Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclası keçirildi - FOTO

Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XVIII iclası keçirilib.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr idarəsindən verilən məlumata görə, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndə heyətləri iştirak edib.

Dünyada və regionda təhlükəsizliyə, sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluğun və dini ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində tərəfdaş xüsusi xidmət orqanları ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məqsədilə tədbirə müşahidəçi qismində Rusiya, Ukrayna və Gürcüstanın müvafiq strukturlarının yüksək vəzifəli nümayəndələri də qatılıblar.

İclası giriş sözü ilə Azərbaycanın milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov açıb. Sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyevin adından tədbir iştirakçılarını salamlayıb, ölkələrimizin rəhbərlərinin türkdilli dövlətlər arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə daim xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Qeyd edilib ki, bu müsbət impuls ölkələrimizin təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlıq əlaqələrində də əksini tapmaqdadır.

R. Mehdiyev müzakirə ediləcək məsələlərin səmərəli olacağını və konkret nəticələr verəcəyini vurğulayaraq tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən nazir E. Mahmudov konfrans iştirakçısı olan dövlətlər, eləcə də bir çox ölkələr üçün ciddi təhlükə doğuran hüquqazidd əməllərə əlverişli və münbit şərait yaradan, xüsusilə terrorçuluq, dini ekstremizm və nəzarətsiz ərazilər kimi reallıqlara birmənalı və bir mövqedən yanaşmanın zəruri olduğunu bildirib.

E. Mahmudov türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında dinamik sürətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirib, ölkələrimizin milli təhlükəsizliyinin səmərəli təmin olunması baxımından təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir Konfransın XVIII iclasının əməkdaşlıq sahələrində birgə fəaliyyətə müsbət təsir göstərəcəyinə, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin səmərəliliyinin yüksələcəyinə ümidvar olduğunu söyləyib.

İclasda çıxış edən Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan terrorçuluq və digər transmilli cinayətlərə qarşı mübarizənin səmərəliliyinin artırılması sahəsində xüsusi xidmət orqanlarının əməkdaşlıq perspektivləri barədə danışıb.

Qazaxıstan Respublikası Xarici Kəşfiyyat Xidmətinin direktoru Qabit Bayjanov isə terrorçuluğa zəmin yaradan radikallaşma proseslərinə qarşı görülən tədbirləri qeyd edib və hər cür ekstremist təzahürlərlə mübarizədə işbirliyinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə digər iştirakçıların da çıxışları və multimedia təqdimatları maraqla qarşılanıb, transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən beynəlxalq terrorçu və dini-ekstremist təşkilatlara qarşı mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi yolları, həmçinin müxtəlif təhdid və cinayətlər barədə əməliyyat məlumatı mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XVIII iclasının nəticələri üzrə yekun sənəd imzalanıb, Konfransın növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi qərara alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar