SABİQ NAZİRƏ MESAJ GÖNDƏRİLİB- "Biznesini verməsən oğlun həbs ediləcək"

Füzuli Ələkbərovdan ailə üzvlərinə məxsus “İmprotex” şirkətini təhvil verməsi tələb olunur

“İsmayıllı işi” məhkəməsinə çağırılan Vüqar Ələkbərova sərt suallar veriləcək, “Kəpənək dairəsi”ndə taksi sürücüsünü necə döyməsi ilə bağlı video nümayiş etdiriləcək

“İsmayıllı işi” üzrə məhkəmədə hakimin keçmiş nazir Füzuli Ələkbərovun və onun qardaşı-keçmiş icra başçısı Nizami Ələkbərovun oğlanlarını prosesə dəvət etməsi haqqında artıq məlumat verilib. Bu gün keçiriləcək məhkəmədə prosesində sabiq Əmək və Əhlinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun və Nizami Ələkbərovun oğlu Elxan Ələkbərovun iştirakı gözlənilir. Belə bir vaxtda hakimin məlum qərarı verməsinin səbəbləri ilə bağlı maraqlı məlumatlar yayılıb...

Bu haqda danışmazdan öncə qeyd edək ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun və icra başçısı işləyən qardaşı Nizami Ələkbərovun vəzifədən çıxarıldıqdan sonra yenidən biznes sektoruna qayıtdıqları haqda mətbuata məlumat verilib. Özləri də bunu təsdiqləyiblər. Əslində burda təəccüblü də nəsə yoxsur. Çünki Ələkbərov qardaşları vəzifəyə elə biznesdən gəlmişdilər. Yəni, bir çox nazirlərdən fərqli olaraq bizneslərini vəzifnin hesabına yaratmayıblar. Ancaq bu da bir Azərbaycan reallığıdır ki, vəzifəsi, ya da vəzifədə olan himayədarı olmayan şəxsin böyük biznes qurması və onu qoruması mümkünsüzdür. Xüsusən də, hakimiyyətdə vəzifə tutub, "vurulan" şəxslərin əlində böyük biznesinin qalmasına imkan verilmir. Bununla bir tərəfdən həmin məmurların gələcəkdə öz imkanlarından hakimiyyətə qarşı istifadə etmək imkanlarının qarşısıı alınır, digər tərəfdən də iqdidardakı oliqarxlar öz bizneslərinin sərhədlərini bir qədər də genişləndirirlər...

Bu baxımdan heç də təəccüblü deyil ki, vəzifədən çıxarılan Ələkbərov qardaşlarının bizneslərini əlindən almaq istiqamətində ciddi fəliyyətlərə başlanılıb. Vəzifədən cıxarlmasını sakit qarşılamalarına baxmayaraq, onların ailə biznesinin əlindən alınması istiqamətində addımlar atılır.

Etibarlı mənbədən “Yeni Müsavat”a daxil olan məlumatda bildirilir ki, biznesinin böyük hissəsini təhvil vermək istəməyən F.Ələkbərovu indi də oğlu ilə sıxmağa başlayıblar. “İsmayıllı işi” məhkəməsi ilə bağlı sabiq nazirin oğlu Vüqar Ələkbərov və əmisi oğlu artıq məhkəməyə çağırılıb. Rəsmən onların zərərçəkən kimi məhkəməyə dəvət olunduğu bildirilsə də, əslində V.Ələkbərovu məhkəmədə çox çətin sınaq gözlədiyi bildirilir. Sabiq nazir oğlunu bir il “İsmayıllı işi”ndən kənar tutmağı bacarsa da, nəhayətdə gücü tükənib və ən zəif nöqtəsinin zərbə hədəfinə çıxmasını axıra kimi əngəlləyə bilməyib.

Məlumata görə, məhkəmədə V.Ələkbərova çətin suallar veriləcək və onun İsmayıllıdakı “Kəpənək dairəsi”ndə taksi sürücüsünü necə döyməsi ilə bağlı video nümayiş etdiriləcək. Mənbəmiz iddia edir ki, V.Ələkbərovun bu xüsusat üzrə məhkəmədə dindirilməsi hətta onun həbsi ilə nəticələnə bilər. Mənbə iddia edib ki, bu haqda sabiq nazirin özünə mesaj göndərilib. F.Ələkbərovun oğlu ilə sıxışdırılması həm də onun xanımının adına olan “İmprotex” şirkətini təhvil vermək istəməməsi ilə bağlıdır.

Mənbənin məlumatına görə, “İmprotex” şirkətində hazırda vəzifədə olan başqa bir məmurun payı var. Həmin məmur şirkəti F.Ələkbərovdan almağa çalışır. Nazirin oğlunun “İsmayıllı işi”ndə gündəmə gətirilməsi də bununla bağlıdır.

Qeyd edək ki, “İsmayıllı işi” məhkəməsində Müsavat başqanının müavini Tofiq Yaqublu ilə REAL hərəkatının sədri İlqar Məmmədov keçmiş icra başçısı Nizami Ələkbərovun məhkəməyə dəvət olunması ilə bağlı vəsatət qaldırıb. Məhbuslar deyiblər ki, Nizami Ələkbərov onların haqqında müsahibə verdiyi üçün onun məhkəmədə iştirakı vacibdir. Vəsatət qəbul olunmayıb.

Məhkəmə keçmiş icra başçısı Nizami Ələkbərovun oğlu ilə keçmiş nazir Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun məhkəməyə dəvət olunması haqqında qərar qəbul edib. Məhkəməyə gəlmələri ilə bağlı buna qədər onlara iki dəfə müraciət olunub. Məhkəmə fevralın 10-da davam edəcək.

İsmayıllı hadisələri 2013-cü il yanvarın 23-də baş verib. “Çıraq” otelinin iki işçisi yerli sakinləri təhqir edəndən sonra hadisələr qızışıb. Otel yandırılıb. İğtişaşlar yanvarın 24-də Daxili Qoşun hissələrinin İsmayıllıya gəlməsindən sonra yatırılıb. Bundan sonra 18 nəfər həbs olunub.

Onlar kütləvi iğtişaşların təşkili və iştirakında, hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar. İsmayıllı hadisələri ilə bağlı məhkəmə 2013-cü il noyabrın 4-də başlayıb və davam edir.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar