Yeni ipoteka təklifləri hökumətə təqdim edilib

Azərbaycan Mərkəzi Bankı ölkədə ipoteka kreditləşməsinin canlanması prosesini dəstəkləyəcək. Bu barədə Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov çərşənbə axşamı parlamentdə 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bəyan edib.

“İpotekanın genişlənməsi hökumət və AMB-nin prioritetlərindən biridir. İndiyədək Azərbayan İpoteka Fondunun xətti ilə 17,5 min ailə 700 mln. manatdan artıq məbləğdə ipoteka krediti alıb. Banklar öz proqramları çərçivəsində 500 mln. manatdan artıq məbləğdə kredit veriblər”, - deyə E.Rüstəmov qeyd edib.

Onun sözlərinə görə, əhatə baxımından tikinti və daşınmaz əmlak sektorları böyük məşğulluq yaradırlar.

“Bu nöqteyi-nəzərdən ipotekanın canlanması çox vacibdir. Bununla əlaqədar AMB Maliyyə Nazirliyi ilə birgə kreditlərin məbləğinin artırılması və faiz dərəcələrinin azaldılmasına (AİF-in xətti ilə verilən kreditlər üzrə) dair təkliflər təqdim edib. AMB bu prsosesi gələn il də dəstəkləyəcək”, - deyə E.Rüstəmov vurğulayıb.

AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.

Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 30 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar