Təhsil sahəsindəki rüşvətin kökünü necə kəsmək olar? 

Məlahət Mürşüdlü: “İki yol var”

Təhsil sahəsindəki rüşvətxorluq və neqativ hallar hər kəsə məlumdur. Müəllimlər günündə, 8 martda müəllimlərin şagirdlərdən pul yığması, şagirdlə müəllim arasındakı pul söhbəti təbii ki, şagirdləri təhsildən soyudur, onları gələcəkdə rüşvətə meylli etməklə yanaşı, bu yolla bütün problemləri həll etməyin mümkünlüyü fikrini aşılayır.

Rüşvət ali məktəblərdə də hökm sürür. Ali təhsil müəssisələrinin bir çoxunda yaranan vəziyyət tələbələrin rüşvətsiz oxumasını mümkünsüz edir. Onların əksəriyyəti təhsil müəssisəsindən çox, biznes məkanını xatırladır. Bəs, təhsil sahəsindəki rüşvətin kökünü kəsməyin bir yolu varmı?

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü təhsil sahəsindəki rüşvətin qarşısını iki yolla almağın mümkün olduğunu bildirdi: “Müəllimlə şagird arasındakı pul dialoqu şagirdin körpə yaşından əxlaqi mənəvi keyfiyyətlərinin öldürülməsi, uşağın rüşvətə alışdırılması deməkdir. Təcrübə göstərir ki, müvafiq qanunlarla bunun qarşısını almaq qeyri-mümkündür. Ancaq iki yol var. Birincisi, valideynlərin dirəniş göstərməsidir. Müəllim pul istəyəndə verməməli, ictimai qınaq, kampaniya olmalıdır. Valideynlər müəllim pul istəyən kimi aparıb verir, sonra da başlayır şikayət etməyə. İkinci yolu isə müəllimlərin əmək haqlarının artırılmasıdır. Müəllim normal məvacib almalıdır ki, valideynin əlinə baxmasın. 130-150 manatla ailə saxlamaq mümkünsüzdür. Düşünürəm ki, müəllimlər çox zaman ehtiyac ucbatından bu addımı atırlar. Burada bir sual yaranır ki, niyə özəl məktəblərdə çalışanlar rüşvət almır? Çünki onlar ayda 700 manat maaş alır və rüşvətə ehtiyacları olmur. İş yerlərini itirməmək üçün də bu cür neqativ yollara əl atmır. Ancaq digər orta məktəblərdə bu belə deyil”.

M.Mürşüdlü müəllimlərin peşə bayramında könüllülük prinsipi ilə hədiyyə qəbul etmək haqqının olduğunu dedi:“Müəllimlərin peşə bayramı var. Düşünürəm ki, bu peşə bayramında müəllimin haqqıdır ki, hansısa şagirdindən və ya ailədən hədiyyə alsın. Ancaq bu, könüllülük əsasında olmalıdır. Təəssüflər olsun ki, bu, çox ifrat dərəcədə, eybəcər şəkildə həyata keçirilir. Hətta müəllimlər uşaqlara məbləği də deyirlər. Misal üçün, deyir ”30-50 manatdan aşağı pul yığsanız götürməyəcəyəm". Müəllimlərin bu cür hökmlə danışmasında valideynlərin də böyük günahı var. Valideyn şərait yaradır ki, müəllim ondan pul istəsin və hökmlə danışsın. Bütün sinif valideynləri birlik nümayiş etdirib pul verməsə, müəllim cəsarət edib pul istəyə yaxud pul verməyən uşağı incidə bilməz. Əgər valideyn haqlıdırsa, cəsarət edib uşağını pul üçün incidən müəllimi ictimaiyyət qarşısında mədəni şəkildə biabır etsin. Bir sözlə, təhsil sahəsindəki rüşvətin qarşısını almaq üçün müəllimlərin əmək haqqı yüksəldilməli və ictimai dirəniş olmalıdır".

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev rüşvətin sinoniminin sanki təhsil olduğunu dedi: “İnsanların təhsildə rüşvətxorluq haqqında  fikirlərində yenilik yoxdur. Yaxşı, nə baş verir ki, rüşvətxorluq var gücü ilə işləyir? Təhsildə rüşvətxorluğun kökünün kəsilməsinin çözümü barədə soruşursunuz. Məncə, həm korrupsiyanın, həm də rüşvətxorluğun kökünün kəsilməsində irəliləyiş var. İndi bunların anatomiyasına diqqət edək. Təhsilin məktəbə qədərki təhsil pilləsi Təhsil Nazirliyinə tabe deyil. Deməli, burada rüşvətxorluğa Təhsil Nazirliyi cavabdehlik daşımır. Birinci siniflərə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Rüşvətxorluğun kökü demək olar ki, kəsilib. Vaxtilə ən böyük rüşvətxorluq mənbəyi olan buraxılış imtahanlarını bir neçə ildir ki, TQDK həyata keçirir və rüşvətin kökü kəsilib. Orta məktəblərə müəllim qəbulu və yerdəyişməsi imtahanla həyata keçirilir, rüşvətxorluğun kökü kəsilib.

Məktəb direktorları təlimlərdən keçdikdən sonra seçilib təyin olunurlar, burada da rüşvətxorluq istisnadır. Orta təhsildə isə yalnızca direktor özbaşınalığı qalır. Müəllimlərdən əlavə pullar tutulur və müəllimlər məcbur edilir ki, şagirdlərdən vəsait tələb etsinlər. Bu halların kökü hələlik kəsilməyib. Peşə təhsili məktəblərinə qəbulda hansı rüşvətxorluqdan danışmaq olar ki, orta məktəb məzunlarının cəmi 13-15 faizi təhsilin bu pilləsinə üz tutur, özü də könülsüz. Kollec və ali məktəblərə tələbə qəbulunu TQDK həyata keçirir. Burada rüşvətin olub-olmamasını hamı gözəl bilir. Kolleclərdə semestr imtahanlarına cavabdehliyi kollec direktorları daşımalıdırlar. Neqativ halların kökü kəsilməyib. Ali məktəblərdə semestr imtahanları mərkəzləşmiş şəkildə həyata keçirilir. Semestr və dövlət imtahanlarında rüşvətxorluq varsa, deməli, rektorlar cavabdehlik daşıyır. Ali məktəblərdə köçürülmə üçün şərtlər o qədər sərtləşdirilib ki, müraciət edənlərin sayı bəlkə də 20 dəfə azalıb. Təhsildə tələbə köçürmələri rektorların ”Axilles dabanı" idi. İndi rektorlar artıq köçürməni “menyu”dan çıxarıblar".

E.Əliyev Dövlət Proqramı ilə Azərbaycan vətəndaşlarının xarici ölkələrin ali məktəblərində təhsil almaları üçün göndərilməsi prosesinin tam şəffaf həyata keçirildiyini dedi: “Korrupsiyaya gəldikdə isə dəyəri yarım milyard manatı ötən layihə və proqramların icrası çoxdan qurtarıb və üstündən də su içilib. Bütün bunları həm də digər dövlət qurumları ilə müqayisə etmək üçün sadaladım”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar