FIFA-nın müvəqqəti rəhbəri müəyyənləşib. ANS PRESS-in məlumatına görə, ali futbol qurumunun etika komitəsi tərəfindən 90 gün postundan kənarlaşdırılan Yozef Blatteri İssa Hayatu əvəzləyib.

Hayatu 90 gün ərzində FIFA-ya rəhbərlik edəcək. Kamerunlu futbol adamı FIFA-nın İcraiyyə Komitəsinin vitse-prezidentidir. FIFA prezidenti Yozef Blatter, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platini bütün vəzifələrindən 90 gün müddətinə kənarlaşdırılıb.

İssa Hayatu

FİFA prezidenti Yozef Blatterin müşaviri Klaus Ştelkerin sözlərinə görə, Blatterin səlahiyyətləri 90 günlük əlindən alınıb. Eyni zamanda UEFA-nın prezidenti Mişel Platiniyə qarşı da bu cəza tətbiq olunub. İsveçrə Federal Ədliyyə bürosu sentyabrın 25-də Yozef Blatterə qarşı cinayyət işi açıb. Onun qeyri-qanuni şəkildə UEFA prezidenti Mişel Platinininhesabına 2 milyon İsveçrə frankı köçürdüyü iddia edilir. Ancaq Platini bu ittihamla razı olmadığını və pulların qanuni şəkildə müqaviləyə əsasən keçirildiyini bildirilib.

FIFA prezidenti Yozef Blatter

Blatter 1998-ci ildən FİFA-ya başçılıq edir. Bu ilin may ayının 29-da isə Blatter 5-ci dəfə FİFA prezidenti postuna seçilib. Ancaq 2 iyunda Yozef vəzifəsindən getdiyini bildirib. Yeni prezidentin seçiləcəyi konqres isə 2016-cı ilin fevralın 26-da Sürix şəhərində baş tutacaq.