“MƏĞLUB DURUMA DÜŞƏCƏYİMİ ANLAYIRDIM…” – Eldar Sabiroğludan yeni sərt açıqlamalar

“Hardasa səhvə yol verib, hakimiyyətin zirvəsi barədə bir söz işlətsəydim...”

YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov tanınmış YAP-çı, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun fikirlərinə bundan sonra reaksiya verməyəcək. Bu barədə o, “Yeni Müsavat”a açıqlamasında bildirib. S.Novruzov E.Sabiroğlunun sonuncu açıqlamasına reaksiya vermək istəməyib və qısaca bunları bildirib:

“Mən keçən dəfə fikrimi dedim, daha ona heç bir cavab verməyəcəyəm. Nə istəsə, deyə bilər, onunla bağlı əlavə fikrim yoxdur. Ona bir dəfə cavabımı vermişəm, vəssalam”.

Xatırladaq ki, S.Novruzov KİV-lərdə dərc etdirdiyi məqaləsində E.Sabiroğluna qarşı ciddi ittihamlar irəli sürüb, hətta onun MN-də işlədiyi vaxt düşmənə məlumatlar ötürə biləcəyini də iddia edib. E.Sabiroğlu bununla bağlı baş prokuror Zakir Qaralova müraciət edərək, ittihamın araşdırılmasını xahiş edib. İki tanınmış YAP-çı arasında qalmaqala çevrilən bu “söz atımasına” isə, E.Sabiroğlunun gözlənilmədən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi tənqid etməyə başlaması səbəb olmuşdu.

S.Novruzovun KİV-lər üzərindən sərt mübahisəni davam etdirmək istəməməsinə qarşı tərəfin münasibəti necədir? E.Sabiroğlu suala belə cavab verib: “Özü bilər. Mən onun barəsində nəsə deməyi əhəməyyətli saymadığımdan, ya sətiraltı, ya da ki açıq, onun haqqında heç bir söz işlətməmişəm. Ramiz Mehdiyevi tənqid etməyim onu narahat etmişdi. Ona görə də, haqqımda bəzi muzdlularla birlikdə ciddilik və həqiqət yükü olmayan bir yazı qaralamaşdılar. Mən də bu barədə Baş Prokurorluğa müraciət etmişəm. Gözləyirəm. Yəqin ki, nizam-tərəzi doğru nədirsə, onu ortalığa qoyacaqdır. Alınmasa da canları sağ olsun.”

E.Sabiroğlu deyir ki, Baş Prokurorluğa müraciəti ilə bağlı böyük gözləntisi olmayıb. Bu baxımdan, bəri başdan məğlub durumda olduğu haqda fikirlər onu çox da narahat etmir: “Lap əvvəldən məğlub duruma düşəcəyimi anlayırdım. Çünki onlar çoxdurlar. İmkanları geniş, səlahiyyətləri əllərində. Mən də bu “kasıb” sözlə və heç bir imkana malik olmayan vəziyyətlə necə qalib görünə bilərəm?! Bir az yekə çıxacaq, ancaq sözün yeri gəldi, gərək saxlamayasan. Napoleon Bonapart Borodino və Vaterlo döyüşlərində məğlub olur. Fransanın əleyhinə olan müttəfiq dövlətlər Bonapartı taxt-tacdan əl çəkməyə məcbur edir və onu Elbaya sürgünə gondərirlər. O zaman bir ingilis məğlubiyyətinin səbəbini ondan soruşur. İmperator müvazinətini itirmədən sualı soyuqqanlılıqla qəbul edir və deyir: ”Məğlubiyyətin üzünə gülə bilsən, cəsursan!” İndi mən fövqəlgüc sayılan administrasiya rəhbərinə qəhqəhə ilə gülürəm. Çalışmayın məni böyük iddiaçı kimi baltalamağa. Əsla belə fikrim yoxdur. Yəqin ki, bu an dediyim ibrətamiz kəlam hardasa gələcəkdə atalar sözü kimi xatırlana bilər: “Kökü “zəhərlə“ qidalanan bir səhra ağacı nəhəng ola bilər, ancaq gətirdiyi bar heç zaman şirin olmaz, kölgəsinə isə heç etibar yoxdur...”

Ölkəmiz və millətimiz ikinci Mircəfər Bağırovun qorxunc ayaq tappıltısını bir daha eşitmək fikrində deyil. Uca Tanrıdan bir diləyim var, ikinci Mircəfər Bağırovlara, Lavrenti Beriyalara bir daha fürsət verməsin. İnsanlarımızın üzünə açılan üfüqlər bağlanmasın. Amin! Millətimə təkrar müraciət edirəm: Sizi heç bir fitnə-fəsad yolunuzdan sapdırmasın. Bu dövləti quran, yaşadan var. Birinə Allah qəni-qəni rəhmət etsin, digərinə can sağlığı versin! Sonda bir ciddi məsələni də diqqətinizə çatdırmağı özümə borc bilirəm. Musavat.com-un bu günkü sayında mənim 3 gün əvvə verdiyim müsahibəni tirajlamışdılar. Ramiz Mehdiyevə aid olan hissəni yazıdan götürmüşdülər. Qalan fikirlərim hamısı yerində idi. Təsəvvür edirsinizmi, hardasa səhvə yol verib, hakimiyyətin zirvəsi barədə bir söz işlətsəydim və ya bu mövqeni başqa birisi ifadə etmiş olsaydı, nöqtəsinə-vergülünə qədər hamısını dərc edəcəkdilər. Mən qibtə edirəm “Yeni Musavat”la Ramiz Mehdiyev ittifaqına...”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar