Rəqibindən İqbal Ağazadəyə şok ittihamlar - “Əlimdə şəkilləri var...”

Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə seçki rəqibi, “Ümid” partiyasının sədri İqbal Ağazadədən 35 saylı Xətai Üçüncü Dairə Seçki Komissiyasına şikayət ərizəsi yazıb.

Dairədən AzNews.az-a daxil olan məlumata görə, şikayət ərizəsində İ.Ağazadənin seçki qanunvericiliyini pozması qeyd olunub və onun namizədliyinin ləğv edilməsi istənilib.

A.Əlizadə xəbəri AzNews.az-a təsdiqləyib. Bildirib ki, rəqibi təşviqat kampaniyasına rəsmi start verilməmiş, fəaliyyətə başlayıb və seçiciləri müxtəlif yollarla ələ almağa çalışır: “Təbliğat kampaniyası oktyabrın 9-dan başlayır. İqbal Ağazadə isə oktyabrın 1-dən hər yerdə asfalt çəkdirir, yelləncəklər düzəltdirir və s. Bu isə seçki qanunvericiliyinə ziddir, həm də maddiyyatla seçiciləri ələ almaqdır. Əvvəla, seçki kampaniyası dövründə nəyisə xərcləyirsənsə hesabına pul köçürülməlidir. Sonra oradan pulu götürüb xərcləyə bilərsən. İndiki halda isə asfalt çəkmək, yelləncək düzətdirmək qadağandır”.

A.Əlizadə qeyd edib ki, onun nümayəndələrinin əlində İ.Ağazadənin seçki qanunvericiliyini pozmasını sübut edən şəkillər var: “Mənim nümayəndələrim hadisə yerindən fotolar çəkib. İqbal Ağazadənin qardaşının həmin rayonda “Asfalt-beton” zavodu var. 35 saylı əraziyə məxsus yerlərdə aparılan asfaltlaşma işləri, yəni maşın və fəhlələr həmin zavoda məxsusdur. Bu artıq qohumların seçkiyə müdaxiləsidir və bank hesabından kənar pul xərcləməkdir. Deyə bilərlər ki, şəxsi zavodudur. Amma elə deyil. Şəxsi zavodundan da nəsə çıxaranda mühasibatdan keçirilməli və ondan da vergi ödəməlidir. İqbal Ağazadə seçki kampaniyasının şərtlərini pozur”.

Partiya sədrinin sözlərinə görə, bu məsələ ilə bağlı Dairə Seçki Komissiyasından sonra Mərkəzi Seçki Komissiyasına, oradan isə məhkəməyə müraciət edəcək: “Sona kimi gedəcəyəm. İnsan bir dairədən 3 dəfə millət vəkili seçilirsə, o, artıq bütün seçicilərinin sevimlisinə çevrilməlidir ki, 5 ildən bir asfalt çəkməsin, yelləncək düzəltməsin. Asfaltlar daima çəkilməlidir. Bu zaman qardaşının maddiyyatından istifadə etmək lazım deyil. Millət vəkili nail olmalıdır ki, yerlərdə bələdiyyə işləsin. Əgər o özü bu işləri görürsə o zaman bələdiyyə seçkilərində iştirak etsin”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə Modern.az-a açıqlamasında bunları deyib: "Heç nədən narahat deyiləm. Mənə qarşı seçicim kampaniya aparmasın, qalan kim aparır, aparsın. Ona elə xoşdur. O da bundan zövq alır, qoy alsın”.

“Parlament seçkilərində Araz Əlizadə sizə rəqib ola bilərmi?” sualına Ümid Partiyasının sədri İqbal Ağazadə belə cavab verib: “Araz Əlizadə İqbal Ağazadəyə rəqib ola bilməz. Rəqib ola bilmədiyinə görə də belə şər-böhtan işlərlə  məşğuldur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar