HACI İBRAHİM QAÇMAYACAĞINI DEYİR, AMMA... - İş adamının şirkətlərə də 100 milyonlarla borcu varmış

Haci Ibrahim

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl “Avesta Konserni”nin prezidenti, FANTASTİK “Xəzər adaları” layihəsinin müəllifi Hacı İbrahim Nehrəmli ilə Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Cian Cunlə ilkin olaraq 3 milyard dollarlıq müqavilə imzalandığı bəyan edilmişdi. Guya Çinin adıçəkilən şirkəti “Xəzər adaları” layihəsinin bir adasına 3 milyard dollar dəyərində vəsait yatıracaq, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşdıracaq.

Hələ bu müqavilə imzalanarkən "AzPolitika.info" İbrahim Nehrəmlinin “Xəzər adaları” layihəsi ilə bağlı indiyədək söylədiklərinin heç 1 faizinin belə reallaşmadığını əsas götürərək, bu xəbərin də doğru olduğunu şübhə altına almış, hətta mümkün olmadığını bildirmişdi. Bununla bağlı elə müqavilə imzalanan gün saytımızda

Bu müqavilədən xeyli müddət keçdikdən sonra isə bugünlərdə bir çox media orqanları yenidən bu məsələni gündəmə gətirərək, Hacı İbrahimin qaçmağa hazırlaşdığını xəbər veriblər. Onun çinli iş adamı ilə müqaviləni də məhz ölkədən çıxışına qoyulan qadağanı götürmək üçün imzaladığı bildirilib.

haci-ibrahim-nehremli

İbrahim Nehrəmli isə bu xəbərlərə dərhal reaksiya verərək, məsələ ilə bağlı Modern.az saytına deyib ki, bunların hamısı yalandır: “Mən bir çox mətbuat orqanlarını özümə yaxın buraxmıram, açıqlama vermirəm. Ona görə də ağıllarına gələni yazırlar. Bunu yazmaqla məni şantaj etdiklərini düşünürlər. Mən bunların heç birinə fikir vermirəm”.

Hacı İbrahim “Doğrudanmı Azərbaycandan getmək fikriniz var” sualını “qətiyyən ola bilməz” deyə cavablandırıb: “Malik olduğum hər şey Azərbaycandadır. Məgər adam bu qədər əmlakını qoyub xaricə gedərmi? Mənim xaricdə nəyim var ki?!”.

Ancaq İbrahim Nehrəmlinin bu sözlərinin də həqiqəti əks etdirdiyinə inanmaq çətindir. Məsələ ondadır ki, cənab Nehrəmlinin ölkədəki əmlakının dəyərindən qat-qat böyük həcmdə banklara və şirkətlərə borcu var. Onun banklara olan borcları haqda cox yazılıb. Hətta bu üzdən iş adamı bir neçə gün “Bandotdel”in zirzəmisində də yatmalı olub. Sonradan məhz borclarını qısa müddətdə ödəmək şərti ilə azad edilib. İbrahim Nehrəmli isə ötən müddətdə bu borcdan cəmi 20 milyon qaytara bilib ki, onun 12 milyonunu Türkiyədəki 3 villasını satmaqla əldə edib. Yəni, ortada olan faktlar İ. Nehrəmlinin Azərbaycanda malik olduğu hər şeyin banklara olan borcunun az hissəsini belə ödəmədiyini söyləməyə əsas verir. Üstəlik Beynəlxalq Banka və digər banklara olan 600 milyon manata yaxın borcunun üstünə hər ay 40-50 milyon manat faiz gəldiyini də nəzərə alsaq, Nehrəmlinin ölkədən çıxmaq üçün yollar aramasının səbəbini başa düşmək çətin olmaz.

Ancaq yayılan yeni məlumatlardan belə məlum olur ki, iş adamının ölkədən qaçmağın yollarını aramasının səbəbi təkcə banklara olan borcu deyil. Belə ki, son dövrlər işçilərinin əmək haqqı tələbindən bezən Nehrəmlinin borclu olduğu şirkətlərin də pul tələbi ilə də üzləşdiyi bildirilir. “Avesta Konserni” MMC-nin əməkdaşlarından birinin verdiyi məlumata görə, İbrahim İbrahimovun "Holcim Azərbaycan" ASC və "“Akkord Sement”ə olan borcu 400 milyon manata yaxındır. Həmin şirkətlər də artıq İbrahim Nehrəmlidən borcunu tələb edir.

Bundan əlavə onun “Aliye Technolgy”, “Baku Roofing Company”, “Sobsan”, “Shell”, “Osmanlı Makina”, “Azcam Balkon” kimi onlarla şirkətə və çoxsaylı fiziki şəxslərədə külli miqdarda borcunun olduğu bildirilir. İbrahim İbrahimovun Almaniyanın “Wurth” şirkətinə olan borcu isə artıq məhkəmə araşdırması mövzusudur. Məlumata görə, bu məsələ Almaniyanın ölkəmizdəki səfirliyinin də diqqət mərkəzindədir.

Bu qədər borcu olan, qaytarmaq imkanları isə görünməyən İbrahim Nehrəmlinin Azərbaycandan çıxmaq barədə düşünməsini, əlbəttə, başa düşmək olar. Nəzərə alsaq ki, onun Londonda və Dubayda böyük biznesinin olduğuna, ailə üzvlərinin bir çoxunun İngiltərədə yaşadığına dair məlumatlar var, İbrahim Nehrəmlinin ilk fürsətdə ölkəni tərk edəcəyinə şübhə yoxdur. Ancaq ona belə fürsət veriləcəkmi?

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar