MTN POLİSİ DƏ DİNLƏYİB, AGENTURA ŞƏBƏKƏSİNİ DEŞİFRƏ EDİB - Dinləmə səlahiyyətinin DİN-ə verilməsinin müdhiş sirri 

Məlum olduğu kimi, bugünlərdə Prezident İlham Əliyev «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu»nda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda dəyişikliklərin aid edildiyi bəzi sahələr və sənədlər məxfi xarakter daşıdığından, mətbuat yalnız məsələnin görünən tərəflərini işıqlandıra bildi.

Görünən isə yalnız o oldu ki, MTN-də birinci müavinlik postu təsis edildi və general Mədət Quliyev də məhz bu posta təyin olundu. Eyni zamanda, bu fərmanla indiyədək MTN-in daxilindəki bir çox idarələrin səlahiyyətlərinin və funksiyalarının məhdudlaşdırıldığı, fəaliyyət istiqamətlərinin və ya tabeçilik münasibətlərinin dəyişdirildiyi xəbəri yayıldı.

Medianın üzərində daha çox durduğu və sosial şəbəkələrdə də geniş müzakirəyə çıxarılan məsələ isə indiyədək MTN-də olan telefonların dinlənilməsi səlahiyyətinin hansı səbəbdən Daxili İşlər Nazirliyinə (DİN) də verilməsi mövzusu oldu.

Strateq.az hazırda da ciddi müzakirə mövzusu olan bu “telefon dinlənilməsində səlahiyyət” mövzusu ilə bağlı olduqca ilginc informasiyalar əldə edə bilib. Əvvəla, dəqiqləşdirilib ki, əməliyyat zərurəti ilə əlaqədar olaraq, telefonların dinlənilməsi səlahiyyəti ayrıca götürülmüş bir qurumda yox, bundan sonra paralel şəkildə hər iki qurumda – həm DİN-də, həm də MTN-də olacaq, onlara ümumi nəzarəti isə Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirəcək.

Belə bir qərarın alınmasının səbəbinə gəldikdəsə, Strateq.az mötəbər mənbələrdən bununla bağlı da olduqca sensasion bilgilər əldə edib.

Məlumata görə, MTN-dəki məlum dəstənin fəaliyyətinin izlənməsi zamanı bu şəbəkənin təkcə ayrı-ayrı iş adamlarını, imkanlı və vəzifəli şəxsləri deyil, əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan digər dövlət qurumlarının – xüsusən də Daxil İşlər Nazirliyinin və Respublika Prokurorluğunun əməkdaşlarını da dinlədikləri aşkarlanıb!

Konkret dəlil-sübutlarla müəyyən edilib ki, MTN-dəki məlum dəstə səlahiyyətlərindən və əllərində olan texniki imkanlardan, dinləmə qurğularından yararlanaraq, xüsusən DİN əməkdaşlarının hazırlayıb həyata keçirmək istədikləri məxfi əməliyyat tədbirləri, eləcə də gizli agentura şəbəkəsi barədə öncədən məlumatlı olaraq, bu informasiyalardan bir neçə məqsəd üçün istifadə ediblər:

- Polisin əldə etdiyi informasiya özününküləşdirilərək, qabaqlayıcı addımlar atılıb;

- Polisin bəzi əhəmiyyətli sektorlardakı (xüsusən cinayət aləmindəki, siyasi sferadakı, narkotik qaçaqmalçılığının mövcud olduğu ərazilərdə və s.) mühüm informasiya mənbələri öyrənilərək, o mənbələri müxtəlif şantaj vasitəsi ilə öz agentura şəbəkələrinə daxil etməyə və “ikili əməkdaşlığa” cəlb etməyə səy göstəriblər;

- Bir çox hallarda polisin hər hansısa cinayətdə şübhəli bilib barəsində əməliyyat tədbiri apardığı vacib şəxslərə informasiya məqsədli şəkildə sızdırılmaqla, onları vaxtında duyuq salıblar və bunun qarşılığında da ya külli miqdarda qazanc əldə ediblər, ya da həmin şəxsləri məxfi əməkdaşlığa cəlb ediblər...

Onu da qeyd edək ki, MTN-dəki məlum dəstənin sabit şəkildə informasiya sızdırdığı şəxslər arasında xarici ölkə vətəndaşlarının da olduğunun müəyyənləşdirildiyi və onların bəzilərinin isə konkret ölkələrin xüsusi xidmət servisləriylə əlaqələrinin ola biləcəyi ehtimalının da hazırda istintaq qrupunun diqqətini çəkdiyi bildirilir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar