“KURTLAR VADİSİ PUSU”DA İKİNCİ “KƏMALƏDDİN” “BOMBASI” - «Hani Azərbaycanda bütün dövlət səndən sorulurdu?»- VIDEO

Türkiyənin ATV telekanalında yayımlanan və dünyanın bir çox ölkəsində maraqla izlənən “Kurtlar vadisi pusu” serialında "Kəmaləddin" «fırtınası» davam edir. Serialın dünən yayımlanan 214-cü bölümünün Azərbaycanla bağlı hissəsində diqqət mərkəzində olan əsas fiqur yenidən "Kəmaləddin" olub. Təbii ki, əsas da Azərbaycanda.

Bunun da əsas səbəbi serialın ötən bölümündən ortaya çıxan "Kəmaləddin"in təqdim edilən bir çox əlamətlərinə görə, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla oxşarlığıdır. Serialın son bölümdə yer alan səhnələr bu qənaəti bir qədər də möhkəmləndirib. Hətta deyərdik, yaradıcı heyət sanki, məhz Kəmaləddin Heydərovu nəzərdə tutduqlarını nümayiş etdirməyə çalışıb.

Bu haqda konkret faktlara keçməzdən öncə xatırladaq ki, serialın 213-cü bölümündə “Ağ saçlı” Polad Ələmdar tərəfindən Azərbaycana göndərilən “Kara”nın Bakıda görüşməli olduğu “Türbədar” “Kəmaləddin” tərəfindən öldürülür. Onun rusların tapşırığı ilə bu qətli həyata keçirdiyi bildirilir. Həmçinin “İxtiyarlar”ın Azərbaycandan olan heyət üzvünün yerini də Rus mafiyasının rəhbərinə “Kəmaləddin”in satdığı məlum olur.

"Kara"nın sualına cavab olaraq, “Kəmaləddin”in kimliyinə aydınlıq gətirən “İxtiyarlar”ın Azərbaycandakı adamı isə sanki Kəmaləddin Heydərovun əlamətlərini sadalamağa başlayır.

“Kəmaləddin”in “rusların Azərbaycanda yeni uşağı” olduğunu, İranla müəyyən əlaqələrinin olduğunu bildirməklə yanaşı, onu Azərbaycandakı kürü fabrikinin sahibi kimi təqdim edir.

Hətta “Kəmaləddin”ə aid olduğu bildirilən bıçağın (“Türbədar”ın öldürüldüyü) üzərindəki işarə də Kəmaləddin Heydərovun fabrikində buraxılan kürü bankalarının üzərindəki işarə ilə oxşar seçilmişdi.

«AzPolitika.info» bütün bu əlamətləri və “Kurtlar vadisi pusu”nun daha çox siyasi bir serial olduğunu, burda adları keçən şəxslərin real həyatda da mövcudluğu barədə iddiaları nəzərə alaraq, yaradıcı heyətin məhz Kəmaləddin Heydərovu nəzərdə tutduğu ehtimalını irəli sürmüşdü. Bu zaman bir sıra faktorları nəzərə almışdıq.

Əvvala, Azərbaycanda kürü fabriki olan yeganə şəxs Kəmaləddin Heydərovdur.

İkincisi, Rusiyada hazırda yeganə güc olan (həm mafiyadır, həm dövlət) dairələrlə Kəmaləddin Heydərovun yaxın münasibətləri var. Onun həm Rusiya prezidenti Putinin “sağ əli” olan müdafiə naziri Şoyqu ilə, həm də yaxın dostu, qeyri-rəsmi biznesinə rəhbərlik edən İlham Rəhimovla çox yaxın əlaqələrinin, ortaq biznesinin olduğu çoxları üçün sirr deyil. Hətta Putinin seçkiqabağı Bakı səfərini də Heydərovun Şoyqu vasitəsilə təşkil etdiyinə dair məlumatlar var.

Üçüncüsü, Kəmaləddin Heydərovun İranla əlaqələrini onun əsas biznes ortaqlarından birinin iranlı iş adamı Əhəd Ağa olması faktı əyanı təsdiqləyir.

Serialın son bölümündə isə yaradıcı heyət «Kəmaləddin» obrazına məhz Kəmaləddin Heydərovun nəzərdə tutulduğunu göstərən bəzi önəmli cizgilər əlavə edib. Hətta belə demək mümkünsə, bu dəfə artıq barmaqla Kəmaləddin Heydərovu işarə ediblər.

Belə ki, əvvala «Kəmaləddin» roluna yaşı, boyu, bədən quruluşu və hətta sifət cizgilərindən Kəmaləddin Heydərova oxşar bir şəxsi çəkiblər.

İkincisi, ötən dəfə «Kəmaləddin»in kürü fabriki olduğunu qeyd etmişdilərsə, bu dəfə şirə (limonad) zavodunun olduğunu da əlavə ediblər.

Məlumdur ki, Kəmaləddin Heydərovun Qəbələ rayonunda «Jalə» və digər şirələrin istehsalı ilə məşğul olan zavodu var. Maraqlıdır ki, serialda da «Kəmaləddin»in şirə zavodunun Qəbələ rayonuna oxşar bir ərazidə yerləşdiyi təsvir olunub.

Bu faktlar serialdakı «Kəmaləddin» obrazında Kəmaləddin Heydərovdan bir fəqrlisinin nəzərdə tutulmadığını təsdiqləyir. Hər halda yaradıcı heyət «Kəmaləddin»i bir başqa müəsissənin sahibi kimi də göstərə bilərdi…

Üçüncüsü və ən əsası, “rus baron”la «Kəmaləddin» arasında olan dialoqdur (serialın 8-ci dəqiqəsindən başlayır, bax I videoya). "Rus baron" «Kəmaləddin»ə «Hani Azərbaycanda bütün dövlət səndən sorulurdu, arıza hallerin adamı Kəmaləddin! Niyə işinin başında deyildin?» deyə, türklərin Azərbaycandakı əməliyyatına görə onu ittiham edir.

«Kəmaləddin» isə İsraillə bağlı bir toplantıya qatıldığını deyir və sair.

Bu səhnədə Kəmaləddin Heydərovu hədəfə alan yaradıcı heyətin nələrə işarə vurduğunu dəqiq söyləmək, əlbəttə, çətindir. Ancaq bəzi ehtimallar irəli sürmək olar.

Məlumdur ki, Kəmaləddin Heydərov Azərbaycanın ən qüdrətli oliqarxlarından biri və bəlkə də birincisidir. Eyni zamanda ölkə sərhədlərinə nəzarəti Kəmaləddin Heydərovun adamları həyata keçirir. Həm Sərhəd Qoşunlarına, həm də Gömrük Komitəsinə birbaşa Kəmaləddin Heydərovun kadrları rəhbərlik edir, vəzifələri də onun rəy verdiyi şəxslər tutur. Bu baxımdan "rus baron"un dilindən «Hani Azərbaycanda bütün dövlət səndən sorulurdu, Kəmaləddin» deyilərkən, ehtimal ki, Heydərovdan xəbərsiz Azərbaycana girib-çıxmağın mümkün olmadığına işarə vurulur.

O da ola bilər ki, ötən il “Kurtlar vadisi pusu”nun yaradıcı heyətini Azərbaycanda qonaq edən Kəmaləddin Heydərov yarızarafat-yarıciddi onlara «Azərbaycanda bütün dövlət məndən sorulur» deyə, özünü təqdim də edib...

«Kəmaləddin»in iş başında olmamasını İSRAİLLƏ bağlı bir toplantıya qatılmaqla izah etməsi də maraq doğurmaya bilməz. Məlumdur ki, “Kurtlar vadisi pusu”nun yaradıcı heyəti AKP hökuməti ilə yaxın əlaqələrə malikdir. AKP hökumətinin İsraillə münasibətlərinin gərgin olduğu isə hər kəsə məlumdur. Ona görə də AKP hökuməti özünə dost bilmədiyi hər kəsi İsrailə bağlayır, onun Türkiyə əleyhinə olduğunu iddia edir. Serialda da bu zaman-zaman əksini tapır.

Bu baxımdan bir çox əlamətlərinə görə Kəmaləddin Heydərovun prototipi olan «Kəmaləddin»in İsraillə bağlanması təəccüblü olsa da, təsadüfi deyil. Belə ki, «AzPolitika.info»ya daxil olan bəzi bilgilərə görə, Kəmaləddin Heydərova məxsus fabrik, zavod və otellərin rəhbərliyində çalışan türklərin əksəriyyəti AKP hökumətini qəbul etməyən insanlardı...

Ancaq serialda Kəmaləddin Heydərovun «vurulmasının» sadəcə bununla bağlı olduğunu iddia etmək düzgün olmazdı. Bir ara Heydərovla dostluq qədəhləri qaldıran serialın yaradıcı heyətinin belə kəskin dönüşünün arxasında daha ciddi səbəblərin olduğu şubhə doğurmur.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar