“Beynəlxalq Bank işi” “Şəki-İpək” ASC-ni də çökdürdü

“Şəki-İpək” ASC ipək kombinatının ödənişsiz məzuniyyətə göndərilən yüzlərlə işçisi hələ də işə geri çağırılmayıb.Bu barədə virtualaz.org saytına kombinatın işçiləri məlumat verib. Onların sözlərinə görə, işçilərə ərizə yazdırılıb və onlar avqust-sentyabr aylarında öz hesablarına məzuniyyətə göndərilib. Bu məzuniyyətin vaxtı sentyabrda bitsə də artıq 8 gün keçməyinə baxmayaraq işçilər işə çağırılmır.

Bizə dəqiq heç bir söz deyilmir, maaş da verilmir. Maaşın verilməməsi isə müəssisənin qazancının olmaması ilə izah edilir. Maaş olmadığına görə də bizi öz hesabımıza göndərdikləri məzuniyyətin vaxtı artıq 8 gündür ki, bitib. Amma nə işə çağırırlar, nə də dəqiq bir söz deyirlər. Ondan əvvəl isə iyul ayında ödənişli məzuniyyətə çıxmışdıq, o pulu da hələ verməyiblər. İyul ayında məzuniyyətə çıxmayıb işləyənlərin də maaşı verilməyib. Cəmi 140-150 manat maaş alırıq, onu da vermirlər” – deyə Şəki ipəkçiləri bildirir.

İxtisara düşə biləcəklərindən ehtiyat etdiklərinə görə adlarının açıqlanmasını istəməyən işçilər vurğulayıb ki, indiyə qədər maaşla bağlı demək olar problem yaşamayıblar: “Müəssisənin müdiri dəyişəndən sonra belə problemlər yarandı. Bu da Azərbaycan Beynəlxalq Bankı ilə bağlı yaranan problemlərlə əlaqədardır. Çünki kombinata maliyyə ayıran təşkilat bu bank idi. İndi isə onların işi məhkəmədədir, deyirlər ki, bankın müəssisə üçün ayırdığı kreditdə yeyinti olub. Belə ki, “Şəki-İpək” ASC-yə ayrılması adı ilə verilən pul kreditinin yalnız kiçik bir hissəsi müəsissəyə çatıb, qalan pul ortada yoxdur. Ona görə də kombinat işləmir. Toxuculuq sexi, sap əyirən sexi və xalça sexinin yüzlərlə işçisi indi evdə oturub işsiz və maaşsızdır.

beynelxalqbankQorxuruq ki, bizi ixtisara salarlar. Toxuculuq və sap əyirmə sexinin işçilərinin hamısına ehtiyac var. Amma belə ehtimal olunur ki, xalça sexinin işçilərinin sayını azaltsın. 50 nəfər idilər, indi isə orada 30 işçi var. İxtisarların olacağını elan etməyiblər, sadəcə deyiblər ki, daha az işçi lazımdır”.

İşçilər onu da əlavə edib ki, kombinat fəaliyyətini tamamilə dayandırmayıb: “Pambıq sexi və xalça sexinin bir hissəsi işləyir. Amma yeni xalçalar toxumağa icazə verilmir. Yalnız yarımçıq qalan xalçalar tamamlanır. Kəlağayı isə istehsal olunmur, çünki kəlağayılar üçün ipək sap hazırlayan sexin də fəaliyyəti dayanıb.

Biz hamımız yığışıb rəhbərliyə müraciət edib maraqlanırıq, ancaq deyirlər ki, hələ heç nə bilinmir, Beynəlxalq Bankın işi nə vaxt dəqiqləşsə, ondan sonra bilinəcək. İndiyə qədər kombinatı həmin bankın vitse-prezidenti Bünyamin bəy idarə edirdi, indi o, həbs olunub deyə kombinat başsızdır. Müdir də ancaq malı satıb bizə verilməyən maaşları hissə-hissə ödəyir, digər işləri isə görə bilmir”.

Məsələyə aydınlıq gətirmək üçün kombinat rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar