“Mikayılın verilişində kimsə təhqir olunmur, amma ANS-də...” - MTRŞ

Milli Televiziya və Radio  Şurasının (MTRŞ) ANS televiziyasının “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarının yayımının dayandırılması qərarından sonra tərəflər arasındakı “söz davası” böyüyüb. MTRŞ və ANS qarşılıqlı ittihamlarla bir-birini suçlayırlar.

Şuranın sözügedən verilişlərlə bağlı qərarına haqq qazandıranlar da var, buna qarşı çıxanlar da.  Amma belə bir sual da doğur: Niyə təkcə ANS?.. Axı digər telekanallarda da az bayağı verilişlər yayımlanmır...

MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Modern.az saytının bu sualına belə cavab verib:

“MTRŞ bütün telekanalların monitorinqini eyni qanunla aparır. Amma yenə də deyirəm ki, problemlərin miqyasından söhbət gedir. İctimaiyyəti ən çox narahat edən, gərginlik yaradan, insanların şəxsi həyatı üzərində şou yaradılan, bəzən təhqir olunan verilişlər ATV-də “Öz aramızda”, ANS-də isə “Axtarıram səni” və “Sən tək deyilsən” idi. Gördünüz ki, birinci buna görə ATV öz verilişini bağladı. ATV bilirdi ki, özü bağlamasa, biz bağlayacağıq”.

Mikayılın “Sevimli şou”su bayağıdır, amma...

Maraqlıdır, “Space” telekanlaında Mikayıl Güləddinoğlunun aparıcılığı ilə yayımlanan “Sevimli şou” tamaşaçılar tərəfindən çoxmu sevilir? Ya da “Xəzər” TV-dəki “Ay Zaur”...

T.Dadaşov deyir ki, digər kanallarda bu iki kanaldakı qədər ictimai narazılıq doğuran, qanunvericiliyin tələblərini pozan verilişlər yoxdur:

“Bəzi verilişlər var, bəli, bayağıdırlar. Amma orda kimsə təhqir olunmur, şəxsiyyəti aşağılanmır və s. Bununla belə, bunların da formatının dəyişdirilməsi tələbləri qoyulur”.

“Salam Azərbaycan”nın efirlə vidasının səbəbi

Şöbə müdiri ANS-in efirində yayımlanan “Salam Azərbaycan” verişilinin qapadılmasına da diqqət çəkib:

““Salam Azərbaycan” verilişinin bağlanmasına gəldikdə isə o verilişdə həm qanunvericiliyin sponsorluqla bağlı konkret tələbləri pozulmuşdu, həm də səhər saatlarında milli mənəvi dəyərlərlə bağlı müzakirələr aparılarkən istehzalı musiqi klipi yayımlanmış, hansı ki, bu mahnının sözlərində ümumilikdə cəmiyyətə ironiya, Azərbaycan xalqının tarixi qəhrəmanlarının adından istifadə etməklə müəyyən qeyri-etik ifadələr səsləndirilmişdi. Məsələn, “Dədəm Qorqud sahə alır Badamdar bağlarında”, “Koroqlunun gözü doymur yığdığı rüşvətlərdən”, “Natavan başçılıq edir ordumuza Dubayda”, “Qatır Məmməd dəstəsilə qaşlarını aldırır, çarşabini atmış Həcər artıq ətəy qaldırır" və s. Həmçinin verilişdə milli mənəvi dəyərlərlə bağlı müqayisələr aparılarkən insanların, vəzifəli şəxslərin işgüzar nüfuzunun ləklənməsi halına yol verilmişdi. Bu kimi hallar digər kanallarda rast gəlinmir. amma monitorinqlər aparılır və digər kanallarda olan qanun pozuntuları da diqqətimizdədir. Qanun pozuntularının miqyasına müvafiq addımlar atılacaq”.

Mir Şahin: “Biz onsuz da verilişləri bağalayacaqdıq”

Teleradio Şurasının məlum qərarından sonra ANS-in vitse prezidenti Mir Şahin Ağayev “Biz onsuz da “Xoşqədəmlə axtarıram səni” və “Sən tək deyilsən” verilişlərini oktyabrın 5-dən efirdən çıxarmışıq. Bu layihələri biz efirdə yalnız ona görə saxlamışdıq ki, həmin efir vaxtında oxşar layihə ilə rəqabət zərurəti var idi. Onu da deyim ki, MTRŞ-da bizim belə bir mövqeyimizdən hələ çoxdan xəbərdar idilər ki, belə verilişləri bəyənmirik və bu tipli layihələri etməmək üçün televiziya rəhbərlərinin vahid mövqeyi olsa, faydalı olar. Sadəcə şura cəmiyyətdə verilişə qadağa qoyuldu təsəvvürünü yaratmaq üçün belə addım atdı” deyib.

“ANS-in qərarı iclas gününə qalmışdı?!”

Şura rəsmisi T.Dadaşov Mir Şahinin açıqlamasına belə münasibət bildirib:

“Doğru deyil. Bu tip verilişlərlə bağlı yayımçılara onların efirdən yığışdırılmalı olduğu əvvəlcədən deyilmişdi. Bu, mənim səlahiyyətimə aid məsələ deyil, amma bilirəm ki, bu müzakirələr kanal rəhbərləri ilə hələ əvvəldən aparılıb. ANS-in həmin verilişləri yığışdırmağı MTRŞ-nın iclas gününə qalmışdı? Əvvəlcədən qərar verə bilməzdi? Hələ MTRŞ 2 gün də möhlət verdi. Normal hüquqi prosedurdu. Şura qərar verir, veriliş dayandırılır. Burda dramatikləşdiriləcək nə var ki?”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar