkoloji qurultaydan dönən kimi, avqust ayında İstiqlal məhkəməsi qarşısındaydı. Sevdiyi, dəyər verdiyi Atatürkə qarşı indi sui-qəsd etməkdə ittiham olunurdu. Bu həmin dövrdür ki, böyük hərbi düha Atatürkün hərbçi çevrəsi kimin dost, kimin düşmən olduğunu artıq bu böyük liderə də təlqin edə bilmişdi. Artıq Cümhuriyyətin ilk illərində intellektual kimlikləri xüsusi olaraq önə çıxaran, onları dinləyən və qoruyan bu böyük dövlət adamı məhz Əli bəyin həbs olunması ilə bu prosesə tam yekun vurdu. İslamçı, türkçü, osmanlıçı, liberal, sosialist - fərq etməz, harada sözün geniş mənasında bir intellektual kimlik vardısa, onlar bu və ya digər formalarda gözdən salınaraq siyasətdən, ictimai həyatdan uzaqlaşdırılırdı və yalnız bir intellektual kimlik forması legitimlik qazandı - Atatürkçü kimlik! Məhkəmədə, sadəcə, məzlum və səmimi davranışına görə Atatürkün rəhmi ilə azad olunan bu böyük mütəfəkkir əslində o andan etibarən dünyasını dəyişir. Çünki 1940-cı ilə qədər yaşayan tamamilə başqa bir Əli bəydi. Yazmaqdan, danışmaqdan çəkinən, öz səviyyəsinə görə bir sanballı əsər ortaya qoymayan, sadəcə, həyatını problemsiz keçirmək üçün Atatürkə uşaq ədəbiyyatında rast gəldiyimiz heyranlıqla dolu şeirlər yazan bir qoca ziyalı idi. Şair, rəssam, musiqişünas, filosof, qəzetçi, münəccim, professor, doktor, tərcüməçi deyə ön tanıtımları adı qarşısında daşıyan nəhəng şəxsiyyət Əli bəy beləcə ölmüşdü: oturaraq.

Mən onu hər zaman niyəsə düşünməyi yasaqlanmış ahıl bir adam kimi xatırlayıram. Onda Mehmet Akif mübarizliyi yoxdur, Əhməd bəy Ağaoğlu diplomatiyası çatmır, ancaq bu “yeriyən ensiklopediya” bir aura olaraq Türk aləminin bütün aydınlıq zolağında hətta oksigensiz qalan varlığı ilə dünən də, bu gün də duyulur, anılır...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar