"Etnik azərbaycanlıları narahat edən məsələləri həll edəcəyik"

“Biz azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsində kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetiririk. Kvemo-Kartli əsas prioritet saydığımız regionlardan biridir. Burada torpağın dilini bilən insanlar yaşayır, biz bu əməksevər xalq üçün hər cür şərait yaratmağa çalışırıq. Kvemo-Kartli kənd təsərrüfatının inkişafı baxımından lider bölgədir”.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın kənd təsərrüfatı naziri Otar Daneliya deyib.

O qeyd edib ki, BMT kənd təsərrüfatının inkişafı istiqamətində Gürcüstana çox kömək edir: “Biz Kvemo-Kartlidə kənd təsərrüfatının inkişafı üçün pilot layihələr, proqramlar həyata keçiririk, həmçinin fermerlərə aşağı faizlə kreditlər veririk, qrant layihələri ayırırıq".

O. Daneliya Gürcüstanda kənd əhalisi üçün əkin torpaqlarının çatmadığı, habelə azərbaycanlılar yaşayan bölgələrdə torpaq çatışmazlığı probleminin yaşandığı haqqında məlumatlı olduğunu bildirib: "Gürcüstan kiçik ölkədir və burada torpaq heç kimə çatmır. Əlbəttə ki, bu sahədə çatışmazlıqlar mövcuddur. Parlament "Torpaq haqqında" qanun qəbul etmək ərəfəsindədir. Tədricən əhalini, xüsusilə milliyyətcə azərbaycanlı olan vətəndaşlarımızı narahat edən məsələləri həll edəcəyik".

Nazir azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli, Saqareco, Qardabani və digər bölgələrdə əcnəbilərə torpaq satışının dayandırıldığını da bildirib: "Biz torpaq satışı ilə bağlı bütün problemləri bilirik. Keçmiş hakimiyyətin vaxtında həyata keçirilən torpaq islahatı layihəsində bir çox çatışmazlıqlar olub. Biz tədricən bu problemləri həll edəcəyik".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar