“BİR DEPUTAT MALİYYƏ NAZİRİNDƏN HESAB SORDUMU?” – “Monopoliyaya görə gömrükdən istefa verdim”

25 saylı Nizami İkinci Seçki Dairəsindən deputatlığa namizəd, ADP sədrinin müavini Nurəddin İsmayılovun “AzPolitika.info”ya müsahibəsi

- Nurəddin bəy, müşahidələrə görə, müstəqillik dövrünün ən maraqsız, sönük parlament seçkisi keçirilir. Bir çox siyasi partiyalar, o cümlədən təmsil olunduğunuz təşkilat seçkiləri boykot edib. Nəyə əsaslanaraq seçkilərdə iştirak edirsiniz?

- Çox düzgün qeyd edirsiniz ki, bu seçki son 25 ildə keçirilən parlament seçkiləri sırasında ən maraqsız, sönük, siyasi yükü çəkisizləşdirilən, beynəlxalq təşkilatların seçki müşahidəsi missiyasından imtina etdiyi və seçici aktivliyinin ən aşağı səviyyəyə düşdüyü seçki kimi yadda qalacaq. Təbii ki, bunun başlıca səbəbini hakimiyyətin demokratik seçkilər keçirilməsində siyasi iradə nümayiş etdirməməsində, müstəqillik dönəmindən Avroatlantik məkana inteqrasiya ilə bağlı elan edilmiş xarici siyasət kursundan üz döndərərək, avtoritar rus modelinə üstünlük verilməsində, parlamentin rolunun heçə endirlməsində axtarmaq lazımdır.

Əslində proseslərin anti-demokratik yön alması uzun illərdir müşahidə olunmaqda idi və hakimiyyət demokratik institutların sıxışdırılıb siyasi səhnədən çıxarılması üçün gərəkən addımları atırdı. İlk növbədə müxalifyönlü partiyalar hədəfə alındı. Bəlli məsələdir ki, hakimiyyət xalqın apolitik vəziyyətdə qalmasında nə qədər maraqlıdırsa, siyasi partiyalar da xalqın siyasi şüurunun maariflənməsində, onların ictimai proseslərdə aktiv iştirakında, siyasi mədəniyyətin formalaşmasında bir o qədər mühüm rol oynayır. Ona görə də, hakimiyyət ilk növbədə on minlərlə üzv və tərəfdarları olan siyasi partiyaları göz ardı etdi, rəhbərlərini təqib etdi, sərbəst toplaşmalara məhdudiyyətlər qoydurdu, bütün resurslarını onların siyasi səhnədən uzaqlaşdırılması və ictimai mühitdə düşmən obrazının yaradılması istiqamətinə yönəltdi.

Daha sonra söz və mətbuat azadlığına qadağalar başladı. Alternativ informasiya məkanı daraldıldı.

Qeyd etdiyim kimi bu faktlar bu gün yaşanan ölgünlüyə, apolitik vəziyyətin yaranmasına, xalqın seçkilərdə iştirakının qarşısının alınmasına, parlamentin əhəmiyyətsiz bir quruma çevrilməsinə, idarə edənlərlə idarə olunanlar arasında əlaqənin zəiflədilməsinə gətirib çıxardı.

O ki qaldı təmsil olunduğum partiyanın seçkiləri boykot məsələsinə, bu məsələ heç də siz dediyiniz kimi deyil. ADP seçkiləri boykot yolu tutmayıb. Partiyanın qərarında seçkilərdən geri çəkilmə beynəlxalq təşkilatların seçkiləri müşahidədən imtina etməsi, ölkədə seçki mühitinin olmaması ilə əlaqələndirilib və bu geri çəkilmə üzvlərin sərbəst seçkilərdə iştirakına məhdudiyyət qoyulması anlamına gəlmir.

Seçkidə iştirakımla bağlı onu deyə bilərəm ki, mən parlamentin yeniləşməsinin, təkcə bir partiyadan və komandadan deyil, müxtəlif partiyalardan, ayrı-ayrı müstəqil düşüncə sahiblərindən formalaşmasının tərəfdarıyam və hesab edirəm ki, parlamentin yorucu və ölgün sifəti yeni təmsilçilərlə əvəzlənməlidir. Ona görə də, seçkilərə qatılmışam.

- Bilirik ki, uzun zaman Gömrük Komitəsində işləmisiniz. Oradan uzaqlaşıb siyasi fəaliyyətə başlayarkən qarşınıza nə məqsəd qoymuşdunuz?

- Bəli, mən on il Gömrük Komitəsində və ondan da əvvəl dörd il icra sistemində məsul vəzifələrdə çalışmışam. İlk vəzifəmdən partiyanın çıxardığı qərara əsasən, Gömrük Komitəsindən isə şəxsi təşəbbüsümlə istefa vermişəm. Siyasi fəaliyyət üçün siyasi bilgi və siyasi iradə tələb olunur və mən özümdə bu keyfiyyətlərin olduğunu dəqiq bildiyim üçün siyasi fəaliyyətlə məşğul olmağa qərar verdim.

Əslində mən 1991-ci ildə təsis edilmiş ADP-nin ilk qurucularından olmuşam, lakin gömrük orqanlarında fəaliyyətə başladığıma görə partiyadakı siyasi fəaliyyətimi dondurmuşam. Lakin məni tanıyanlar nəzəri olaraq siyasi fəaliyyətdən kənarda qalmadığımı, ölkə və dünyada gedən proseslərə bu və ya digər formada münasibət bildirdiyimi yaxşı bilirlər.

Gömrükdən uzaqlaşmağımın başlıca səbəbi isə bu orqanda adi vətəndaşlardan tutmuş iş adamlarına kimi, tətbiq edilən süründürməçiliklər, monopolist qüvvələrin ölkənin iqtisadi sistemini çökdürməsinə göz yumulması, idxal-ixrac əməliyyatlarından əldə edilən küllü miqdarda vəsaitlərin dövlət büdcəsindən gizlədilərək mənimsənilməsi, layiqsiz, gömrük işindən anlayışı olmayan kadrların yüksək postlarda oturdularaq iş adamlarının başına oyunlar açması, əməkdaşların sərhəd gömrük məntəqələrində dövlətin siması olmaq əvəzinə dövlətin simasını pozan yaramaz əməllərə yol verməsi kimi ürəkbulandırıcı naqisliklər olub. Hesab edirəm ki, parlamentdə təmsil olunduğum halda bu və ya digər dövlət orqanlarında yaşanan neqativlərin aradan qaldırılmasında, ölkədə korrupsiya, rüşvətxorluq, monopoliyanın durdurulmasına yol açacaq qanunvericilik bazasının yaradılmasında fəal iştirak edə bilərəm.

- Əsas rəqibiniz sözsüz ki, YAP-ın dəstəklədiyi namizəddir. Hakim partiyanın namizədinə qarşı hansı resurslarla durmaq niyyətindəsiniz?

- “Nəsimi” filmində Şirvanşah İbrahimxəlilin Nəsimiyə dediyi bir söz var. Şirvanşah deyir ki, şair, bütün şirvan əhli mənim hüzuruma ənamla gəlir. Sən niyə əli boş gəlmisən. Nəsimi deyir ki, mənim cəvahiratım beynimdədir. Əlbəttə, iqtidar partiyasında təmsil olunan hər bir namizədin resursları kifayət qədərdir və onların material gücü hakimiyyətin verdiyi dəstəklə bağlıdır. Lakin bu o demək deyil ki, resursları olmayan ağıl və düşüncə sahibləri parlamentdən qıraqda qalmalı, zəhmətsiz gəlirlərlə zənginləşən insanlar hər hansı bir vasitə ilə olur-olsun, parlamentdə təmsil olunmalıdır.

Mənim iqtidardan olan rəqibim bundan əvvəl həmin dairədən deputat seçilmiş, YAP-ın Nizami rayonu üzrə təşkilat sədri və baş həkimdir. Yəni rayonda tanınan və müəyyən nüfuzu olan insandır. Rəqiblərimin hər birinə hörmətlə yanaşıram, amma mən seçki platformamda, etdiyim çıxışlarda seçiciləri nəinki öz dairəmdə, hətta bütün ölkə üzrə dairələrdə iqtidar namizədlərinə alternativ insanlara səs verməyə çağıracam.

Yetər ki, parlamentin bir partiyadan, bir komandadan formalaşması ənəsinə son qoyulsun. Parlament xalqın danışan dili, düşünən beynidir. Biz illərdir ki, parlamentdə danışan dillərin, düşünən beyinlərin aktiv vəziyyətdə olduğunu görmürük. Milli Məclisdə olanların əksəriyyəti yuxarıdan, Prezident Aparatından gələn hazır reseptlərlə öz işini qurub və millətimiz onların səsinin təmsilçisi olanları bir çox hallarda salonda mürgüləyən vəziyyətdə görüb.

Lakin biz parlamentin funksiyasının özünə qaytarılması, onun dövlət həyatındakı rolunun artırılması, parlamentin digər hakimiyyət qolları üzərində qanunvericilik və ictimai nəzarət funksiyasının gücləndirilməsi haqda dərindən fikirləşməliyik. Hazırkı şərait onu göstərir ki, parlament bütövlükdə ali icra hakimiyyətinin əlavəsinə çevrilib. Bu hal yerlərdə də özünü göstərir. Özünüidarəetmə mexanizmini həyata keçirən bələdiyyələr yerli icra strukturlarından asılı vəziyyətə salınıb.

Parlament müstəqil şəkildə öz funksiyasını yerinə yetirə bilsəydi, Beynəlxalq Bankda kredit maxinasiyaları ilə dövlət büdcəsinə 8 milyard ziyan vurulmazdı. Necə olub ki, ayrı-ayrı oliqarxlar heç bir girov qoymadan, təminat göstərmədən bu bankdan yüz milyonlarla kredit götürərək mənimsəyə bilirlər? Bəs bu bankın fəaliyyətinə nəzarət etməli olan Maliyyə Nazirliyi hara baxırdı? Niyə maliyyə naziri, onun bu bankda Müşahidə Şurasının sədri olan müavini vaxtında bu talanın qarşısını almayıb? Ölkədə müstəqil parlament, nəzarət funksiyasını yerinə yetirən Milli Məclis olsaydı, belə özbaşınalıqlara yol vermək mümkün olmazdı. Parlament maliyyə nazirini hesabata çağırar, bu biabırçılıqlara aydınlıq gətirilməsini tələb edərdi. Amma hazırki YAP parlamentindən biz bunu görürükmü? Kimsə çıxıb Beynəlxal Bank vasitəsilə xalqın oğurlanan pullarının hesabını sorurmu? Xeyir! Elə təkcə bu fakt Azərbaycan xalqına kifayət etməlidir ki, parlamentin müxalif mövqeli insanlardan təşkil olunması zərurətini anlasın və hakimiyyətin, YAP-ın namizədlərinə səs verməsin.

Manatın məzənnədən düşməsi, ölkə iqtisadiyyatının inflyasiya ilə üz-üzə qalması, monopoliyanın orta və kiçik biznesi sıradan çıxararaq azad bazar iqtisadiyyatını çökdürməsi də məhz parlamentin ictimai nəzarət mexanizmini həyata keçirə bilməməsi ilə bağlıdır.

Parlament siyasi plüralizmin qorunduğu, fərqli düşüncələrin, fraksiyaların dövlətin ümumi mənafeyi gözlənilməklə, çarpışmalar aparıldığı arena olmalıdır. Parlament daxili və xarici məsələrdə xalqın səsini dinləməlidir. Xalq neçə ildir qardaş Türkiyənin varlığını sarsıtmağa yönələn PKK-nın terror təşkilatı kimi tanınmasını tələb etsə də, parlament bu istiqamətdə qətiyyət nümayiş etdirməyib.

Mən 25 ilə qədərdir ki, Nizami rayonunda yaşayıram və bu rayonun problemləri ilə yaxından tanışam. Parlamentdə təmsil olunacağım halda rayonun iqtisadi, sosial mədəni problemlərinin həlli ilə yanaşı bütövlükdı ölkə çapında mövcud problemlərin həlli istiqamətində səylər göstərəcəm.

V.NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar