Məhəbbətin T-90 şifrəsi

Rüfət Əhmədzadə

(“Seçilənlər” silsiləsindən 5-ci yazı)

ABŞ prezidenti Barak Obamanın İrana ünvanladığı tutarlı bir cümlə var: “Əlbəttə, “Amerikaya ölüm” deməklə, yeni iş yerləri açılmayacaq, iqtisadiyyat inkişaf etməyəcək”... Ardını gətirməyə ehtiyac yoxdur. Bu cümləni ancaq İrana aid etmək dayazlıq olardı.

Son ayların, yaxın günlərin Azərbaycanı üçün də bu sözlər keçərlidir. Azərbaycan qəzəblidir, daha doğrusu, ölümlə həyat arasında çırpınan xəstənin vəziyyətində - aqoniyadadır. Azərbaycan bütün bəlalarında günahkar axtarır. Aradabir hansısa məmur “günah keçisi” kimi “Olimp tanrıları”na qurban verilir... Amma yenə də heç nə dəyişmir. “Lomka”sı tutarkən çırpınan narkoman 1 qram mal tapandan sonra necə uyub sakitləşirsə, cəmiyyət də öz həyatına eləcə davam edir.

Əgər neft ucuzlaşıbsa və büdcəmiz boşalıbsa, bunda Qərb günahkardır. Çünki uzun illər bizi həvəsləndirib, şirnikləndirib və iqtisadiyyatımızı inkişaf etdirməyə imkan verməyib. Qoymayıb ki, neft kapitalını nətər lazımdır insan kapitalına çevirək. Amma gərək qoyaydı...

Ölkəmiz 99 faiz qazlaşdırılmışdı... Hamımızın ümumxalq şəklində qazlaşdırılmasına bircə faiz qalmışdı ki, ona da mənfur erməni lobbisinin əlində oyuncaq olan siyasətçilər, xüsusən də Avropa parlamentariləri imkan vermədilər. Qoca arvaddan tutmuş yeniyetmə oğlanlara qədər neçə-necə agentləri ifşa etmişik, xarici qüvvələrin əlini günü-gündən çiçəklənən ölkəmizdən kəsmişik. Hələ çox mütərəqqi islahatlar edəsi idik. Masonlar qoymadı da... Gözləri götürmədi.

Azərbaycanın bəzi iriçaplı, xırdabeyinli siyasiləri inadla Azərbaycanı 1990-cı illərdən tutduğu Qərbə inteqrasiya yolundan uzaqlaşdırmağa çalışırlar. Qərbin layihəsi yaxşıdır, tövsiyəsi pisdir.

Həftənin tək günləri Avropanı söyürük, cüt günləri Amerikanı. Bazar günü tək gün, yəni, 7-ci gün olsa da, adətən bu günlər istirahət edir, səhər saatlarında yeni söyüşlər, axşam saatlarında yeni təriflər əzbərləyirik.

Axşamlar və gecələr adətən “şair vaxtı” hesab olunur. Vəsf üçün çox uyğundur...

Bəzi rusiyapərəst məmurların xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxan jurnalistlərimiz də hər gün bir analitik yazı ilə bizi sevindirir, Qərbin bütün mənfur niyyətlərini, təcavüzkar planlarını ifşa edirlər.

Müdir deyir belə yaz, ailənə çörək aparmaq üçün yazırsan. Bunu anlayışla başa düşmək olar, kiminsə xətrinə dəyməmək üçün hansı mövzuda, hansısa məsələdə “səthi” keçirsən.

Amma bizim möhtəşəm qələm xadimlərimiz iş vaxtı ilə yetinmir, işdən sonra da, şəxsi profillərində trolluq edirlər.

Rəhmətlik atamın bir sözü var idi: “Oğlum, gördün vicdanla danışa bilmirsən, çalış vicdanla susasan”.

Yəni, özünü kiməsə xoş göstərmək üçün hansısa qələm dostunun cibinə narkotik atılmasına, həbsdə yatmasına toy-bayram etməyəsən..

Obamanın sözü ilə başladım yazımı, elə Obamanın sözləri ilə də - Afrika İttifaqının son sammitindəki çıxışından – bitirirəm:

“ ... Və bəzən liderlərin “mən bu milləti birlikdə tutan yeganə adamam” dediyini eşidəcəksiniz. Əgər bu doğrudursa, deməli həmin lider millət quruculuğunda uğursuzluğa uğrayıb”.

Yazının başlığına gəldikdə isə... Qəti məhəl qoymayın. İstəsəniz də, qoya bilməzsiniz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar