PUTİNİN “SURİYA GEDİŞİ” - Ümidsiz zamanlar və çarəsiz bəlağət

Prezident Barak Obama belə fikirdədir ki, Vladimir Putinin Suriyadakı hərbi əməliyyatları Qərbin maliyyə sanksiyaları üzündən ölkəsinin iqtisadi vəziyyəti zəifləyən bir insanın çarəsizliyidir. Düzdür, sanksiyaların gətiriyi məhdudiyyətlər müəyyən çətinliklər yaradıb. Amma Rusiya iqtisadiyyatı üçün daha mühüm məsələ neftin qiymətinin aşağı düşməsi və ona olan tələbin Asiyada azalması ilə bağlıdır. Moskva düşünür ki, ən çətin günlər artıq arxada qalıb. (Foreign Policy)

Obama Suriya diktatoru Bəşər Əsədin müdafiəsi üçün Rusiya tərəfindən həyata keçirilən hərbi kampaniyanın ABŞ-ın beş il ərzində bu ölkədəki rejimin yıxılması cəhdinin nəticəsiz olmasını deyil, Rusiyanın zəiflik əlaməti kimi xarakterizə edir.

Obama “CBS” telekanalındakı “60 dəqiqə” proqramında Rusiyanın strateji baxışlarına kinayə ilə yanaşaraq, bildirib ki, iqtisadiyyatı yerdə tapdalanan bir ölkənin özünün yeganə müttəfiqinin yardımına qoşun yollaması çətin ki, effektli metod sayılsın. Daha sonra o, Suriyadakı vətəndaş müharibəsində Rusiyanın artan rolu ilə bağlı ideyanı qəbul etməyərək, onların bu addımını beynəlxalq dəstək ala bilməyən “yalquzaqın” strategiyası adlandırıb.

Rusların vəziyyəti tamamilə başqa cür təsəvvür etmələri isə təəccüblü deyil. Beləki, investisiya forumunda çıxış edən Putin bəyan edib ki, iqtisadi böhranın pik nöqtəsi demək olar ki, geridə qalıb. Maliyyə naziri Anton Siluanov müsahibəsində söyləyib ki, hal-hazırda Rusiya mürəkkəb vəziyyətdən çıxır və bu Moskvanın apardığı iqtisadiyyatın sabitləşdirilməsi siyasəti sayəsində baş verir. Onun sözlərinə görə, artıq gələn ildən Rusiya iqtisadiyyatındakı böyümə bərpa ediləcək. Amma Dünya Bankının proqramına əsasən Rusiya iqtisadiyyatının kiçilməsi növbəti ildə də davam edəcək və böyümə yalnız 2017-ci ildə gözlənilir.

Hər necə olmasına baxmayaraq, iqtisadi problemlər və büdcənin azaldılması “rus ayısını” zəiflətməyib. Dünya Bankının qeyd etdiyinə görə, 2015-ci ilin ilk yeddi ayı ərzində Moskvanın müdafiə xərcləri 30% artıb.

Rusiya iqtisadiyyatı son il ərzində laxlayan bir vəziyyətdə olub. 2015-ci ilin ilkin proqnozlarına görə ölkənin Ümumi Daxili Məhsulu 3,8% azalıb və bu dünya iqtisadi böhranının tüğyan etdiyi 2009-cu ildən sonra ən pis göstəricıdır. Amma vəziyyətin belə hal alması çox çətin ki, təkcə Avropa Birliyi və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar sayəsində baş verib.

Tehranın neft ixracından gəlir əldə etmək imkanını məhdudlaşdırmaqdan ötrü İranın enerji kompleksinə qarşı tətbiq olunmuş sanksiyalardan fərqli olaraq, Moskvaya tətbiq edilmiş sanksiyalar yaxın perspektivdə Rusiyanın zəiflədilməsi üçün nəzərdə tutulmayıb.

Bu sanksiyaların başlıca məqsədi Rusiyanın Qərbin maliyyə bazarlarına və neft-qaz layihələrinin reallaşdırılması üçün Moskvaya lazım olan texnologiyaya çıxışının məhdudlaşdırılmasından ibarətdir. Bu layihələrə Arktikadakı və həmçinin də xeyli saydakı Rusiya şist neft yataqlarında kəşfiyyat işlərinin aparılması da aiddir. Çünki hər iki layihə növbəti on ildə ölkədəki neft-qaz hasilatının təminatı üçün çox vacibdir. Daha mühüm faktor 2014-cü ilin yayından 50% aşağı düşən ucuz neft qiymətləridir. Aşağı düşən qiymətlər dövlət xəzinəsinin boşalması mənasına gəlir.

Brukinqs İnstitutundan Rusiya üzrə ekspert Klifford Qeddi “Foreign Polisy” nəşrinə müsahibəsində deyib: ”Sanksiyalar işləyir, lakin onların təsiri neftin qiymətinin aşağı düşməsi ilə heç bir müqayisəyə gəlməz”.

Rusiyanın “VTB” dövlət bankının prezidenti Andrey Kostin bu yaxınlardakı müsahibəsində bildirib ki, ölkə iqtisadiyyatının iki əsas problemi ucuz neft və Asiyadakı iqtisadi durğunluqdur, Qərb sanksiyaları isə yalnız bunlardan sonra gəlir. Dünya Bankı neft də daxil olmaqla ucuz xammal məhsullarını Rusiya iqtisadiyyatı üçün aparıcı faktor adlandırıb. Ancaq bu o demək deyil ki, sanksiyalar heç bir təsir göstərmir.

Ola bilər ki, daha böyük rolu ABŞ-ın digər fəaliyyətləri oynayıb. ABŞ-da çıxarılan neft və qaz dünya miqyasındakı hasilata ciddi təsir göstərdiyi üçün neftin qiyməti aşağı düşüb və bu da ağrılı şəkildə Rusiyaya (və Venesuela, İran və İraq kimi neft çıxaran ölkələrə) öz təsirini göstərib.

Öz iqtisadi bədbəxtliklərində müəyyən qədər Rusiyanın da payı var. Beləki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, OPEK ölkələri kimi, Rusiya da daha artıq neft çıxarmağı davam etdirir. Bu ilin sentyabrında Rusiyada hasil olunan neftin həcmi rekord həddə çataraq, gün ərzində 10,4 milyon barel təşkil edib.

Vladimir Putinin bioqrafiyasının müəlliflərindən biri olan Klifford Qeddi deyir ki, Obamanın Putinin dayandırılması üçün sanksiyaların kifayət olduğunu bəyan etməsi, onun əsas mühüm məqamlardan birini - Rusiya prezidentini hansı qüvvələrin müdafiə etməsini anlamamasını göstərir. Sanksiyalara məruz qalanlar və Putinin yaxın ətrafına aid olan şəxslər prezidenti özünü daha sərt aparmağın vacibliyinə inandırmağın əvəzinə, ona itaətkarsızlıq nümayiş etdirsələr, daha çox şey itirərlər.

Bu barədə K.Qeddi deyir: ”Həmin şəxslər heç vaxt ona öz mövqeyindən imtina edərək, güzəştə getməsini qətiyyən söyləməzlər. Onlar ağrılı sanksiyalara dözməyi, özlərinə hansısa ciddi problemlər yaratmaqdan daha üstün tuturlar”.

K.Qeddinin fikrinə görə, Rusiyanın Suriyaya müdaxiləsi heç də ölkə iqtisadiyyatının zəifləməsi səbəbindən atılmış spontan addım deyil. Burada əsas məqsəd Rusiyanı yenidən beynəlxalq hadisələr səhnəsinə daxil etmək cəhdidir. O daha sonra söyləyib: ”Əsədin gələcək taleyi Putin üçün ikinci dərəcəli məsələdir. Rusiya Amerika ilə münasibətləri korlamaq istəmir. Moskva beynəlxalq qərarların qəbul edildiyi məkanın bir parçası olmağı arzulayır. Ona görə də Rusiya cəsarətli addım ataraq, ABŞ–ı onunla bir masa arxasında əyləşməyə məcbur etmək fikrindədir”.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar