DYP rəisi məhkəmədə ifadə verəcək

Bu gün Xətai Rayon Məhkəməsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərovun “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə istintaqı başlayıb. N.Səfərovun özü məhkəmədə iştirak etməyib. E.Məhərrəmlinin vəkili Elçin Sadıqov növbəti iclasda N.Səfərovun iştirak etməsi barədə vəsatət verib.

Bugünkü iclasda xüsusi ittihamçının vəkili Bəxtiyar Hacıyev sərbəst ifadə verib. Sözügedən məqalədə əksini tapan “DYP mafiyası”, “Nuşirəvan Səfərov kimdir?”, “savadsız”, “özündərazı”, “mənəvi dünyasında haqsızlığa və rüşvətə geniş meydan verilmiş” və sairə söz və ifadələrlə N.Səfərovun təhqir olunduğunu, ona böhtan atıldığını bildirib. Deyib ki, bu məqaləyə görə DYP rəisi ailəsinin, uşaqlarının, ətrafının yanında pis vəziyyətə düşüb və sarsıntı keçirib.

E.Məhərrəmlinin vəkili Elçin Sadıqov öz həmkarından N.Səfərovun sarsıntı keçirərkən, necə bir hala düşdüyünü soruşub. Qarşı tərəf cavab verə bilməyib.

E.Məhərrəmli isə iddiaçı tərəfin vəkilinə N.Səfərovun DYP-də şöbə rəisi işləyən bacısı oğlu Namiq Kərimovun sürücüdən 2500 manat rüşvət alarkən saxlanıldığı və işdən çıxarıldığı haqda ötən il çoxsaylı KİV-lərdə getmiş məlumatlarla bağlı sual verib. Bu məsələyə həmin vaxt və sonralar da N.Səfərovun niyə münasibət bildirilmədiyini, yalan idisə niyə təkzib olunmadığını soruşub. Vəkil bu suala cavab verməkdə çətinlik çəkib.

Bundan sonra E.Məhərrəmli sərbəst ifadə verib. Baş redaktor bildirib ki, sözügedən məqalə təhlil xarakterlidir və diqqəti DYP-nin yarıtmaz fəaliyyətinə yönəltmək məqsədi güdüb. Yazının üslubu sərt olsa da, tənqidin sərhədləri aşılmayıb və N.Səfərovun təhqir olunduğu barədə iddia ilə razı deyil. E.Məhərrəmli deyib ki, DYP-dəki rüşvətə görə N.Səfərovun mənəvi məsuliyyəti məsələsinin nə dərəcədə aktual olduğunu göstərmək üçün onun bacısı oğlu ilə bağlı ötən il KİV-lərdə yayılmış və bugünədək təkzib olunmamış məlumatları göstərmək kifayətdir.

E.Məhərrəmli mübahisəyə səbəb olmuş məqalədə əksini tapan bir sıra məlumatların müxtəlif KİV-lərdən götürüldüyünə, bu məlumatların heç vaxt təkzib olunmadığına məhkəmənin diqqətini çəkib: "“KİV haqqında” qanunun 62-ci maddəsində məsuliyyətdən azad edilmə halları nəzərdə tutulub. Bu maddənin 3-cü bəndi digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamış məlumatlara görə məsuliyyətdən azad edir. Məqalədə əksini tapmış bir sıra məlumatlar çöxsaylı KİV materiallarında da əksini tapıb. Onların heç biri təkzib olunmayıb”.

Məhkəmə prosesi oktyabrın 12-də davam etdiriləcək.

AzPolitika

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar