Qərb Azərbaycandan nə istəyir?!

Eldar SABİROĞLU

Azərbaycana qarşı yönələn xarici təhdidlərin belə kəskin sürət gotürməsinin cavabını tapmaq ücün dağa-daşa düşməyə ehtiyac yoxdur. Məsələ cox sadədir, çünki her şey üzdədir. Söhbət neftdən gedir. Qara qızıldan! Bu milli sərvət ölkəmizin inkişafına güclü zəmin yaratmaqla yanaşı, problemlərsiz də ötuşmədi. İlk vaxtlar sürətlə Azərbaycana yaxınlaşan “strateji” tərəfdaşlar sonradan yavaş-yavaş öz mövqelərini dəyişməyə başladı. Səbəb nədi?! Azərbaycan bütün mənalarda yeni və uğurlu tərəqqi yoluna qədəm qoyurdu. Qafqazlarda xüsusi siyasi və iqtisadi mərkəzə çevrilən Azərbaycanın bu sıçrayışlı inkişafinı zəiflətmək, onu asılı vəziyyətə salmaq ücün gizli, açıq planlar hazırlanıb işə salındı. Bu, reallıqdır.

Biz səmimiyyət axtarırdıq, halbuki diplomatiyada səmimiyyətə inanmaq ozünü aldatmaq kimi bir şeydir: yenicə müstəqilliyini qazanmış ölkəmiz üçün Qərbə inteqrasiya siyasətinin önə çıxarılmasına baxmayaraq, Azərbaycan hədəfdən yayınmadı.

Burada bir haşiyə çıxmaq istərdim. Əsrin kontraktına gedərkən ulu öndər Heydər Əliyev olduqca çətin bir şəraitdə bu müqavilənin Qərbə doğru istiqamətləndirilməsinin səbəblərini tərəfdaş ölkələrin rəhbər nümayəndə heyətləri ilə görüşlərində, forumlarda dəfələrlə izah edərək, əməkdaşlıqda ardıcıllığın və səmimiyyətin qorunub saxlanılmasına strateji münasibətlərdəki əsas dayaq kimi dəyər verirdi. Heydər Əliyev Avropanı çox yaxşı tanıyırdı...

Xüsusilə Rusiyanın maraqları keçılməz qaya kimi qarşımızda dayananda, H.Əliyevin müdrikliyi, qətiyyəti və uzaqgörənliyi sayəsində bu səddi aşa bildik və gözlənilən qorxulu təhlükələri önləməyi bacardıq. Yeri gəlmişkən, böyük şairimiz Xaqanidən olduqca ibrətamiz bir kəlamı xatırlamaya bilmirəm. Çünki bu müdrik kəlam Heydər Əliyevin həyatını, şəxsiyyətini və yenilməzliyini özündə tam ehtiva edir. Xəqani yazır: "Heç vaxt ümidsizliyə qapılmayan adam üçün dünyada qeyri-mümkün iş yoxdur.”

İstər neft kontraktlarının bağlanması, istər digər qlobal iqtisadi layihələrin Qərbə yönləndirilməsi, istərsə də Qərbin mühüm rol aldığı beynəlxalq təsisatlara inteqrasiya müxtəlif güc mərkəzlərini ciddi narahat edirdi. O üzdən Avropa bütün bunları soyuqqanlıqla qarşılayır və Azərbaycanın etibarını, inamını lazımi səviyyədə dəyərləndirmirdi. O doymaq bilmirdi. Təsadüfi deyil ki, bu gün onun yeni tələbləri, qəbul edilməsi mümkünsüz iddiaları bir-birini əvəz edir. Digər tərəfdən, bir müsəlman ölkəsi olaraq, Prezident İlham Əliyevin Azərbaycanda müstəqil və milli siyasət yürütməsi də Avropanı, təbii ki, daha ağır təzyiqlər axtarışına yuvarlayır.

Bir sözlə, dünya üzərində hökmranlığını təmin etməyə can atan Avropa üçün səmimi tərəfdaşlıq və əməkdaşlıq elə də böyük önəm daşımır. İfadəm sərt olsa da, görüntülər bunu diktə edir. Bu mənada müsəlman ölkələrinə təqib və təzyiqlər Qərbi hər saat, hər an düşündürür. Baxın, harda enerji resursları varsa, orada Qərbin hücumu daha intensiv xarakter daşıyır. Son alacaqlarını əldə edənə qədər həmin coğrafiya bu güc mərkəzinin basqısı altında saxlanılır.

Gəlin açıq danışaq, fikrimizi insanlara çətin dildə yox, onların başa düşdüyü dildə, adi üslubda çatdıraq. Ancaq çox heyflər olsun ki, ölkəmizdəki bəzi siyasi texnoloqlar, ayrı-ayrı partiya və vətəndaş cəmiyyəti institutları daha çox öz şəxsi maraqlarının girdabına yuvarlanır, Avropanın və Qərbin bəzi dairələrinin ölkəmizə yönəlik təhdidlərinə nəinki göz yumur, hətta insanları həqiqəti əks etdirməyən “dəlil” və “subut”larla təlimatlandırırlar. Bu məmləkət hamımızındır. Son mənzilimiz bu torpaqda olacaq, Avropanın hansısa ölkəsində yox! Bir qədər çevik düşünməli, bəzi məsələlərə aydınlıq gətirməliyik. Nədən bu gün təkcə müsəlman ölkələri “qan dənizi”ndə çabalayır? Nədən azsaylı firavan müsəlman ölkələrini də bu “dənzində” batırmaq üçün yeni planlar hazırlanır!? Bəlkə gözəl yaşayış, tərəqqi, xoş-xürrəm həyat tərzi yalnız Avropanın və Qərbin alnına yazılıb?!. Bax dünyanın bütün müsəlmanları Avropadan və Qərbdən bu suala cavab istəməlidir. Soruşmalıdır ki, bu cür irqi, dini ayrıseçkilik salmaqla dünyanı niyə təlatüm içində silkələyirsiniz?

Tam əminliklə deyə bilərəm ki, İŞİD də qərbin xarici kəşfiyyat mərkəzlərinin araya-ərsəyə gətirdiyi dəhsət saçan layihədir. Bütün müasir texniki imkanlara malik belə bir böyük silahlı birləşmənin təsadüfi, nəzarətsiz və yardımsız formalaşması tamamilə absurddur. İndi bu qorxunc hərbi layihə yaxın Şərqdə hər gün körpə-yaşlı demədən baş kəsir. İnsan hüquq və azadlıqları bu cürmü qorunur?!. Bu, artıq dəfələrlə sınanılmış təcrübədir, odur ki, bu gün kimlərisə aldatmaq o qədər də asan deyil. Avropa və Qərb on illərdir öz əli ilə müsəlmanı özünün qatilinə çevirir. Burada digər bir sual da meydana çıxır: Avropa və Qərb üçün müsəlman dünyasında "qayda-qanun" yaratmaq, əgər döğrudan da, bu qədər əhəmiyyət daşıyırsa, nədən bu "xeyirxahlıq" Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələrdə müşahidə olunmur. Yaxud bu ölkələrdə hüquq və azadlıqların, demokratiyanın, mükəmməl dünyəvi seçki sisteminin bərqarar olunmasına səy göstərilmir! Sübuta ehtiyac yoxdur. Ən azı ona görə ki, bu ölkələr ABŞ-ın birbaşa diqtəsi altındadır. Düyməni bir dəfə sıxmaq yetər. Əhsən, yaşasın Avropanın "ədaləti, demokratiyası, insan hüquq və azadlıqlarına bağlılığı!!!"

Burada məqsəd son dərəcə təhlükəli xarakter daşıyır. Müsəlman ölkələrinin tərəqqisi və insan resurslarının artımı Avropanı qorxuya salan faktorlardan ən başlıcasıdır. Ona görə də bu dinin daşıyıcılarını bir-birlnə savaşa cəlb etməklə mütərəqqi İslamın yeriyən gücünü tükətməyə səy göstərirlər.

Təcrübə göz önündədir. İslam ölkələrində əvvəlcə demokratiya, insan hüquq və azadlıqlarının “axtarış”ına çıxan Qərb və Avropa sonradan həmin coğrafıyanı müharibələr yolu ilə od-alova bürüyüb, öz istəyinə nail olmuşdur. Bunu Liviyanın, İraqın, Suriyanın, bir qədər də Türkiyənin timsalında aydın görmək olar. Nə vaxtsa müdriklərdən birinin “muharibə siyasətin başqa vasitələrlə həyata keçirilməsidir” kəlamı burada yerinə düşür.

ABŞ və onun Avropadakı müttəfiqləri əvvəlcə İraqda, guya ki, kimyəvi silahların olduğunu bəhanə gətirərək, həmin ölkəyə qarşı hərbi əməliyyatlara başladı. Məlum oldu ki, İraq heç bir kimyəvi, yaxud nüvə silahına malik deyilmiş. Beləliklə, müharibə nəticəsində İraq 3 yerə parçalandı. Daha sonra eyni ssenari Suriyaya qarşı tətbiq edildi. Elə həmin müttəfiqlər diktator Əsəd rejiminin ixtiyarında kimyəvi silahın olduğu barədə yalan informasiyalar yayaraq, öz hərəkətlərinə haqq qazandırıb hücuma keçdilər. Artıq 4 illik müharibə nəticəsində Suriya da bir neçə yerə parçalanmışdır. Hazırda Əsəd rejiminin yalnız paytaxt uğrunda vuruşmağa imkanı qalıb. Sonda isə məlum oldu ki, kimyəvi silah Suriya rejiminə qarşı baş qaldıran silahlı müxalifətin "cibindədir".

Artıq bu ssenarilər Türkiyə üzərində də sınaqdan keçirilməyə başlanmışdır. Bir sıra Qərb dairələrinin yuxusunu ərşə çəkən güclü Turkiyə dövlətini sarsıtmaq, onu çöxşaxəli təhdidlərlə qarşı-qarşıya qoymaq, parçalamaq planı, demək olar ki, günbəgün sürət götürür. Bu şaxələr hansılardır? Qısaca olaraq, onlardan ancaq dördünü sadalamaq istərdim:

1. Avropanın beynəlxalq strukturlarının ara vermədən Türkiyəyə qarşı siyasi təhdidləri;

2. Daxildə siyasi-iqtisadi, sosial böhranın yaradılması;

3. PKK və İŞİD terrorunun Türkiyənin coğrafi ərazilərində dərin kök salması;

4. Onu Suriya ilə müharibəyə cəlb etmək.

Ayrı-ayrılıqda bu dörd planın hər biri Türkiyə üçün ciddi təhlikə sayıla bilər. Lakin daha qorxulusu odur ki, bu planlar biri digərindən təcrid olunmuş şəkildə deyil, bütövlükdə və eyni vaxtda işə salınıbdır. Başlıca narahatlıq doğuran problem, bax, bundan ibarətdir.

Türkiyənin ayaqda qalması bizim üçün çox vacibdir. Bu mənada, Azərbaycanın dövlət rəhbərliyinin qardaş Türkiyəni bütün siyasi məqamlarda dəstəkləməsi beynalxalq təşkilatların, erməni lobbisinin təsiri altında olan bəzi xarici dairələrin diqqətini çəkir. Azərbaycana qarşı sərt münasibətlərin bir səbəbini də burada axtarmaq lazımdır.

Beləliklə, Azərbaycanın son illərdə əldə etdiyi uğurları həzm edə bilməyən xarici qüvvələrin və onlara daxildən dəstək verən bəzi qurumların məkrli niyyəti ortadadır. Avropanın regionda Azərbaycanı hədəf seçməsi böyük suallar doğurur. Bu sualların istisnasız bir cavabı vardır: Azərbaycanın müstəqil siyasət yürütməsi, dövlət başçısının ölkə maraqlarını güzəştə getməməsi köhnə qitənin yeni niyyətlərilə üst-üstə düşmür. Bu mənada Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnamə də bu niyyətin davamıdır. İnsan hüquqları, demokratiya və vətəndaş cəmiyyətlərinin dönməz müdafiəçisi kimi özünü gözə soxan Avropanın arxa planda nəyi gizlətdiyini hiss etməmək mümkün deyil. Zatən onlar öz niyyətlərini heç gizlətmirlər də. Müstəqil dövlətimizə qarşı hədələr, müdaxilələr ard-arda gəlməkdədir. Artıq səylərin birləşdirilməsi barədə bəyanat və açıqlamaları da eşitməkdəyik...

Bu yaxınlarda Vaşinqtonda səfərdə olan Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, qatı antiazərbaycan mövqeyi ilə tanınan Stavros Lambrinidis barmağını silkələyə-silkələyə “söhbət insan hüquqlarından gedərkən Avropa İttifaqı və ABŞ əl-ələ verməlidir” çağırışı ilə ABŞ-ı diplomatik səyləri birləşdirməyə səsləmişdir. Avropa Parlamentinin məlum qətnaməsini müdafiə edən Lambrinidis bunula həm də onu demək istəyir ki, Azərbaycan israrlı olarsa, ehtiyat üçün daha ağır plan və vasitələrin işə salınması lazım gələcəkdir. Bu, bəlkə bizə Yaxın Şərqin yolunu göstərir? Ümumiyyətlə, Qərbin idrakında “başa düşməyən”i sonda zor gücünə anlatmaq təcrübəsi yeni deyil. Tarixin mənzərəsində bunun çox qədim nümunələri görünür. Yəni, eyni fırça, eyni rəng. İllərdir bu qanlı tablonun eskizləri dəyişmir ki dəyişmir.

Təxminən yarım ay bundan qabaq telekanallardan birinə baxırdım. İnsan hüquqlarının "carçısı" Lambrinidisin vətəni Yunanıstan paytaxtı Afinada 6-7 polis bir günahsız vətəndaşı yerə yıxıb sözün əsl mənasında tapdalayırdı. Adamı ölüsüncə döydükdən sonra hadisə yerindən soyuqqanlılıqla aralandılar. Demək istədiyim odur ki, öz burnunun ucunu görməyən, bununla belə özündən xeyli uzaqlara çamur atan Lambrinidis nəinki Yunanıstanda, Avropanın digər ölkələrində də bu acınacaqlı səhnələrə az rast gəlmir, ancaq nədənsə adıçəkilən bu “ədalət mücəssəməsi” susur.

Odur ki, bizim yalnız bir yolumuz var. O da dövlətimizdən möhkəm yapışmaq və kənar qüvvələrin bütün təzyiqlərinə qarşı eyni səngərdə mövqe tutmaqdır. Ən əsası, milyonlarla dinc insanı “hüquq və azadlıqlar” adı altında qanına qəltan edən məkrli qüvvələrin hiyləsinə uymaq olmaz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar