Zülm ilə barışanlara

Nurəddin İSMAYIL

25 saylı Nizami İkinci Seçki Dairəsindən deputatlığa namizəd

Zülmə boyun əymək, haqqına sahib çıxmamaq, miskin tale ilə barışmaq, haqsızlığa dözüm göstərmək, zalımın zülmünü Allahdan gələn bəla kimi qarşılamaq, hüquq və azadlıqlarının pozulmasına biganə qalmaq, milli qürur və ləyaqətini aşağılayanlara dirəniş göstərməmək, dilinə, soyuna həqarətlə baxanları yerində oturtmamaq, malına, mülkünə, canına qəsd edənlərin vəhşi istismarından qurtarmaq üçün iradə nümayiş etdirməmək, bütün bunlar, rəzalətdəndir.

İnsan kimi yaşamaqdan məhrum olmaq, ona qul kimi baxanların alətinə çevrilmək, öz vətənində vətənsizlik acısını yaşamaq, varlığını, iradəsini hər gün təhlükə altında saxlayan zorakı mühitin əsarətində qalmaq, ağalığını, bəyzadəliyini itirib, dilənçi hala düşmək, gündəlik ruzi üçün yad ölkələrə üz qoymaq, çadırlarda, dəmir vaqonlarda qaçqın və didərgin həyatının ağır üzüntülərini yaşamağa məcbur olmaq, bütün bunlar, səfalətdəndir.

Ali dəyərlərdən üz döndərmək, millətini uca millətlər sırasında görməkdən şərəf duymamaq, şəxsi istəklərini milli və dövlət maraqlarının fövqündə qoymaq, heyvani həzzi mənəvi kamillikdən uca tutmaq, vətəndaşların konstitusion hüquqlarını kobudcasına pozmaq, seçicilərin azad seçki iradəsini saya salmamaq, tarixinə unutqan münasibət, insanların milli müstəqillik və vətənpərvərlik duyğularını içində boğmaq, bütün bunlar, cəhalətdəndir.

Bir-birinə həyan olmamaq, milli problemlərin həllində bir araya gələ bilməmək, tutduğu vəzifədən, qulluq mövqeyindən istifadə edib başqaları üzərində hökmranlığa can atmaq, özündən yuxarıya əyilmək, özündən aşağı mərtəbədə duranlara təkəbbür göstərmək, milli mənafeni şəxsi ambisiyalara qurban vermək, dövlətin dayanaqlı olmasına xidmət edən vətəndaş həmrəyliyinin gücündən yararlanmamaq, insanları qabiliyyət və bacarığına görə deyil, tayfa və region prinsipinə görə dəyərləndirmək, bunlar hamısı, qəbahətdəndir.

Torpağının işğalda, qız-gəlininin əsarət altında qalması, bir milyon qaçqın və didərgin insanının acı taleyinə rəhbərlərinin laqeyd olması, zəngin bir ölkə ikən insanlarının zillət içində yaşamağa məhkum edilməsi, azad sözün daşıyıcısı olan neçə jurnalistinin həbsə salınması, xalqının ona şamil edilən hüquqlarından yararlana bilməməsi, hakimiyyət uğrunda mübarizəyə siyasi düşmənçilik kimi yanaşılması, rüşvət və korrupsiya faktlarına görə məmləkətin adının qara siyahılara salınması, bütün bunlar, xəcalətdəndir.

Təslimçi sülh sazişi ilə barışmaq, Qarabağ məsələsinin həllində xalqın iradəsini nəzərə almamaq, Azərbaycanın gələcəyinə hesablanmış neft strategiyasini yalnız bir qrup oliqarxın mənafeyinə xidmət etdirmək, yanlış iqtisadi-siyasəti ilə xalqı sosial fəlakətlə üz-üzə qoymaq, millətin etnik simasını dəyişdirməyə cəhdlər göstərmək, dövlətin varlığını sarsıtmağa yönəlmiş ekstremist və separatçı hərəkətlərin qarşısını vaxtında almamaq, yalnız bu günə söykənib, istiqlal tariximizin şanlı keçmişinə dəyər verməmək, bütün bunlar, xəyanətdəndir.

Qoşulmamaq haqq işi uğrunda mübarizəyə, səy göstərməmək azad, xoşbəxt gələcəyə, dözmək zalımların tükənməyən zülmünə, buraxmaq azad iradəni kor taleyin ümidinə, azadlığı öz içində dustaq etmək, rəzil köləliyə hər gün boyun əymək, atmamaq üzərindən qul kimi yaşamağın ağır yükünü, kəsməmək vətənində dərin kökün salan zülmün, istismarın kökünü, barışmaq səni təpərdən salan hər cür rəzalətlə, barışmaq mübarizə əzmini qıran süstlüklə, ətalətlə, bunlar hamısı, zəlalətdəndir.

Dərs almaq gərək ibrətlə öz keçmişindən, faydası yetməz gəncliyə ağılsız yaşın yetmişindən, ucaltmaq şərəflə insanlıq adını, almaq azadlıq süngüsü ilə zülm-istibdadın qarşısını, qoymamaq dirçəlməyə özünü Allah sayan fironları, kəsmək dibindən vətəninə uzanan xain əlləri, gərəyi, yaşatmasındadır insanın, özündə xoş əməlləri, izinə düş səni səndən alıb, ucaldan yolun, layiq olanlar bilir, bağlanmaz qapısı Tanrıdan üzünə açılan yolun. Bu bir yol ki, getsən, bil qiymətini, fəzilətdəndir, qiymətini bilməsi insanın, bunlar hamısı, ləyaqətdəndir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar