İlyas İsmayılov qanunları pozan deputatlarla bağlı daha bir addım atdı – Spikerə müraciət

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov bu gün Milli Məclisin sədri Oqtay Əsədova məktubla müraciət edərək deputat statusu ilə bir araya sığmayan vəzifəni tutmaqda və ya fəaliyyəti həyata keçirməkdə davam edən şəxslərin deputat mandatından məhrum edilməsi üçün müvafiq addımlar atmağı xahiş edib.

Partiyanın mətbuat xidmətindən bir nüsxəsi AzPolitika.info-ya daxil olan müraciətdə deputat qeyd edib ki, konstitusiyanın 85-ci maddəsi icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin deputat seçilməsini yasaqlayır:

“Konstitusiyanın bu imperativ tələbi əsas qanunumuzun 7-ci maddəsinin III hissəsində təsbit olunan hakimiyyətlərin bölünməsi prinsipindən doğur. Əgər deputat daimi əsaslarla hər hansı bir dövlət qulluğu və ya dövlət qulluğu sayılmayan digər dövlət funksiyasını yerinə yetirərsə, müvafiq dövlət orqanları ierarxiyasında özündən yuxarılara tabe olur ki, bu da deputatın fəaliyyətinə təsir etmək ehtimallarını gücləndirir. Deməli, Konstitusiya tələb edir ki, deputat əsas diqqətini məhz parlament fəaliyyətinə yönəltməli, deputat fəaliyyəti də bütün mandat müddətində onun yeganə fəaliyyət növü olmalıdır. Bu həm də deputatların öz funksiyalarını sərbəst, qərəzsiz həyata keçirmələrinin şərtidir. Konstitusiya yalnız elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinin deputat mandatı ilə birlikdə həyata keçirilməsini mümkün hesab edir.

Bu gün Milli Məclisdə bəzi deputatlar icra sistemində və başqa yerlərdə ödənişli fəaliyyətlə məşğul olurlar. Bunlar universitet rektorları, səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərdir. Konstitusiyanın 89-cu maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatdan məhrum edilir.

Qanun pozuntularının aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdim. Konstitusiya Məhkəməsi Palatasının 10 yanvar 2014-cü il qərardadı ilə mənə bildirildi ki, bu müraciətə baxmaq mexanizmi yoxdur, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ başqa subyektlərlə yanaşı Milli Məclisə aiddir.

Düşünürəm ki, hüquqi dövlətin mahiyyət əlamətləri olan qanunun aliliyi və hakimiyyətin bölünməsi prinsiplərinin qəsdən və nümayişkarcasına pozulmasına heç bir vəchlə göz yummaq olmaz.

Bütün bunları diqqətinizə çatdırmaqla Sizdən xahiş edirəm:

Qanunvericilik hakimiyyəti orqanının rəhbəri kimi, Milli Məclis üzvləri tərəfindən Konstitusiyanın və Seçki Məcəlləsinin tələblərinin kobud pozulması hallarının aradan qaldırılması üçün səlahiyyətlərinizdən istifadə edərək deputat statusu ilə bir araya sığmayan vəzifəni tutmaqda və ya fəaliyyəti həyata keçirməkdə davam edən şəxslərin deputat mandatından məhrum edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edəsiniz, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 85 və 89-cu maddələrinin şərh olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verilməsi barədə məsələni Milli Məclisin müzakirəsinə çıxarasınız.”

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar