Deputatlığa namizədlər İTV-də efir vaxtı almayacaqlar

Parlament seçkilərinə hazırlıq və seçkilərin keçirilməsinə dair təqvim planına uyğun olaraq oktyabrın 9-dan seçkiqabağı təşviqat başlayır və oktyabrın 31-də səhər saat 8:00-dək başa çatacaq.

Qeyd edək ki, deputatlığa namizədlər KİV-də seçkiqabağı təşviqat üçün pulsuz imkanlardan məhrum ediliblər. Seçki Məcəlləsinə görə, İctimai Televiziya və Radioda, dövlət qəzetlərində pulsuz təşviqat üçün yalnız 60-dan çox seçki dairəsində namizədləri qeydyyata alınan siyasi bloklara və ya siyasi partiyalara icazə verilib.

Belə hüququ yalnız hakim Yeni Azərbaycan Partiyası əldə edib, ancaq bundan istifadədən imtina edib.

Lakin əvvəlki parlament seçkilərində İTV deputatlığa namizədlərə pulsuz efir vaxtı ayırırdı.

Oktyabrın 8-də MSK-nın iclasında qurumun rəhbəri Məzahir Pənahov güman edib ki, İTV “iqtisadi səbəblərə və çətinliklərə görə” efir vaxtı ayırmaqdan imtina edib.

Lakin MSK üzvü Akif Qurbanov buna etirazını bildirərək deyib ki, “tamamilə dövlətin maliyyələşdirdiyi kanalın hansı iqtisadi problemləri ola bilər.

“Əgər neftin qiyməti düşürsə namizədlərin efirə yolu bağlanır? Buna görə seçicilər debatlardan məhrum edilməlidir?”, - A.Qurbanov bildirib. Lakin onun sualları cavabsız qalıb.

Eyni zamanda İTV astronomik məbləğə təşviqat üçün pullu efir vaxtı müəyyən edir – 1 dəqiqəyə görə 3540 manat. Beləliklə, pulsuz təşviqat üçün namizədlərə yalnız küçə stendləri qalır.

Hüquqşünas Ələsgər Məmmədli yalnız partiyalar və partiya blokları üçün pulsuz efir haqda qanunvericilik normasını əsassız hesab edir. Bu, majoritar seçki sistemi məntiqinə ziddir və bitərəf namizədləri qeyri-bərabər şəraitə salır.

Digər tərəfdən, seçkilər mühüm dövlət tədbiridir və seçicilər məlumatlı olmalıdır. Odur ki, İTV seçki mövzusunda debatları təşkil etməlidir, dövlət büdcəsindən maliyyələşdirilən telekanalın bu prosesdən özünü kənarlaşdırması yolverilməzdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar