“GERİ ÇƏKİLMƏYƏCƏYƏM...” - Rüstəm İbrahimbəyovdan yeni acıqlamalar

“Vəzifəmi axıracan yerinə yetirəcəyəm”

Son günlər iqtidaryönlü mediada, eləcə də hakimiyyətin sifarişini yerinə yetirən mətbuat orqanlarında Milli Şuranın (MŞ) sədri Rüstəm İbrahimbəyovun əleyhinə yenidən böyük kampaniya aparılır. Gah onun iqtidarla anlaşdığı, gah Milli Şuranın sədrliyindən istefa verəcəyi barədə yalan məlumatlar yayırlar. Hətta bəzi "müxalifət" mətbuatı da hakimiyyətin "bülbüllərinə" qoşulub, görkəmli dramaturqu "xəyanətdə" ittiham edir, təhqirlərə məruz qoyurlar. Haradan, kimlərdən sifariş aldığı hamıya bəlli olanlar İbrahimbəyovun demədiyi fıkirləri belə onun adından yaymaqdan cəkinmirlər. Maraqlıdır ki, Rüstəm İbrahimbəyov acıqlama verərək onun fikirlərinin təhrif olunduğunu söyləsə də, yenə onun Milli Şuradan ayrılacağı iddialarını davam etdirirlər. Bu iddiada olanları İbrahimbəyov "Yeni Müsavata" müsahibəsində bir daha məyus edib. O, belə fikirlərin iqtidarın sifarişilə yayıldığını bəyan edib. Həmin müsahibəni təqdim edirik.

- Rüstəm bəy, Sizin siyasətlə məşğul olmayacağınızı deməyiniz də birmənalı qəbul olunmadı və bu, müxalifətdən ayrılmağınızın anonsu kimi qəbul edildi...

- Mənim dediklərimi düz tərcümə eləməyiblər. Məni heç kim məcbur etməyib. Mənim vicdanım, məsuliyyətim məni məcbur elədi. Çünki mən heç vaxt, bundan qabaq da, sonra da siyasətlə məşğul olmaq, nə iqtidarda təmsil olunmaq istəməmişəm, istəməyəcəyəm də. Mənim heç vaxt buna marağım olmayıb, olmayacaq da.

-Amma belə fikir də var ki, siyasətlə məşğul olmaq istəməyən adam prezident olmaq iddiasına düşməz, böyük bir siyasi qurumun rəhbərliyinə gəlməzdi. Bu anlaşılmazlıqla bağlı nə deyərdiniz?

“Mənim qarşımda şərt qoymuşdular ki, sən sədr olmasan biz birləşməyəcəyik; bir neçə partiya dedi ki, sən bunu öz öhdənə götürməsən, biz Milli Şuradan çıxacağıq”

-Bu, anlaşılmazlıq deyil axı. İş ondadır ki, mən 3 il çox aktiv şəkildə Ziyalılar Forumunda fəaliyyət göstərdim. Bu, hamıya aydındır. Ona görə də mən qurumun təsisçilərindən biri idim. Sonra mən gördüm ki, seçkilər yaxınlaşır və bizim müxalifət birləşmir, onların bir-biri ilə arası yoxdur. Ona görə də onları birləşdirməyə başladım. İş ondadır ki, mənim qarşımda şərt qoymuşdular ki, sən sədr olmasan biz birləşməyəcəyik. İndi bu vəziyyətdə mən neyləməliyəm? Bu vəziyyətdə məcbur oldum, dedim, yaxşı, sədrliyi öz üzərimə götürürəm. Amma illər boyu dəfələrlə demişəm ki, mən siyasətlə məşğul olmaq istəmirəm, amma məcburam. Çünki vəziyyət elə idi ki, bunlar “ya biz birləşmirik, ya da sən sədr olmalısan” dedilər. Odur ki, bunu qəbul etdim. 1 aydan sonra isə mənə dedilər ki, vahid namizəd olmalısan. Bir neçə partiya dedi ki, sən bunu öz öhdənə götürməsən, biz Milli Şuradan çıxacağıq. Yenə də mən başa düşdüm ki, bu işi öz öhdəmə götürməsəm, Milli Şura dağılacaq. Ona görə mən məcbur oldum. Yəni menya ne zastavili...Mənim vicdanım, məsuliyyət hissim məni məcbur elədi və buna razılıq verdim. Bəli, bu razılıq mənim əvvəlki dediklərimə ziddir. Çünki mən həmişə demişəm ki, siyasətlə məşğul olmaq istəmirəm. Ancaq elə oldu ki, məni qanunsuz olaraq qeydiyyata almadılar və sübutlarım da var. İndi mən Milli Şuranın sədriyəm və əlimdən gələni edirəm ki, bizim vahid namizəd Cəmil müəllim... Özü də mən əvvəldən onun namizədliyini irəli sürürdüm, amma dedilər, yox, sən olmalısan. Tale elə gətirdi ki, Cəmil müəllim ikinci vahid namizəd oldu və çox gözəl namizəddir. Mən əlimdən gələni etdim, Milli Şura birləşdi və onu vahid namizəd seçdik, kömək də edirik. İndi mən başa düşmürəm bu, nə söhbətlərdir, nə təxribatdır.

Guya mən Milli Şuradan getmək istəyirəm. Mən vəzifəmi axıracan yerinə yetirəcəyəm. Yenə də deyirəm, mən ictimai fəaliyyətdən çəkilməyəcəyəm, həmişə əlimdən gələni edəcəyəm. Amma mənim hansısa partiyanın üzvü kimi vəzifəyə iddiam yoxdur. Siyasətçi o deməkdir ki, siyasətlə peşəkarcasına məşğul olur. Mən isə siyasi proseslərə necə qoşulduğumu aydınlatdım. Bunu başa düşmək istəyən başa düşür. Kim ki, başa düşmək istəmir, deyir bu adam deyirdi siyasətlə məşğul olmuram, amma Milli Şuranın sədri, ya vahid namizəd oldu. Mən bütün bunlara aydınlıq gətirdim. Mən geriyə çəkilmirəm, istefaya getmirəm, Milli Şura fəal işləyir və Cəmil müəllimin kampaniyasını biz aparırıq, əlimizdən gələni edirik. Mən də hələlik bu işlərin başındayam və mənsiz heç nə olmur.

- Bu arada Sizin London səfərinə getməməyiniz də birmənalı qarşılanmadı...

- Mən Londona getmişəm, ya getməmişəm, bu, mənim işimdir. İsa Qəmbər də London səfərinə getməli idi, ancaq getmədi, ancaq heç kim bu problemi qaldırmır. Mənim Milli Şuranın işlərindən başqa daha vacib işlərim var idi. Belə qərara gəldik ki, bölünək, 2 nəfər ora getsin. Londona vahid namizədin getməsi çox vacib idi. 20 gün - 1 aydan sonra, tətillər qurtarandan sonra Londona yenə də gedəcəyik. Çünki Milli Şuranın işləri seçkidən sonra da davam edəcək. Mən bilmirəm ki, Milli Şuranın taleyi necə olacaq... O mənada deyirəm ki, bəlkə formatı dəyişdik. Çünki elə partiyalar var ki, birdən onun tərkibindən çıxdılar. Amma mən özüm axıracan qalacağam və ümidvaram ki, bizim fəal iştirakçılarımız da burada axıra qədər qalıb bu işi davam etdirəcəklər. Amma bu işlərlə məşğul olarkən də mən siyasi məqsədlər güdmürəm.

- Belə bir məlumat da yayılıb ki, Sizin vətəndaş nikahında olduğunuz xanımınız və azyaşlı övladınız Bakıda girov vəziyyətində qaldığı üçün hakimiyyətlə anlaşmaya getmək məcburiyyətində qalmısınız və artıq Sizə “yaşıl işıq” yandırılıb...

- Mənim xanımım Moskvadadır. Bakıda heç kəs girov saxlanılmır. Mənim köhnə dostum, direktorumdur ki, onun barəsində günahı olmadığı halda cinayət işi açıblar. Özü də bu cinayət işi yarım ildir açılıb. Mənim iqtidarla anlaşmaq fikrim olsaydı, heç əvvəldən bu işlərə girişməzdim. Bütün bunlar təxribatdır. Siz də bu məsələləri qaldıranda istər-istəməz iqtidarın xeyrinə işləyirsiniz! Sonra da məndən inciyirsiniz. Axı bizim ittifaqla bağlı cinayət işi yarım il bundan qabaq açılıb. Orda siz deyən məqamlar olsaydı, mən niyə Milli Şuranı yaradırdım, vahid namizədliyə razılıq verirdim.

- Qəribə məntiqdir, seçki təbliğatı ərəfəsində Rəsul Quliyev Cəmil Həsənlinin 0,5 faiz şansının olduğunu deyə bilir, Lalə Şövkət Milli Şuradan istefa verib müxalifət liderlərini aşağılayanda bunlar həmin şəxslərin fərdi mövqeyi kimi qəbul olunur, ancaq “Yeni Müsavat” hansısa tənqidi yazını təqdim edən kimi “iqtidarın xeyrinə işləyirsiniz” ittihamı gəlir. Bu, normaldırmı?

- Yox. Mən Rəsul Quliyevdən soruşdum ki, əzizim, dəfələrlə demisən ki, Cəmil Həsənliyə böyük hörmətim var, bəs necə deyirsən ki, o, sıfır faiz səs yığacaq. O dedi ki, mən belə deməmişəm və demirəm. Sadəcə demişəm ki, səsləri saxtalaşdıracaqlar və Cəmil müəllimə 0 faiz yazacaqlar. Deyir ki, prezidentə də 80 faiz yazacaqlar deyəndə bunu səs yığmaq mənasında deməmişəm. Demişəm yazacaqlar. Mən də Rəsul Quliyevin adından deyirəm ki, qəzetlər bunu düz yazmayıb. Lalə Şövkət də deyir ki, mən sənə görə Milli Şuraya girmişəm, orda elə adamlar var ki, onlarla ünsiyyətdə olmaq istəmirəm. Ona görə də partiyam Milli Şurada qalır, amma mən özüm iştirak etməyəcəyəm. Bu, iqtidara işləmək deyil. Amma siz deyirsiniz ki, iqtidarla hansısa sazişə getmək istəyirsiniz. Nə Polad Bülbüloğlunu görmüşəm, nə iqtidardan kimisə 1-2 ildir görmürəm, heç kəslə sazişə getmək istəmirəm. Əlimdən gələni edib axıracan bu rejimlə mübarizə aparacağam. Ancaq bir siyasətçi kimi yox. Çünki mən çalışıram ki, Azərbaycanda ictimai rəy, vətəndaş cəmiyyəti yaransın. Çünki siyasətçilərin öz məqsədləri var, adi vətəndaşın isə başqa məqsədləri var. Adi vətəndaş istəyir ki, Azərbaycandan bu rejim getsin. Amma çalışmır ki, özü onun yerini tutsun. Mən iqtidarın yerini tutmaq istəmirəm. Bu mənada deyirəm ki, mənim həyatımda elə an yarandı ki, bu işləri görməyə məcbur oldum. Amma siyasətlə məşğul olmayacağam. İqtidarla mübarizə aparmağın cürbəcür yolları, forması var. Mütləq hamı müxalifət olmalıdır? Mən bir vətəndaş kimi əlimdən gələni edəcəyəm, Ziyalılar Forumunda fəaliyyətimi davam etdirəcəyəm, çalışacağam ki, bizim vətəndaş mövqeyimiz iqtidarın tərəfindən qəbul olunsun.

- Bəlkə bugünlərdə Bakıda olsaydınız arqumentləriniz daha aydın qəbul olunardı. Ölkəyə dönmək niyyətiniz yoxdur?

- Xeyr! Xeyr! Bu da təxribatdır. Çünki artıq Bakıda iki nəfəri tutublar və deyirlər ki, bu, Milli Şuranın terrorçu qanadıdır. Mənim barəmdə iki cinayət işi açıblar. Mən ora gələn kimi cinayət işi açmasalar da, məni daha Bakıdan buraxmayacaqlar. Mən də Bakıda qalsam, o halda mənim imkanlarım adi bir vətəndaşın səviyyəsinə düşəcək. Ona görə də işlərimizin yaxşı getməsi üçün mən mütləq Bakıdan kənarda qalmalıyam. Vaxtilə Xomeyniyə heç kəs demirdi ki, gəl İrana, səni qazamata bassınlar. Vahid namizəd olanda deyirdim ki, əgər qeydiyyatdan keçsəm, mütləq Bakıya gələcəyəm. İndi qeydiyyatdan da keçməmişəm, nə mənası var Bakıya gəlim? Bakıya gəlib mitinq keçirəcəkdim? Elə həmin intervüni verəcəkdim də, ya telefonla, ya da üzbəüz. Ona görə də bu da təxribatdır, qəsdən bu məsələni qurdalayırlar ki, desinlər hardasa oturub, oradan idarə edir. Bəli, mən belə adamam, Bakıdan kənarda otursam da, işlərin içindəyəm və lazımi işləri görürəm. Mən bilirəm nəyə görə Bakıya gəlmirəm...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar