NAXÇIVAN: “İNKİŞAFIN” DOTASİYALI MODELİ – Muxtar Respublikanın yerli gəlirləri hara gedir?

Naxçıvanın inkişafı hər il Bakıdan göndərilən 100 milyonlarla manata adekvatdırmı?

Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasının (NMR) 80% mərkəzi büdcədən dotasiya ilə formalaşan büdcəsini, demək olar ki, kəsməyib. Halbuki 2016-cı ilin dövlət büdcəsinin gəlirləri 19,1% azaldılıb.

Dövlət büdcəsi layihəsinə əsasən, gələn il mərkəzi büdcədən Naxçıvana dotasiyalar 282,4 mln manat olacaq. Bu, onun gəlirlərinin 80,4%-dir. Dotasiya cəmi 15,3 mln manat və ya 5,2% azaldılıb.

2016-cı ildə NMR-in dövlət büdcəsinin gəlirləri və xərcləri 351,4 mln manat proqnozlaşdırılıb. Bunun 69 mln manatının daxili potensial hesabına formalaşması nəzərdə tutulub.

“İqtisadi Təşəbbüslərə Yardım” İB-nin sədr müavini Rövşən Ağayev Turan-a bildirib ki, NMR-in mərkəzdən dotasiya asılılığı analiz edilməlidir. «2014-cü ildə Bakıda məhsul istehsalı Naxçıvan üzrə göstəricidən cəmi 20% çox olub. Amma Naxçıvanda adambaşına vergi yığımı Bakıdakından 4 dəfə azdır”.

İqtisadçının fikrincə, bu halda iki varianta baxılmalıdır: ya NMR iqtisadiyyatının real göstəriciləri şişirdilir, ya da muxtariyyatda kölgə iqtisadiyyatı yüksək səviyyədədir və vergi potensialından tam istifadə olunmur.

Maraqlıdır ki, mərkəzi büdcədən hər il 250-300 milyon manat vəsait alınsa da, NMR-nin dövlət büdcəsində investisiya ehtiyacları üçün 35 milyon manat nəzərdə tutulur. Daha 10 milyon manatı muxtariyyatın Nazirlər Kabineti ehtiyat fondu kimi alır. Ekspertlər hesab edir ki, NMR büdcəsinin bu iki xərclər bəndini 2016-cı ildə kəsmək olardı.

Ümumiyyətlə, Naxçıvan MR-in son illərdəki büdcə göstəricilərinin təhlili bir-sıra maraqlı fakları ortaya çıxarır.

Hökumət Naxçıvana xəsislik etmir: hər il 250-300 milyon ayırır

Birincisi, müqayisəli təhlil göstərir ki, hökumət mərkəzi büdcədən Naxçıvana digər regionlara nisbətən, xeyli miqdarda artıq vəsait ayırır. Əlbəttə, Naxçıvan Muxtar Respublika olduğundan, onun ali hakimiyyətini, Nazirlər Kabinetini, mərkəzi dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını saxlamağa, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əlavə xərclər tələb olunur. Ancaq bu, ayrılan vəsaitin elə də böyük hissəsini təşkil etmir. Belə ki, MR-in büdcə zərfinin analizi göstərir ki, qeyd olunan istiqamətlərdə xərclərin illik həcmi 40 milyon manatı keçmir.

Halbuki, Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin xərcləri 366 milyon 700 min manat müəyyən edilib. Bunun da 297 milyon 700 min manatı mərkəzi dövlət büdcəsindən ayrılıb. Bu rəqəmlər, müvfiq olaraq, 2014-cü ildə 350 milyon 500 min (283 milyon 700 min manatı mərkəzi büdcədən), 2013-cü ildə 332 milyon 700 min (277 milyon 700 mini mərkəzi dövlət büdcəsindən ) manat olub.

Ümumiyyətlə, son 7-8 ilin statistikası göstərir ki, hər il dövlət büdcəsindən Naxçıvana 250 - 300 milyon manat vəsait ayrılıb. Bunun da maksimum 30-40 milyonu, yuxarıda qeyd etdiyimiz kimi, Muxtar Respublikanın mərkəzi hakimiyyət orqanlarının saxlanmasına sərf olunub.

Qalan vəsait isə, digər regionlarda hansı istiqamətlərə sərf olunubsa, Naxçıvanda da elə o istiqamətlərdə xərclənib.

Ancaq Naxçıvana, digər regionlara nisbətən, xeyli dərəcədə artıq vəsait ayrılıb. Bir neçə istiqamətdə müqayisənin aparılması bunu açıq şəkildə ortaya çıxarır.

Gəncə büdcədən Naxçıvandan 11 dəfə, Lənkəran 20 dəfə az pay alır

Əvvala, belə təxmin edək ki, vəsait əhalinin sayına görə ayrılır. 2014-cü ilin rəsmi statistikasına görə Naxçıvan əhalisinin sayı 435 min nəfər olub. Yuxarıda qeyd etdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə hər il xərcləmək üçün 350-370 milyon manat verilir. Bundan Muxtar Respublikanın mərkəzi hakimiyyətinin saxlanmasına xərclənən (hansı ki, digər regionlarda belə xərc yoxdur- red. ) 30-40 milyonu çıxsaq, yerdə qalır, təxminən 320 milyon manat.

İki şəhər üzərində müqayisə aparaq.

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə əhalisinin sayı hazırda təxmini 340 min nəfərdir. Yəni Naxçıvan MR-in RƏSMİ əhalisinin 3/4–ü qədər.

Ölkənin böyük şəhərlərindən olan Lənkəran əhalisinin sayı isə son statistikaya görə 205 min nəfərdir. Yəni, Naçıvan MR-in RƏSMİ əhalisinin yarısı qədər.

Əgər vəsait əhalinin sayına görə ayrılsa idi, məntiqlə bu şəhərlərə də adekvat olaraq, Naxçıvan MR-ə ayrılan (mərkəzi hakimiyyətin saxlanmasına xərclənən vəsaiti çıxdıqdan sonra) vəsaitin 3/4–ü və yarısı qədər pul ayrılmalı idi. Ancaq 2015-ci ilin büdcəsinə görə, Gəncənin bütün xərclərinə cəmi 65 milyon ayrılıb ki (Naçıvan MR-in xərclərindən 5 dəfə az), bunun da cəmi 25 milyona yaxını mərkəzi büdcədən ödənilib. Bu da Naxçıvan MR–ə mərkəzi büdcədən ayrılan vəsaitdən, təxminən 11 DƏFƏ AZDIR.

Əhalisi Naxçıvan MR–in RƏSMİ əhalisinin təxminən yarısı qədər olan Lənkəranın isə bütün xərcləri üçün 37, 6 milyon vəsait ayrılıb ki, bunun da 20 milyondan bir qədər artığı mərkəzi büdcədən ödənilib. Müqayisəni özünüz aparın. Büdcədən ayrılan vəsaitdə fərq 20 dəfədir.

Onu da nəzəə alsaq ki, Naxçıvan MR-in RƏSMİ əhalisinin, təxminən yarısı Muxtar Respublika ərazisində qeydiyyatda olsa da, kənarda yaşayır, onda ortadakı fərqin nə qədər böyük olduğu ortaya çıxar.

Naxçıvanın rayonları büdcəni, digər bölgələrin rayonları “daxili mənbələri”...

Əlbəttə, deyə bilərsiz ki, MR-in tərkibində 7 rayon, 1 şəhər var, buna görə vəsait ayrılır. Bu halda da hər inzibati əraziyə 40-45 milyon vəsait düşür ki, bu da respublikanın daha böyük rayonlarına ayrılan vəsaitlərdən ən azı 2 dəfə çoxdur. Hətta, Naxçıvan MR-in ən böyük rayonu olan Şərurdan (rəsmi statistikaya görə 111 min nəfər) böyük olan Bərdəyə (əhalisinin sayı 143 min nəfər) və Qubaya (əhalisinin sayı 161 min nəfər) belə xərclər ücün MR-in tərkibindəki rayonlardan xeyli az - cəmi 30 milyon nəzərdə tutulub. Bunun da birində cəmi 15, digərində 20 milyonu mərkəzi büdcədən ayrılıb.

Əksər rayonlara isə mərkəzi büdcədən 10-15, bəzilərinə isə 3-7 milyon vəsait ayrılıb. Sumqayıt (xərcləri 75 milyon), Mingəçevir (xərcləri 32, 5 milyon), Şirvan (xərcləri 16,8 milyon), Naftalan şəhərləri (xərcləri 4 milyon), İmişli (xərcləri 20,8 milyon) və Abşeron (xərcləri 36 milyon) rayonları isə dövlət büdcəsindən, ümumiyyətlə dotasiya almayıb, özləri öz xərclərini ödəyiblər.

Qeyd olunan faktlar mərkəzi dövlət büdcəsindən Naxçıvana digər bölgələrlə müqayisədə dəfələrlə artıq vəsait ayrıldığını göstərir. Bu reallıq isə son illər Naxçıvanda həyata keçirilən abadlıq-quruculuq işlərinin MR-in rəhbərliyinin adı ilə bağlanması cəhdlərini təkzib edir.  Hətta əksinə, Naxçıvanda görülən işlərin MR-ə ayrılan vəsaitin çox-çox altında qaldığını söyləməyə əsas verir. Hər halda hər il Naxçıvanla müqayisdə dəfələrlə, hətta 10 dəfələrlə az vəsait ayrılan bir çox şəhər və rayonlarımızda da oxşar abadlıq-quruculuq işləri həyata keçirilib. Ancaq bu rayon və şəhərlər mərkəzi büdcədən Naxçıvan kimi 100 milyonlar almayıblar. Hətta bəziləri bütün bu işləri “daxili mənbələr” hesabına reallaşdırıblar.

Naxçıvana hər il 100 milyonlar ayrılmasına baxmayaraq, ölkənin digər şəhər və rayonları ilə müqayisədə ciddi bir fərqin olmamasının səbəbini isə, bir çox ekspertlər korrupsiya, xərclərin təyinatından yayındırılması və sair bu kimi səbəblərlə bağlayırlar. Daha dəqiqini, əlbəttə, MR-in rəhbərliyi bilir.

Son 10 ildə Naxçıvanın mərkəzi büdcədən asılılığı azaldılmayıb: 80-85 faiz

İkincisi, Naxçıvanın son illərdəki büdcə göstəricilərinin təhlili MR-də sosial-iqtisadi inkişafla bağlı deyilənlərin reallıqdan uzaq olduğunu ortaya çıxarır. 5502 kv.km əraziyə, qədim təsərrüfatçılıq ənənələrinə, ucuz işçi qüvvəsinə malik, sərhəddə yerləşdiyindən asan şəkildə xarici bazarlara çıxmaq imkanı olan Naxçıvanın iqtisadiyyatı nəinki öz ayaqları üstündə durmağa qadirdi, hətta heç mərkəzi icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının xərclərini ödəyəcək qədər gəlirlər əldə edə bilmir. Cari xərcləri ödəyə bilməkdən isə söhbət belə gedə bilməz.

Acınacaqlı haldır ki, son 10 ildə hər il büdcədən 100 milyonlarla dotasiya alan Naxçıvanın mərkəzi büdcədən asılılığını azaltmaq istiqamətində, demək olar ki, heç bir iş görülməyib. Hər halda ötən 10 il ərzində Naxçıvan MR-in büdcə gəlirlərinin 80-85 faizi mərkəzi büdcədən verilən dotasiyalar hesabına formalaşıb. Gələn ilin büdcə proqnozlarında da Naxçıvanın büdcə gəlirlərinin 80,4%-nin dotasiya hesabına formalaşması nəzərdə tutulub. Yəni, dəyişən bir şey yoxdur.

Müqayisə üçün qeyd edək ki, ölkənin bir çox şəhər və rayonlarının mərkəzi büdcədən asılılığı 50 faizin altındadır. Məsələn, bu il Şəkinin ümumi xərcləri üçün 38,7 milyon ayrılıb ki, bunun 21,2 milyonu yerli gəlirlər hesabına ödəniləcək. Və yaxud son illər böyük işlər görülən Qəbələdə ümumi xərclərə 20,7 milyon ayrılıb ki, bunun 13 milyonunu yerli gəlirlər hesabına ödəmək nəzərdə tutulub. Eləcədə, sürətlə abadlaşdırılan Gəncədə ümumu xərclərin (65 milyon) böyük hissəsi (41 milyonu) yerli gəlirlər hesabına ödənilir. Bu siyahını artırmaq da olar.

Yuxarıda qeyd etdiyimiz kimi, bəzi iri şəhərlər və rayonlar ümumiyyətlə mərkəzi büdcədən dotasiya almağı dayandırıblar. Bu müqayisəni gördükdən sonra, bizcə Naxçıvandakı inkişafdan və quruculuqdan danışanlar fikirlərini bir daha nəzərdən keçirməlidirlər.

Naxçıvanda rəqəmlər şişirdilir, yoxsa 100 milyonlar yoxa çıxır?

Üçüncüsü və ən əsası, Naxçıvanın büdcə göstəricilərinin təhlili Muxtar Respublikada ya Ümumi Daxili Məhsulun artımı ilə bağlı rəqəmlərin həddən artıq şişirdildiyini, ya da "kölgə iqtisadiyyatı"nın xüsusilə geniş vüsət aldığını söyləməyə əsas verir. Diqqət edək:

Naxçıvan MR-in rəsmi statistikasına görə, 2014-cü ildə Muxtar Respublikada 2 milyard 391 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,3 faiz çoxdur.

2006-cı illə müqayisədə isə (405 657 min manatlıq məhsul.-müəl.) Naxçıvanda ümumi daxili məhsulun həcmi təxminən 2 milyard manat artıb. Yəni, rəsmi statistikaya görə, 6 dəfəyə yaxın yüksəlib. Sözümüz yoxdur.

Yenə rəsmi statistikaya görə, 2014-cü ildə Muxtar Respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87,2 faiz təşkil edib. "2014-cü ildə Muxtar Respublikada 22 hüquqi və 2796 fiziki şəxs qeydiyyata alınmışdır. Yerli istehsal sahələrinin inkişafı nəticəsində 2014-cü ildə Muxtar Respublikada 352 növdə məhsul istehsal olunmuşdur. Bu məhsulların 117 növü ərzaq, 235 növü qeyri-ərzaq məhsullarıdır. 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə 336 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir”, deyə rəsmi məlumatda bildirilir (bax:

Hər halda belə bir potensial olduğu halda, 2006-cı illə müqayisədə Naxçıvanın yerli gəlirləri cəmi-cümlətanı 56 milyon artıb ki (13 milyon manatdan 69 milyona yüksəlb), bunda da özəl sektorun böyük payından söhbət gedə bilməz.

Məsələ ondadır ki, Naxçıvan MR-in 2006-cı illə 2015-ci il büdcə zərfinin müqayisəsi göstərir ki, özəl sektordan daxilolmalar cüzi olub.

Konkret faktlara keçək:

Hüquqi şəxslərin bu il üçün proqnozlaşdırılan mənfəət (gəlir) vergisi 2006-cı illə müqayisədə cəmi 1 milyon manat artıb: 540 min manatdan 1,5 milyona manata yüksəlib.

Hüquqi şəxslərin əmlak vergisi azalıb: 400 min manatan 350 min manata düşüb.

Hüquqi şəxslərin torpaq vergisi dəyişməz qalıb: 150 min manat.

Büdcədə sadələşdirilmiş verginin də payı 1 milyon manatdan az artıb: 660 min manatdan 1,5 milyon manata yüksəlib.

2006-cı idən 2015-ci ilə qədər olan dövrdə yerli gəlirlərdəki 56 milyonluq artımın böyük hissəsini – 50 milyonunu fiziki şəxslərin gəlir vergisi, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, bir də əlavə dəyər vergisi təşkil edib.

Belə ki, fiziki şəxslərin gəlir vergisi təxminən 12 milyon (2,5 milyondan 14, 8 milyona), büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 2 milyon artib.

Əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar isə təxminən 36 milyon (5,1 milyondan 41,2 milyona) yüksəlib.

Göründüyü kimi, 10 il ərzində Naxçıvan MR-in büdcə gəlirlərindəki 56 milyon manatlıq artımın əsas hissəsini ƏDV təşkil edib.

ƏDV-nin yüksəlməsinə təsir edən əsas amillərdən biri isə məhz mərkəzi büdcədən tikintiyə ayrılan vəsaitin artmasıdır. 2006-cı illə müqayisədə 2011- 2015-ci illlərdə büdcədən bu sahəyə ayrılan pul 5 dəfə artaraq 7 milyon manatdan 35 milyon manata qaldırılıb. Bundan əlavə nəqliyyat və rabitə xidmətinə mərkəzi büdcədən ayrılan vəsaitin 10 dəfəyə yaxın artırılması ƏDV-nin yüksəlməsinə səbəb olub.

Bu və digər faktlar Naxçıvan MR-in onsuz da kiçik olan yerli büdcə gəlirlərinin tərkibində özəl sektorun, xüsusilə də hüquqi şəxs yaratmaqla sahibkarlıqla məşğul olanların, iri müəssisə və təsərrüfat sahiblərinin payının simvolik məbləğdə olduğunu söyləməyə əsas verir.

Halbuki, Naxçıvan MR-in rəsmi statistikası bunun tam əksini göstərir. Faktlara müraciət edək:

Rəsmi statistikaya görə, 2014-сü ildə Muxtar Respublikada 891 milyon 486 min manat həcmində sənaye məhsulu istehsal olunub. Bu da bir il öncəki müvafiq göstəricini 2,5 faiz üstələyir.

Sənaye məhsulu istehsalının 95,6 faizi malların, 4,4 faizi isə xidmətlərin payına düşüb. Dövlət sektorunda 65 milyon 536 min manatlıq, qeyri-dövlət sektorunda isə 825 milyon 950 min manatlıq sənaye məhsulu istehsal edilib. Yəni, istehsal olunan məhsulun 92,6 faizi özəl sektorun payına düşüb.

2005-ci ildə isə MR-də sənaye istehsalının ümumi həcmi 41 milyon 207 min manat olub. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun çəkisi 66,6 faiz olub. Yəni, özəl sektor 32, 46 milyon manatlıq məhsul istehsal edib.

Bu o deməkdir ki, Naxçıvan MR-də 2005-ci illə müqayisədə 2014-cü ildə ümumilikdə 850 milyon manat artıq - təxminən 21 dəfə cox sənaye məhsulu istehsal olunub. Özəl sektorda isə bu artım 25 dəfə təşkil edib.

Ancaq, cox qəribədir ki, belə əhəmiyyətli artımın qarşısında nədənsə hüquqi şəxslərin gəlir vergisi cəmi 1 milyon artıb. Həm də bu artımdan sonra belə simvolik bir rəqəm alınıb - 1,5 milyon manat.

Daha qəribəsi isə odur ki, rəsmi statistika hər il çoxlu sayda hüquqi şəxslərin, yeni müəəssisələrin yarandığını elan etsə də, onların əmlak vergisi azalıb - 400 min manatan 350 min manata düşüb. Hüquqi şəxslərin torpaq vergisi dəyişməz qalıb: 150 min manat....

Belə çıxır ki, özəl sektorda istehsal dəfələrlə artsa da, onların gəlirləri artmaq əvəzinə, aşağı düşüb.

Yəni özəl sektorun istehsal etdiyi məhsulların ən az 90 faizi heç bir qazanc götürmədən, maya dəyərindən də aşağı qiymətə satılır.

İkinci variant odur ki, qazanc var, sadəcə istehsal olunan məhsulun qazancının böyük qismi gizlədilir. Əlbəttə, rəsmi hesabatdan. Daha açıq desək, özəl sektorun vergisinin bir qismi qeyri- rəsmi yığılır, bir qismi də bəlli şəxslərə aid olduğundan heç yığılmır.

Və nəticə...

Nəticəsi də odur ki, Naxçıvan MR-in yerli gəlirləri onun cari xərclərini belə ödəmək imkanında olmur. Xərclərin 80 faizi mərkəzi büdcədən alınır. Sonra da deyirlər Naxçıvan sürətlə inkişaf edir. Yəqin, nə vaxtsa buna iqtisadiyyatda “inkişafın dotasiyalı modeli" adı veriləcək.

Əlbəttə, heç şübhəsiz biriləri deyəcək ki, Bakıdakı məmurlar yollara, fasadlara milyardlar tökdüyü, enerji itkisi və sair adlarla 100 milyonlar silindiyi halda, Naxçıvandakıların 300 milyon xərcləməsini çoxmu görürsüz?! Əsla, heç bir etirazımız yoxdu.

Sadəcə son dövrlər hər kəs Naxçıvandakı inkişafı nümunə göstərdiyindən, Muxtar Respublikanın hələ də mərkəzi büdcədən 80-85 faiz dotasiya alması bizə qəribə gəldi. Bilmək istədik ki, BU BOYDA İNKİŞAF getdiyi halda, Naxçıvan niyə hələ də mərkəzi büdcənin hesabına dolanır, yerli gəlirləri hara gedir!

Mövzunu davam etdirəcəyik.

İ. İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar