Nazarbayev Universiteti tipli universitet yarada biləcəyikmi?

Etibar-EEtibar Əliyev

Təhsil eksperti, fəlsəfə doktoru

Bu il oktyabrın 22-də Qazaxıstanın paytaxtı Astana şəhərində işgüzar səfərdə olan təhsil naziri Mikayıl Cabbarovun Nazarbayev Universitetinin prezidenti Şiqeo Katsu ilə görüşü diqqətimi çəkdi. Görüşdə universitetin prezidenti bu ali təhsil müəssisəsinin innovativ xarakterli fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat verib. Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzə Dövlət Strategiyası” üzrə aparılan təhsil islahatları barədə məlumat verib. Bu proses çərçivəsində iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, Nazarbayev Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Xəbərlə tanışlıqdan sonra böyük ruz fiziki, Nobel mükafatı laureatı Pyotr Kapitsanın oğlu, fizik, maarifçi, “V mire nauki” jurnalının keçmiş baş redaktoru, mərhum Sergey Kapitsanın Qazaxıstanın Baş naziri Kərim Məsimovla söhbətini oxucuların diqqətinə çatdırmağı qərara aldım. Bu maraqlı dialoqda həm də Nazarbayev Universitetinin yaradılmasının səbəbləri barədə fikirlər səslənib.

S. Kapitsa: Müstəqil inkişaf yolunu seçmiş hər bir ölkənin inkişafının önəmli məqamlarından biri müasir ali təhsil sisteminin yaradılmasıdır. Bu sizin ölkənizin və növbəti nəsillərin gələcəyi üçün çox mühüm faktordur.

K. Məsimov: Ölkəmiz üçün bugünkü ali təhsil sistemi və bütövlükdə təhsil siyasəti haqqında bunları deməliyəm: Biz - çox da böyük olan ölkə deyilik və bizim velosiped icad etməyə imkanımız yoxdur, hansısa öz xüsusi yolumuzu da yarada bilmərik. Biz özümüz üçün prinsipial qərar qəbul etmişik ki, ən yaxşı müasir dünya standartalarını qəbul etməklə dünya elm və təhsil məkanının bir parçası olaq. Mən bütün Qazaxıstan elmi ictimaiyyətinə sayğı ilə yanaşaraq, deyə bilərəm ki, bizdə belə potensial olmayıb. Biz qərara almışıq: əgər Puşkini rus dilində oxumaq lazımdırsa, deməli Şekspiri də ingilis dilində oxumalıyıq. Buna görə də biz həm rus dilini, həm də ingilis dilini inkişaf etdirməliyik. Ali təhsil sisteminin inkişafının bir neçə məsələsində biz dünya professurasını cəlb etməklə, anqlosaks sisteminin standartalarını (xüsusilə Amerika və bir neçə İngiltərə universitetlərinin) qəbul etdik. Biz belə bir konsepsiya qəbul etmişik ki, Qazaxıstan Respublikasının vətəndaşları 3 dildə danışmalıdırlar. Biz qazax olduğumuz üçün qazax dilində danışmalıyıq. Rus dilinin hesabına biz dünya mədəniyyətini və elmini öyrənmişik və biz onu itirmək istəmirik. Üçüncüsü, millətin ingiliscə danışmasını qarşımıza məqsəd kimi qoymuşuq. Söhbət bizim bir millət kimi inkişaf proqramımızdan gedirsə, bizim üçün birinci təhsilin və elmin inkişafıdır. Biz elə şərait yaratmalıyıq ki, millətimizin qarşısında dayanan məsələləri bizim növbəti nəsil bizdən yaxşı həll etsin.

Biz Astanada “Nazarbayev universiteti” adlandırdığımız yeni tip universitet yaratdıq. Bunun üçün yeni qanun qəbul olundu, büdcədən vəsait ayrıldı. Universitet üçün ən yüksək səviyyədə ciddi infrastruktur yaratdıq və Amerika, Böyük Britaniya və Yaponiya ali məktəblərindən mütəxəssislər və müəllimlər dəvət etdik.

Təhsil dilini –ingilis dili qəbul etdik. Müəllimlər həm də elmlə məşğul olmalıdırlar, bu məqsədlə onlar üçün bütün mümkün şəraitlər yaradıldı: onların ixtiyarına müasir laboratoriyalar verildi. Biz fənlərarası elmi mərkəzlərin inkişafına daha çox diqqət edirik. Əgər siz Astanaya gəlsəniz, bu şəhərin gözəlliyi Sizi heyran edə bilər. Universitet yaranandan sonra sanki qanı yeni olan gənclik yarandı, şəhər tamamilə dəyişdi. Aydın oldu ki, bu kimlər üçün edilir.

S.Kapitsa: Biz tələbələrdən nəyi tələb etməliyik – biliyi, yoxsa anlamağı. Fiztexdə (Moskva Fizika-Texnika institutunu nəzərdə tutu. E. Ə.) bütün sistem anlamağı bacaran insanların tərbiyəsi üzərində qurulub. Bu, Fiztexin əsas doqmasına çevrilib. Bunun üçün müəllimlərdən yüksək səviyyə və müstəqil təfəkkür tələb olunur. Tələbə imtahana istədiyi kitabla gələ bilər, ancaq o həmin kitabda nə yazıldığını başa düşdüyünü göstərməlidir.

K. Məsimov: Bu təhsillə məşğul olan insanlar arasında fundamental mübahisədir. Bizim sovet təhsil sistemi hansısa faktları yadda saxlamağı, xatırlamağı tələb edirdi ki, sonra bunları təkrar etmək mümkün olsun. Bunu indi də Qazaxıstanda üstün tuturlar. Burada əlbəttə ki, Moskva Fizika-Texnika institutu istisnalıq təşkil edir.

S. Kapitsa: Bu gün fənlərarası tədqiqat çox mühümdür. Ancaq təəssüflər olsun ki, bir çox elmlər elə öyrədilir ki, insanlara elə gəlir onlar artıq bunu bilirlər, ancaq onlar bunu başa düşmürlər. Bax budur təhsilin qarşısında duran, əsas məsələ. Təhsil - bu anlamaqdır. Bilik isə sənətdir.

K. Məsimov: Mən sizinlə bir məsələdə tamamilə razıyam ki, yadda saxlamağın anlamağa transformasiyası – təhsil məkanının transformasiyanın açarıdır. İndiki internet əsrində, hər şeyin ani olaraq dəyişdiyi bir vaxtda hansısa bir şeyi yadda saxlamaq bir o qədər vacib deyil. Əvvəllər ensiklopedistlər var idi ki, biliyi böyük faktlarla zənginləşdirməklə hamını heyran edirdilər. Ancaq indi hər kəs İnternet vasitəsilə istənilən faktı ala bilər. Baxın, budur prosesin mahiyyəti – bu artıq tamamilə başqa kateqoriyadır.

S.Kapitsanın Qazaxıstanın baş naziri ilə söhbətləşməsi unikal hadisədir. Bu amili nəzərə alıb, bu dialoqu oxucuların diqqətinə çatdırmağı özümə borc bildim. Bəlkə də bu mövzu mənim üçün unudulmuşdu. Ancaq Təhsil naziri M.Cabbarovun Nazarbayev Universitetinin rektoru ilə görüşü məni bu söhbəti işıqlandırmağa vadar etdi. Xeyli gecikmiş olsaq da, biz də özümüzü dünya təhsil və elm məkanının tərkib hissəsinə aid etməyə can atmalayıq. Bu əməli işdə özünü göstərməlidir. Bunun üçün Nazarbayev Universiteti tipli bir ali məktəbin yaradılması olduqca vacibdir. Kadr potensialı artıq formalaşmağa başlayıb. Dövlət Proqramı əsasında təhsillərini başa vurmuş gənclərimiz bizə bu işdə kömək edəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar