AVROPA PARLAMENTİ BAKIDAN RÜŞVƏT ALAN 7 DEPUTATINI CƏZALANDIRIR- Şok qərar

Deputatlar rüşvət və qiymətli hədiyyələrin əvəzində seçkilərin “azad və ədalətli keçdiyinə” dair rəy hazırlamaqda günahlandırılır

Ötənilki prezident seçkilərini müşahidə edən deputatlara töhmət veriləcək və cərimə kəsiləcək

Avropa Parlamentinin Azərbaycanda 9 oktyabr prezident seçkilərini müşahidə edən 7 deputatı cəzalandırılır. Virtualaz.org saytı Avropa nəşrlərinə istinadən xəbər verir ki, sabah - fevralın 11-də Avropa Parlamentinin Məşvərət Komitəsi onların məsələsinə baxacaq. İlk dəfədir ki, Avropa Parlamenti öz üzvlərinə qarşı sanksiyalar tətbiq edir.

Məşvərət Komitəsi Avropa Parlamentinin etika məsələlərinə baxan komitəsidir. Komitə Azərbaycandakı seçkilərdə müşahidəçi olan deputatların barəsində rüşvət və qiymətli hədiyyələrin əvəzində seçkilərin “azad və ədalətli keçdiyinə” dair rəy hazırlamaqda günahlandırılır.

Komitə həmçinin fransalı deputat Rəşidə Datinin də məsələsinə baxacaq. Rəşidə Dati Azərbaycanın lobbiçilərindən biri kimi tanınır.

Xəbərdə bildirilir ki, Avropa Parlamentinin Azərbaycandakı seçkilər üzrə müşahidə missiyasının rəhbəri Piter Arlakki, missiyanın üzvləri Filip Kaçmarek, Yoahim Tseller, Yevgeni Kirilov, Norika Nikolai, Gabroç və Fiorello Proveralar komitənin sanksiyaları ilə üzləşəcəklər. Avropa Parlamentinin Məşvərət Komitəsi onların Azərbaycandakı seçkilərə dair hazırladığı rəyin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəyinə tam zidd olduğunu qeyd edir.

Həmçinin deputatlar Azərbaycana səfərlərinin kim tərəfindən maliyyələşdirildiyinə və bu səfər zamanı hansı bahalı hədiyyələr aldıqlarına izahat verə bilməyiblər.

Avropa Parlamentinin üzvlərinin yeni davranış kodeksi ötən ilin iyulunda qəbul edilib. Bu kodeksə görə, Avropa Parlamentinin üzvləri istənilən futbol matçına və ya şouya, xüsusən də xarici səfərlərə aldıqları dəvətləri öz internet səhifələrində göstərməlidir. Həmçinin deputatların 150 avrodan bahalı istənilən hədiyyə alması qadağandır. Bu qaydalar 2011-ci ildə “Sunday Times” qəzetinin iki jurnalistinin özlərini lobbiçi kimi qələmə verərək Avropa Parlamentinin üzvlərini pulla onları dəstəkləməyə razı salmasından sonra tətbiq edilmişdi.

Həmin davranış kodeksinə əsasən yaradılmış Məşvərət Komitəsi indiyədək cəmi bir deputatın - Belçikanın keçmiş baş naziri Jan-Lyuk Deanın məsələsinə baxıb. O, maliyyə maraqları ilə bağlı düzgün bəyannamə vermədiyi üçün tənbeh edilib. Bu dəfə isə Azəbaycandakı seçkiləri izləyən deputatlara qarşı həm töhmət, həm də cərimə cəzası tətbiq edilə bilər.

Davranış kodeksinə görə, qaydaları pozan deputatlara qarşı Avropa Parlamentinin prezidentinin adından töhmət elan olunur, sonrakı cəza onlara qarşı cərimə cəzasını nəzərdə tutur. Son cəza isə deputatın Avropa Parlamentindən xaric edilməsidir. Komitənin qəbul etdiyi qərarı Avropa Parlamentinin prezidenti Martin Şults təsdiqləməlidir.

Rəşidə Datinin məsələsi isə Məşvərət Komitəsində rəsmən yox, kuluarlarda müzakirə olunacaq. Əvvəllər Fransanın “GDF Suez” şirkətində işlədiyi üçün R.Datinin Avropa Parlamentinin energetika məsələləri üzrə komissiyasının üzvü kimi fəaliyyəti düzgün hesab edilmir. Belə ki, fransalı deputatın və keçmiş nazirin bu komissiyada enerji şirkətlərinin maraqlarını müdafiə etdiyinə dair şübhələr var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar