Namizəd "vergisiz vergi sistemi" təklif edir (VİDEO)

1 noyabr parlament seçkilərində deputatlığa namizədlər təbliğat-təşviqat işlərini davam etdirirlər. Seçki yarışına qoşulan namizədlər millət vəkili olacaqları təqdirdə hansı işləri görəcəklərini açıqlayırlar. Bəziləri vətəndaşların səsini əldə etmək üçün konkret seçki dairəsinin problemlərinin həlli istiqamətində populist vədlər verməklə məşğuldurlar. Hansı ki, bu vədlərin çoxu elə seçki günü yaddan çıxır. Ancaq elə namizədlər də var ki, onlar yalnız seçicilərinin məişət qayğılarını aradan qaldırmaq istiqamətində deyil, eyni zamanda ölkədəki sosial-iqtisai problemlərin həll ilə bağlı konkret təkliflərlə çıxış etmək niyyətində olduqlarını bildirirlər. 34 saylı Xətai II seçki dairəsindən namizədliyi qeydə alınmış Elçin Qurbanovu da belə namizədlərdən hesab etmək olar.

İxtisasca iqtisadçı olan Elçin Qurbanovun seçki platformasında millət vəkili seçiləcəyi təqdirdə respublikadakı iqtisadi problemlərin həlli istiqamətində irəli sürəcəyi təkliflər çoxluq təşkil edir. Onun xüsusilə “vergisiz vergi sistemi” haqqında mülahizələri diqqəti cəlb edir.

Elçin Qurbanov bu istiqamətdəki fikirlərini "Azpolika.info" saytı vasitəsilə geniş auditoriyaya da təqdim edib. Tanış olaq:

- Mən ölkə iqtisadiyyatının inkişafına töhfə vermək üçün hələ bəşər tarixində heç vaxt istifadə edilməmiş vergi sistemi layihəsini hökumətə təqdim etməyi düşünürəm. Əlbəttə ki, deputat seçilsəm də, seçilməsəm də bunu etmək üçün əlimdən gələni edəcəyəm. Ancaq millət vəkili olmağım bu layihənin parlament səviyyəsində müzakirəsini reallaşdırmağa imkan verəcək.

Qeyd edim ki, sözügedən layihə mənim elmi işimdir. Çox yaxın gələcəkdə onu tamamlamağı planlaşdırıram. Əlbəttə, mən elmi yaradıcılıq fəaliyyətimin nəticələrinin müdafiə etdiyim xarici ölkədə deyil, ilk növbədə doğma vətənimdə tətbiq edilməsini istərdim.

Hər bir dövlətin vergi siyasətinin qarşısında hər zaman başlıca məqsədlər dayanır. Əsas məqsədlərdən biri də vergi ödəyiciləri tərəfindən vergi yükünün hiss edilməməsidir. Bu da sahibkarlıq fəaliyyəti sahəsində vergi risklərinin minimallaşdırılması, fəaliyyətin stimullaşdırılması, investisiya mühitinin zənginləşdirilməsi kimi müsbət iqtisadi nəticələrə xidmət edir.

Məlumat üçün bildirirəm ki, bu gün sahibkarları daha çox dəstəklədiklərini bəyan edən qonşu Rusiya, Ukrayna və başqa ölkələrdə tətbiq edilən “vahid vergi” forması heç də mükəmməl bir sistemi deyil. Əslində heç onu vahid vergi adlandırmaq da doğru olmaz.

Çünki sözügedən ölkələrin vergi qanunvericiliyində nəzərdə tutulmuş vahid vergi forması üzrə dərəcələr sahibkarlıq subyektlərinin işçi personalı və ticarət dövriyyəsi ilə münasibətdə dəyişir. Bu da ölkə üzrə vahid vergi anlayışının nisbi xüsusiyyətlərilə xarakterizə edilir.

Mənim hazırladığım dövlət vergi sistemi layihəsi isə ümumiyyətlə sahibkarlıq tərəfindən hiss edilmədən daha şəffaf, daha səmərəli və bütün sistemlərdən daha operativ vergi yığımının həyata keçirilməsinə zəmin yaradır. Bu həm də ölkədə iqtisadi təhlükəsizliyin mühafizəsi üçün şərait yarada bilir. Ən başlıcası isə, bu sistem iqtisadi idarəetmənin ən mükəmməl forması kimi iqtisadi terrorun qarşısını yüz faiz ala biləcək qədər mükəmməl elementləri özündə birləşdirir.

Bu günümüzdə belə bir layihənin həyata keçirilməsi, iqtisadi həlqələrin müasir idarəetmə alətləri ilə əlaqələndirilməsi üçün yetərincə şərait mövcuddur. Mən bu layihənin adını “ Vergilərsiz vergi siyasəti” və ya “Vergilərsiz vergi sistemi” adlandırmişam. Bu adı təsadüfi seçməmişəm.

Hesab edirəm ki, lahiyə ölkə iqstiadiyyatının çiçəklənməsinə böyük töhfə verəcək. Eyni zamanda hazırkı vergi risklərinin və narazılıqların tamamilə aradan qaldırılmasında əvəzsiz rol oynayacaq. Hansı ki bu narazılıqlara istənilən cəmiyyətdə rast gəlmək mümkündür. Vergi mədəniyyətinin hələ tam formalaşmadığı, vergi mühitinə həm maddi, həm də mənəvi adaptasiyanın başa çatmadığı Azərbaycan kimi ölkələrdə isə bu özünü daha qabarıq göstərir. Baxmayaraq ki, mənim xüsusi hörmət bəslədiyim nazir cənab Fazil Məmmədovun rəhbərlik etdiyi qurum vergi risklərinin minimallaşdırılması və sahibkarlıq subyektlərinə yersiz müdaxilələrin qarşısının alınması məqsədilə partnyorluq sazişinin operativ şəkildə tətbiqi sahəsində lazımi tədbirlər görməkdədir. Mənim təkliflərimin reallaşması isə bu problemi tamamilə aradan qaldıracaq.

Əlbəttə, mən deputat seçilməsəm də bu təkliflərimi lazımı qurumlara təqdim edəcəyəm. Ancaq hörmətli seçicilər mənə etimad göstərsələr, mən bir millət vəkili kimi öz bilik və bacarığımdan xalqımızın, dövlətimizin inkişafı yolunda daha səmərəli istifadə edə bilərəm. Milli Məclisdə təmsil olunmaq bunun üçün daha əlverişli şərait üçün imkanların yaranması deməkdir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar