"Əsrlər boyu azərbaycanlılar və türklər bir-birinə dayaq olub" - Oqtay Əsədov

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, O. Əsədov qonaqları salamlayaraq bildirib ki, iki xalqı ortaq tarix, ortaq mədəniyyət birləşdirir: “Əsrlər boyu azərbaycanlılarla türklər bir-birinə dayaq olublar. Azərbaycan-Türkiyə dostluğu sarsılmaz və əbədidir. Təqdirəlayiq haldır ki, biz bütün məsələləri məhz dostluq şəraitində müzakirə edirik. Azərbaycan-Türkiyə münasibətləri digər dünya dövlətləri üçün nümunə ola biləcək bir səviyyədədir. Xalqlarımızın bir-birinə olan duyğuları və qarşılıqlı dəstəyi günün reallığıdır. Bu dəstək demək olar ki, bütün məsələlərdə hiss olunur və regional problemlərin həllinə də öz müsbət təsirini göstərir”.

Yüksək səviyyəli siyasi əməkdaşlığın hərbi sahəyə də öz müsbət təsirini göstərdiyini qeyd edən Oqtay Əsədov Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsinin əhəmiyyətli olduğunu söyləyib.O, iqtisadi sahədə də böyük nailiyyətlər əldə edildiyinə diqqət çəkib, əlavə edib ki, bu gün Azərbaycanda 2400-dən çox Türkiyə şirkəti, qardaş ölkədə isə 1300-dən artıq Azərbaycan şirkəti fəaliyyət göstərir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən ordu generalı Hulusi Akar Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Türkiyə-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasının xalqların ümumi mənafelərinə xidmət etdiyini vurğulayıb. Bildirib ki, birgə hərbi təlimlər və bu sahədə əməkdaşlığın davam etdirilməsi regiondakı mürəkkəb proseslər fonunda günün tələbidir.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar