Dəməşqlə Donbass arasındakı manevrlər - Putin nəyə nail olmaq istəyir? (TƏHLİL)

Parisda keçirilən “Normandiya dördlüyü” formatında Ukrayna ilə bağlı danışıqların nəticələri və avropalı liderlərin açıqlamaları diqqəti çəkdi. Fransa, Ukrayna prezidentləri və Almaniya kanslerinin tələbinə qarşılıq olaraq, Putin Luqansk separatçılarının oktyabrın 18-nə planlaşdırılan seçkilərinin ləğvi ilə bağlı “danışıqlar” aparmağa söz verdi.

Fransua Olland və Angela Merkel bu seçkilərin baş tutmamasını, ümumiyyətlə, seçkilərin Ukrayna qanunvericiliyi şəraitində keçirilməsini tələb edib.

Olland vurğulayıb ki, Moskvanın İŞİD-lə mübarizəyə qoşulması o demək deyil ki, “biz Ukrayna ilə bağlı mövqeyimizi” dəyişməliyik.

Rusiya da bu danışıqlarda "sülhpərvər" rolundan çıxmayıb. Bir neçə gün əvvəl razılaşdırılmış ağır silahları geri çəkmək, atəşkəsi qorumaq barədə razılıqlar da artıq özünü göstərir. Son iki gündə Donbass cəbhəsində sükut hökm sürür və Luqansk separatçıları da bu gün tankları geri çəkməyə başlayıb. Rusiya sanki bütün diqqətini Suriyaya verib.

Donbass yerinə Dəməşq?

Belə görünə bilər, lakin mahiyyət etibarilə, Ukraynanın qabartmağa və gündəmdə saxlamağa çalışdığı Donbass problemini unutdurmaq, “sabitliyin bərpası”nı təmin etmək lazım idi.

Putin gündəmə Suriya məsələsini gətirməklə, Donbass böhranını “dondurulmuş münaqişə”yə çevirməyə çalışır. Belə ki, pis alınmır.

Avropa Rusiyanın gedişlərini anlayır, lakin bəzi məqamlara görə sakit qarşılayır.

Bu bəzi məqamlar isə Avropanın özünün də qaçqın böhranından sıxılması və problemin “nə yolla olursa olsun” həll edilməsini istəməsindən doğulur. Digər tərəfdən, “Qərb üçün Suriya Ukraynadan daha vacibdir” deyə düşünmək də yalnışdır. Sadəcə Avropa öz qapısındakı münaqişəni dondurur və Ukraynanın daha yaxşı hazırlanması, güclənməsi, eləcə də NATO qüvvələrinin mövqelərini bərkitməsi üçün zaman istəyir.

Rusiya və Avropanın maraqları ilk baxışdan kəsişir. Lakin Avropa İttifaqı Ukrayna üçün onun yerinə döyüşməyəcək, ona görə də, cəbhədə iqtisadi baxımdan “silahlanma”nı üstün sayır.

Həmçinin Rusiyaya “verilən şans” onun özü üçün də uğursuz nəticələnə bilər və Qərb dövlətləri hələlik “kozır” toplamaqla məşğuldurlar.

Minsk razılaşması işləyəcəkmi?

Almaniya kansleri Merkel də bildirib ki, Minsk sazişinin 100 faiz yerinə yetirilməsini gözləmir. Lakin ağır silahların geri çəkilməsi və atəşkəs rejiminin az-çox qorunması Berlini razı salır.

Avropa Donbassda seçkiləri də istisna etmir.

Kiyevin xüsusi status haqqında qanunu var və bu qanun əsasında Donbassda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilə bilər.

Luqansk separatçıları “müharibənin başa çatdığını” bildiriblər. Lakin bu açıqlama mətbuatın diqqətindən bir qədər qaçmış oldu, geniş müzakirələr aparılmadı. Müharibə necə başa çatıb və bu nə dərəcədə realdır?

Suriyada silahlı kürdlərin nəzarət etdiyi bölgələr muxtariyyət formatında idarə olunur. Donbassda da elə bir vəziyyət yaranmaq üzrədir və “Normandiya dördlüyü” formatı da məhz “separatçıların hüquqları”nı təmin etmək əsasında aparılır.

Ukraynanın şərqində rus və rusiyapərəst ünsürlərin az olmadığı bir faktdır və belə bir zəmin, sosial baza olmasaydı, Rusiya qısa müddətdə o cür “böyük kampaniya” apara bilməzdi.

Digər tərəfdən, həm Kiyevin, həm də Aİ-nin Şərqi Ukraynadakı “Novorossiya” amilini qəbul etməsi, zamanla müharibəyə son verib muxtar bölgələr statusuna keçidi tanıması Rusiyanı qane edir. Əlbəttə ki, bu prosesin uğurla başa çatması Moskvanın planlarına uyğun deyil.

Avropa liderləri və rəsmi Kiyev əsas olaraq bölgənin silahsızlaşdırılmasının tərəfindədir. Buna isə Rusiya asanlıqla razı olmayacaq.

Əslində Donbassda vəziyyət gərgin olaraq qalır. Üzü qışa getdikcə, Rusiya ilə anlaşmaq arzusu bütün gərginliyi “unutmağa” məcbur edir.

Dondurulmuş münaqişə və Krımın ilhaqının gündəmdən çıxması

Krımın işğalı və qısa müddətdə “müstəqil” olub sonra Rusiya Federasiyasına qoşulması dünya tərəfindən heç də təmkinlə qarşılanmayıb. Sadəcə böyük itkilərə və hərbi toqquşmalara səbəb olan Donbass hadisələri hazırda daha qabaran problem kimi gündəmə çıxıb.

Donbass münaqişəsini tamamilə dondurmaq, ya da dinc şəraitdə xüsusi statuslu bölgələr şərti ilə razılaşmaq Rusiya üçün uzunmüddətli mənfəət gətirmir. Cəbhə xəttində gərginliyi azaldıb-artırmaq imkanı hazırda Moskvanın əlindədir və vaxtaşırı bundan istifadə edəcək. Əgər bu məsələdə Qərbə çox güzəştə getsə, Rusiya növbəti “raund”da Krımla bağlı da “baş ağrısı” çəkəcək.

Ona görə də, Suriyadakı əməliyyatlarla paralel, Şərqi Ukraynada da vaxtaşırı “kiçik gərginliklərin yaşanması istisna deyil.

Və Minsk müqaviləsi heç də Olland dediyi kimi dekabrın 31-də tam yerinə yetirilə bilməyəcək.

Digər tərəfdən Ukrayna Ali Radası işğal olunmuş ərazilərdə yerli seçkiləri istisna edir.

Çox güman ki, 2016-cı ilin yazına qədər heç bir seçki olmayacaq. Ya da, bu proses səthi təşkil olunacaq və bir narazılıqla hər şey yenidən başlayacaq.

Rusiya dilə gətirmədən, amma bütün sülhpərvər görüşləri ilə bir neçə aylıq zaman istəyir. Növbəti ilin yazına qədər...

Daha doğrusu, Suriyada lazımi nəticələr əldə olunana kimi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar