PREZİDENT ƏLİYEVİN ÜÇ İSMARICI - Təhlil

Onun hakimiyyəti sabitdir, xarici təhdidlər neytrallaşdırılıb, opponentlər zərərsizləşdirilib

Rəsmi KİV məlumat verdi ki, prezident İlham Əliyev yanvarın 5-də regionların sosial-iqtisadi inkişafı proqramının icrasına həsr edilmiş konfransda iştirak edib. Amma Heydər Əliyev Mərkəzində keçirilən tədbirin xarakterindən belə anlaşılır ki, bu, partiya-təsərrüfat aktivlərinin növbəti iclası idi və onun əsas siması olan Əliyev müxtəlif səviyyəli məmurlarla dolu olan futuroloji zalın səhnəsində başda təkbaşına oturmuşdu.

Formal olaraq söhbət 2004-2008-ci və 2009-2013-cü illər üzrə iki proqramın nəticəsindən gedirdi. Birinci proqram regionlarda işgüzar mühitin canlanması layihəsi kimi nəzərdə tutulurdu. Buraya yerli sahibkarlara, kəndli-fermer təsərrüfatlarına kömək və məşğulluq proqramının həlli daxil idi. İkinci proqram neft gəlirlərinin iri axınına əsaslanaraq iri infrastruktur layihələrinin həyata keçirilməsini, əyalətdə və paytaxtda qeyri-neft sektorunun xüsusi çəkisini artıraraq iqtisadiyyatın şaxələnməsini nəzərdə tuturdu.

Bir aya yaxın bundan əvvəl başa çatan 2009-2013-cü illər proqramında 11 sahə istiqaməti var: sənaye və kənd təsərrüfatı istehsalı, vergi və pul kredit siyasəti, yol infrastrukturu, nəqliyyat və rabitə, ekologiya və təbii ehtiyatlardan istifadə, əhalinin təhlükəsizliyi, sosial və kommunal sahə.

Zalda oturanlardan heç kəs şübhə etmirdi ki, Əliyev proqramların nəticələrini müsbət qiymətləndirəcək, çünki prezident heç vaxt ölkədəki bir çox şeylər kimi adı ilə bağlı olan layihələrin ünvanına tənqidi qeydlər etməyəcək. Praktik olaraq o, hökumətin yanvar iclasının, bir də ötən ilki prezident seçkiləri dövründə keçirilən və onun 10 illik hakimiyyətinin nəticələrinə həsr edilən əvvəlki konfransın tezislərini təkrar etdi.

Əliyev dedi ki, son 10 ildə Azərbaycan iqtisadiyyatında 3,4 dəfə, sənaye istehsalında 2,7 dəfə artım olub. «Ötən il Azərbaycan iqtisadiyyatına rekord məbləğdə - 28 mlrd dollar investisiya qoyulub. Üstəlik, daxili investisiyalar xaricidən çox olub», - deyə Əliyev bildirdi və qeyd etdi ki, 1200 obyektin iştirakında şəxsən iştirak edib. (yəni dövlət başçısı gündə dörd obyekt açıb).

Prezidentin bir qayda olaraq zalda olmayan opponentləri proqramların planlaşdırıldığı kimi icra edilmədiyini bildirir. «Ümumi daxili məhsulun 80%-i, dövlət büdcəsinin formalaşmasının 97%-i, ixrac potensialının 99%-i, sənaye istehsalının 90%-i, bank kreditlərinin 96%-i Bakı və ətrafının payına düşür. Bu təqdirdə uğurlu regional siyasətdən necə danışmaq olar», deyə iqtisadçı Rövşən Ağayev bildirir.

Bir müddət əvvəl regional kontekstdə prezidentliyinin uğurlarının təqdimatını keçirdiyi Davos Iqtisadi Forumundan dərhal sonra iki beşillik proqramın nəticələrinə yekun vuran Əliyev ölkənin öz rəhbərliyi altında uğurlu inkişafı ilə bağlı fikri davam etdirməyə cəhd etdi. Prezident həmçinin dəbdə olan Qərb iradlarına dəm tutub məhz onun hakimiyyəti dövründə sürətlə çiçəklənən korrupsiyanı növbəti dəfə pislədi.

Əlbəttə, dövlət başçısının nitqi ilk növbədə daxili istifadəçiyə ünvanlanırdı. Xarakterikdir ki, prezidentin saytında onun giriş və yekun nitqi, həmçinin nazirlərin çıxışı azərbaycanca verilib, rusca təkcə açılış nitqi verilib, ingiliscədə nitq yoxdur.

Əliyevin nitqinin analizi göstərir ki, o, milli auditoriyaya bu ismarıcları verdi:

Onun hakimiyyəti sabitdir,

Xarici təhdidlər neytrallaşdırılıb,

Opponentlər zərərsizləşdirilib.

Əliyev hər üç tezisi konfransın pərdəsi altında gətirərək dinləyicilərin yaddaşında iki proqram çərçivəsində onun üçün bu vacib vəzifələri həll etdiyini təlqin etməyə cəhd etdi.

Bu məsələləri 2014-2018-ci illər üçün növbəti üçüncü regional proqram dövründə də prioritet saymaq olar. Bu, onun 2013-2018-ci illərdəki prezidentliyi dövrünə düşür. Bu proqramın apreldə təsdiq ediləcəyini gözləmək olar, çünki ikinci proqram prezident tərəfindən 14 aprel 2009-cu ildə təsdiq edilmişdi.

Turan Analitik Xidməti

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar