"MƏNİ ÖLDÜRMƏK İSTƏYİRLƏR!" - Əli İnsanovdan sensasiyalı bəyanat

Əli İnsanov məhkəmədə yeni “bombalar” partlatdı

Keçmiş səhiyyə naziri Əli İnsanovun Bakı Apelyasiya Məhkəməsində növbətio məhkəmə prosesi keçirilib. İnsanov yenə şüşə kabinəyə salınıb.

Bu dəfəki prosesi izləyənlər sırasında Milli Şuranın sədri Cəmil Həsənli də iştirak edib. Əli İnsanov məhkəmə zalına gətirilərkən Cəmil Həsənli ilə görüşüb və deyib: “Demokratiya meşə yanğını kimidir. Artıq Azərbaycan sərhədlərinə yaxınlaşır. Çox az qalıb...”.

İnsanov çıxışına başlayanda isə Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovu 75 illik yubileyi münasibəti ilə təbrik edib, lakin hakim onun təbrikini yarıda kəsib. İnsanov “Əvvəlcə icazə verin, böyük azərbaycanlı Rüstəm İbrahimbəyovu təbrik edim...” deyənm kimi hakim düyməni basaraq onun səsini batırıb.

Ümumiyyətlə, bu dəfə də hakim İnsanova fikirlərini axıra çatdırmağa imkan verməyib. Xüsusən də İlham Əliyevin, Mehriban Əliyevanın və onların yaxın qohumlarının adları çəkilən kimi hakim düyməni basaraq onun səsini batırıb. Buna baxmayaraq Əli İnsanov bir sıra ifşaedici açıqlamalar verib:

- Mənim dövrümdə 59 səhiyyə müəssisəsi özəlləşdirilib. Niyə onlardan 31-i haqda araşdırma aparılıb, qalan 28-i haqda yox. Çünki o 31 obyekt bir otaqdan, uzağı 100 kvadratdan ibarət, uçuq-sökük obyektlər olub və onları da kasıb-kusub özəlləşdirib. Amma şəhərin mərkəzində iri-iri obyektləri, hektarlarla sahəsi olan müəssisələri prezidentin ailə üzvləri özəlləşdirib...

- 50 min obyekt özəlləşdirilib. Bu özəlləşdirmədən büdcəyə cəmi yarım milyard manat pul gedib. Bəs 30 milyard hara, kimlərin cibinə gedib?...

- Gör nə gündədirlər ki, mənim kimi əli-qolu bağlı vətəndaşdan qorxurlar. Qorxumrlar e, üyüdürlər. Bunların məni öldürmək planı var...

- Tutaq ki, mənim hər hansı işçim rüşvət alıb. Buna görə mən həbs olunmalıyam? Olunmalıyamsa, onda məni vəzifəyə təyin edən İlham Əliyev niyə həbs olunmur?..

- Burda “Semaşko” haqqında söhbət getdi. O xəstəxananın 2 hektar ərazisini prezidentin xalası oğlu özəlləşdirib...

- Dərmanların alınmasında maliyyə pozuntularından danışırsınız. Baş Apteklər İdarəsinin rəisi Rafiq Mahmudov idi. Bakı Baş Apteklər İdarəsinin də rəisi bunların qohumu - Mehriban Əliyevanın dayısı idi...

- Siz məni çox incidirsiz. Mən məhkəmə zalında deyilənlərin çoxunu eşitmirəm. Elə mənim dediklərimin də çox hissəsi eşidilmir. İordaniyada bir daşın üzərində yazılıb: “Ey insan, mən sənin kimi idim, sən də mənim kim olacaqsan”. Ey hakim, siz niyə belə davranırsız, ...

Qeyd edək ki, məhkəmə iclasında Əli İnsanovun vəkilləri Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov və səhiyyə naziri Oqtay Şirəliyevin şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb. Onlar vəsatəti belə əsaslandırıblar ki, səhiyyə müəssisələrinin özəlləşdirilməsi sənədlərinə Kərəm Həsənov imza atıb. Burada Əli İnsanovun məsuliyyətindən söhbət gedə bilməz. Oqtay Şirəliyevə gəlincə, vəkillər bildiriblər ki, Moskvada çap olunmuş kitabla bağlı müqavilə bağlanmasına görə Əli İnsanova ittiham verilib. Eyni kitabın II hissəsinin çapı üçün Oqtay Şirəliyev də müqavilə bağlayıb, amma ona qarşı hər hansı irad yoxdur. Vəkillərin əsaslandırmalarına baxmayaraq, vəsatət təmin olunmayıb.(azadliq.info)

Əli İnsanovun məhkəmə prosesində baş verənlər haqqında geniş reportajı təqdim edəcəyik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar