MTN işi və qırılan stereotiplər

Rüfət Əhmədzadə

Son üç-dörd gündür sosial şəbəkələrdə də, mətbuatda da ən çox müzakirə olunan mövzu “MTN işi”dir.

Bilən də danışır, bilməyən də. Məlumatlı olan da “şok” başlıqlar verir, olmayan da. Bir sözlə, hamı danışır. Hətta vaxtilə, “halal olsun, Azərbaycanda işləyən yeganə qurum MTN-dir” deyənlər belə, indi cənab prezidentə təşəkkür edir, həbs olunan o “mənfur generalitet”i isə lənətləyir.

Sən demə, son 12 ildə xalqımızın başına gətirilən bütün müsibətlərin tək baiskarı Eldar Mahmudov və onun komandası imiş. Bir tərəfdən baxanda, belə də olmalıdır. Əvvəl mitinqdə adam döyən çavuşlara anlayışla baxırdım ki, “rəis belə tapşırır”. Lakin 1-2 dəfə bölmələrə düşdüm, Qobustana “gəzinti”yə aparıldım, o zaman əksər çavuşların, sıravi polislərin rəhbərliyin gözünə girmək üçün nə oyunlardan çıxmasının yüzdə-yüz şahidi oldum. Adamlar onlara deyilməyəni belə edir, qızları-qadınları sürüməkdən, ataları yaşda kişilərə əl qaldırmaqdan çəkinmirlər… Bu da sistemin kütbeyin, uğursuz, savadsız gənclərə “stavka”sıdır. Əsas odur ki, qoluzorlu olsun, bir də pul sarıdan korluq çəkməsin.

MTN-də durum polisdən də betərdir. Betər olmasaydı, bu səviyyəyə gəlib çatmazdı. Mətbuatda üzə çıxan faktlar da bunu deməyə əsas verir. Ukraynada bir iş adamının qadınla şəklini və ya videosunu çəkib, sonra ondan pul tələb edən güc strukturundan, təhlükəsizlik orqanından nə gözləmək olardı?

Lakin bir məsələ var. MTN-in “iri” işlərlə məşğul olub, yüz min, iki yüz min, beş yüz min, bir milyon… Və sonda “ni tot” ayağı tapdalayıb.

Hakimiyyətə lazımlı qurumdur. Bu qurumdakı özbaşınalıqdan yuxarılarda xəbərdar idilər. Hətta yaşıl işıq da yandımışdılar. Elə olmasaydı, geydirmə agentliklər, göbələk kimi saytlar, əldəqayırma təşkilat və siyasi partiyalar, partiyalar içində oyuncaq siyasətçilər… Bunların hamısı puldur, atam balası.

Pul da büdcə deməkdir. Büdcə isə tələb edir ki, neftin qiyməti baha olsun. Əgər neftin qiyməti düşübsə, deməli, başqa yollar lazımdır. O boyda komandanı, “ordu”nu saxlamaq üçün bütün mümkün variantlara əl atmalısan… Amma hər biri ayrılıqda bir klana, “konsey”ə çevrilən nazirliklər hakimiyyəti zamanla güclü göstərmək əvəzinə, daha da zəiflətdi. Çünki məmurlar oliqarxa çevriləndə mərkəzdənqaçma meyilləri  də güclənir, onlar ipə-sapa yatmaz olurlar.

“MTN işi” isə hər kəs üçün gözdağı oldu. Artıq, bəzi məmurların yaxın aylarda könüllü surətdə haqq-hesab edib gedəcəyini də gözləmək olar.

Əsas odur ki, hakimiyyət özü də bilmədən cəmiyyətdə stereotipi qırdı. Nə olsun ki, hərə bir məqsədlə danışdı… Amma danışdı!

Xalq müzakirə etdi. Vaxt var idi, insanlar özəl mesajda belə M, T, N hərflərini yanaşı yazmağa qorxurdu.

Bu, demokratik oyanışın başlanğıcıdır. Davamı gəlsin!

Davamını xalqdan gözləyirəm…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar