Elman Abdullayev: “Ermənistan qonşu ölkələrin torpaqları üzərində yaranıb”

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin SİA-ya müsahibəsi:

- Elman müəllim, yaxın vaxtlarda Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılırmı?

- Bəzi media orqanlarında Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında yazılır. Amma hazırda xarici işlər nazirlərinin görüşünə dair konkret vaxt yoxdur. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü planlaşdırılıb və görüşün vaxtı dəqiqləşdirilir.

- Ermənistanın bəzi dövlət rəsmiləri Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir, Ermənistanın itirilən “torpaqları”nın geri qaytarılmasının vacibliyini və bunun üçün BMT səviyyəsində iş görülməsini qeyd edirlər. Bu kimi məsələlər danışıqlar prosesinə mənfi təsir göstərmir ki?

- Ermənistan qonşu ölkələrin torpaqları üzərində yaranan dövlətdir. Ermənistan paytaxtından başlayaraq bu ölkədə olan yer adlarının əksəriyyəti Azərbaycan mənşəlidir. Bu məsələlərdə radikal ermənilərin torpaq xülyasına qapılması, ultra milliyyətçi olması absurd və əsassızdır. Regionun təhlükəsizliyinin tam şəkildə təhdid altında olmasının əsasında Ermənistanın torpaq xülyası dayanır. Ermənilərin torpaq iddiaları əsassızdır. Belə çıxışlar bir erməni rəsmisinin nə qədər aşağı səviyyəli olduğunun göstəricisidir. Onların BMTsəviyyəsində iş görmələri ilə bağlı məsələyə gəldikdə isə, Azərbaycanın ərazi bütövlüyü dünya ictimaiyyəti tərəfindən tanınıb. Azərbaycan BMT-yə hazırkı inzibati sərhədlərimiz çərçivəsində qəbul olunub. Bunu təsdiqləyən minlərlə sənəd var. Ermənistan rəsmisinin belə bir iddia ilə çıxış etməsi rəsmi İrəvanın ultra milliyyətçi dairələrin təzyiqi altında fəaliyyət göstərdiyinin bariz nümunəsidir. Bu, çox təhlükəli düşüncə olduğuna görə təəssüf doğurucu haldır. Regionda hadisələrin çox təhlükəli bir məcrada inkişaf etdiyini nəzərə alsaq, belə düşüncələr regionu çox təhlükəli məcraya sürükləyə bilər. Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə yanaşı, qonşu ölkələrə də ərazi iddiaları ilə çıxış edir. Bu, Ermənistan üçün təhlükəli bir yanaşmadır. Məhz bu səbəbdən, Ermənistan özünü regionun inkişaf prosesindən təcrid edir.

- İran tərəfi Rusiya dövləti ilə birgə Xəzər dənizində hərbi təlimlər keçirmək niyyətindədir. Artıq bu istiqamətdə hazırlıqlara belə başlanılıb. Sizin bu atılan addımlara münasibətinizi bilmək istərdik?

- Xəzərin hüquqi statusunun müəyyən edilməsi hazırda danışıqlar predmetidir. Azərbaycan tərəfinin mövqeyi bundan ibarətdir ki, Xəzər dənizi militarist zona olmamalıdır və hərbiləşməməlidir. Azərbaycan Xəzəryanı ölkələrlə əməkdaşlığını davam etdirir. Azərbaycan bir çox məsələlərdə ortaq məxrəcə gəlib. Razılığa gəlinməyən məsələlərlə bağlı müzakirələr davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar