“BƏS TOPLADIĞIM RÜŞVƏTİ YAP-da KİMİNLƏ BÖLMÜŞƏM?...” – Eldar Sabiroğludan Siyavuş Novruzova

“Necə olub ki, külli miqdarda bu pulları mən tək “yemişəm”?!”

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, tanınmış YAP-çı Eldar Sabiroğlunun YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzovla bağlı Baş Prokuror Zakir Qaralova müraciətinə cavab verilib.

Xatırladaq ki, S.Novruzov KİV-lərdə dərc etdirdiyi məqaləsində E.Sabiroğluna qarşı ciddi ittihamlar irəli sürüb, hətta onun MN-də işlədiyi vaxt düşmənə məlumatlar ötürə biləcəyini də iddia edib. E.Sabiroğlu bununla bağlı Baş prokuror Zakir Qaralova müraciət edərək, ittihamın araşdırımasını xahiş edib.

Lakin məlumdur ki, Azərbaycan Konstitusiyası deputatlata toxunulmazlıq hüququ verir. Belə olduğu halda E.Sabiroğlu nəyə əsaslanaraq deputatdan Baş prokurora şikayət edib?

Şikayətçi deyir ki, indiki halda qanun S.Novruzova toxunulmazlıq hüququ vermir: “Siz tamamilə doğru buyurursunuz, amma mən kiçik bir şərh verməliyəm. Bəli, deputat toxunulmazdır, şəxsin razılığı olmadan onu hər hansı dövlət orqanına dəvət edib, dindirə və ya məsuliyyətə cəlb edə bilməzlər. Qanun buna sədd çəkir. Ancaq Konstitusiyamız belə məsələlərdə başqa bir hüquq verir. Deputat yalnız parlament trubunasından səsləndirdiyi fikirlərinə görə məsuliyyət daşımır. Parlamentdən kənar səsləndirdiyi fikirlərinə görə, qanun deputatı məsuliyyətdən azad etmir. Mən buna əsaslanaraq, hörmətli baş prokurorumuz Zakir Qaralova müraciət edərək, məsələnin araşdırılmasını ondan xahiş etmişəm. 4 gün əvvəl Baş Prokurorluqdan ünvanıma cavab gəlib. Mən ədalətli araşdırmanın aparılacağına ümid edirəm. Ən azı ona görə ki, ölkəmizdə qanunun üstünlüyünə və Baş prokuror Zakir Qaralovun ədalətinə inanıram.

Yəqin ki, dövlət tərəzisinin və mühakiməsinin haqqın kimin tərəfində olduğunu müəyyənləşdirəcəyi an, hansısa təsirlər rol oynaya bilməyəcək.

Məni əsasən nəyin düşündürdüyü məlumdur. Deputat və onun "qibləgahından" soruşacağam ki, düşmənə informasiya ötürürdümsə, bu 7-8 ildə nəyə görə aidiyyatı dövlət orqanları bunun üstünü açmayıb. Yaxud sizlər nədən vaxtında bu haqda dövlət orqanlarına məlumat verməmisiniz. Bu suallarla müraciət edəcəyəm.

Yaxşı, bunları da qoyduq bir kənara. Bəs bizim əks-kəşfiyyatımız, digər mühüm strukturlarımız bu illər ərzində “dövlətə xəyanətimin” üstünü açaraq məni nə üçün ifşa etməyiblər?”

E.Sabiroğlu S.Novruzovun ittiham-məqaləsində başqa bir düşündürücü məqamın da olduğunu deyir.

“O, hansı yüksək ağılın sahibi olduğunu başqa bir ittihamda da ortaya qoyub. Böyük redaksiya heyətinin və məsləhətçilərin hazırladığı, hüquq doktorunun isə ağına-bozuna baxmadan altına imza atdığı biabırçı məqaləsində yazılır ki, guya zamanında mən “Səs” qəzeti vasitəsilə rüşvət toplamış, partiyanın qərargahını rüşvət yuvasına çevirmişəm. Bəs necə olub ki, külli miqdarda bu pulları mən tək “yemişəm”?! Deyə bilərmi ki, o pullardan mən lazımi yerlərə nə qədər verib, bu işi sakitliklə davam etdirə bilmişəm? Həmin vaxt bu adam partiyanın qərargahında çalışırdı. Yəqin o, hər şeyi təfərrüatı ilə bilər..."

E.Sabiroğlu PA rəhbəri Ramiz Mehdiyevlə bağlı tənqidlərinin birmənalı qarşılanmamasını təbii qarşıladığını bildirib: 

"Qaldı ki, Ramiz Mehdiyevlə bağlı açıqlamalarıma, əlbəttə ki, mən bunların birmənalı qarşılanmamasını təbii qəbul edirəm. Lakin mən olanı söyləyirəm, münasibətimdə qərəz yoxdur. Yəqin ki, seçkilər qurtardıqdan sonra söz verdiyim iki məqaləni çap etdirəcəyəm. Məni dəhşətə gətirən budur ki, cəmiyyətdə bir Ramiz Mehdiyev xofu var. Hamı ondan qorxur. Mən bunu başa düşə bilmirəm. Bir dəfə demişəm, təkrar edirəm ki, hakimiyyətdə yalnız birinci şəxsdən qorxmaq və ehtiram göstərmək olar...”

E.Sabiroğlu deyir ki, açıqlamalarına görə hər hansı təzyiqlə üzləşməyib. Lakin hüquqlarını müdafiə etmək üçün dövlətin köməyinə ehtiyac duyur. “Məni çox ağır cinayətdə ittiham edib. Görəsən bunu başa düşür, yoxsa yox? Əgər bunu ondan soruşmayacaqlarsa, daha mənim sözüm yoxdur. Qoy atını çapsın. Böyük Heydər Əliyevin - dünya miqyaslı bir şəxsiyyətin və bu şəxsiyyətin siyasətini çox parlaq şəkildə həyata keçirən İlham Əliyevin rəhbəri olduğu bir partiyanın simvoluna Siyavuşun çevrilməsini qəbul edə bilmirəm. Heç cəmiyyət də qəbul edə bilmir...”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar