«RUSİYA HƏMİŞƏ BİZİMLƏ OLUB...» - Baş nazirin müavini

"Mən də sizin prezidentinizi ad günü münasibətilə təbrik etmək istərdim. O, elə etdi ki, indi hamı Rusiya ilə hesablaşır”

Bu gün Moskvadakı Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası keçirilib. Virtualaz.org saytı “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, komissiyanın Rusiya tərəfdən həmsədri, baş nazirin müavini Dmitri Roqozin iclası açaraq son illərdə iki ölkə arasındakı münasibətlərdə “böyük işlərin görüldüyünü” deyib.

“Bu gün gündəlikdə iki ölkə arasında iqtisadi əməkdaşlıq dayanır. Bu yaxınlarda mən sənaye nazirlikləri arasında əldə edilmiş razılaşmanı təsdiqlədim və sənəd imzalanmaq üçün baş nazirə göndərildi”- Roqozin deyib.

Baş nazirin müavini bildirib ki, ikitərəfli münasibətlər həm siyasi, həm iqtisadi, həm də mənəvi planda yüksək səviyyədədir.

D.Roqozin Azərbaycanda hazırda rus dilində 15 min tələbənin oxuduğunu qeyd edib və bunu münasibətlərin indiki səviyyəsinin sübutu olduğunu bildirib.

Rusiya baş nazirinin müavini həmçinin VDNX-nin pavilyonlarından birinin Azərbaycan tərəfindən restavrasiyası planları haqda danışıb: “Biz minnətdarıq ki, Azərbaycan tərəfi iclasın VDNX-də keçirilməsinə dair təklifimizi dəstəklədi. İstəyirik buradakı yenilikləri öz gözlərinizlə görəsiniz”.

D.Roqozin Azərbaycan əsilli milyarderlər Qod Nisanov, Zarah İliyev və İlham Rəhimov tərəfindən VDNX-də inşa edilən okeanariumun bu yaxınlarda istifadəyə verildiyini də xatırladıb.

Azərbaycan tərəfdən komissiyanın həmsədri, baş nazirin müavini Yaqub Eyyubovun çıxışı isə Rusiyanın ünvanına xeyli isti mesajlarla yadda qalıb.

Y.Eyyubov deyib ki, hökumətlərarası komissiya Azərbaycan və Rusiyanın daha da yaxın olması üçün mümkün olan hər şeyi edir.

“Mənim xalqım və prezidentim həmişə başa düşüblər ki, Rusiya həmişə bizimlə olub. Biz Rusiyadan çox şey almışıq və bu haqda açıq danışmaq lazımdır. Hesab edirik ki, Azərbaycan xalqı ona göstərilən qayğını həmişə yaxşı və düzgün qiymətləndirib”- deyə Yaqub Eyyubov bildirib.

Baş nazirin müavini deyib ki, böyük sayda azərbaycanlılar Rusiyada işləyir və bu zaman heç kim onları sıxışdırmır, əksinə, onlar üçün şərait yaradılır.

“Bizim ölkələrimizin rəhbələri arasında yaxşı və xeyirxah münasibətlər var. Vladimir Putin İlham Əliyevi ad günü münasibətilə təbrik edəndə mənə çox xoş oldu. Və mən də sizin prezidentinizi ad günü münasibətilə təbrik etmək istərdim. O, elə etdi ki, indi hamı Rusiya ilə hesablaşır”- deyə Eyyubov nitqini davam etdirərək bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar