“Eurovision”da rüşvət qalmaqalı böyüyür- İTV Avropadan gələn rüşvət məktublarını gizlədir

Yarışmanın icraçı rəhbəri Yan Ola Sand: “Bu iddialara cavab almaq üçün İTV-yə bir neçə məktub göndərmişik”

Bu ilin mayında İsveçin Malmö şəhərində keçirilən “Eurovision-2013” mahnı yarışmasında Azərbaycan nümayəndə heyətinin jüri üzvlərinə böyük məbləğdə rüşvət verdiyinə dair iddialar ətrafındakı qalmaqal böyüyür. Belə məlum olur ki, Avropa Yayımlar Birliyi (EBU) və “Eurovision” yarışmasının icraçı rəhbərliyi hələ rüşvət iddiaları mətbuata çıxmamış bu məsələdən xəbərdar olub. Məlum olub ki, “Eurovision” yarışmasının rəhbərliyi rüşvət iddialarını araşdırmaq üçün Azərbaycanda bu müsabiqədə iştirakı təşkil edən İctimai Teleradio Şirkətinin (İTV) rəhbərliyinə dəfələrlə məktub göndərib.

Virtualaz.org-un xəbərinə görə, “Eurovision” mahnı yarışmasının icraçı rəhbəri Yan Ola Sand BBC-yə açıqlamasında deyib ki, onlar rüşvət iddiaları ilə bağlı irimiqyaslı araşdırmalar aparırlar.

“Biz partnyorlarımızla, nümayəndə heyətlərinin başçıları ilə birgə səslərin sayılmasına baxan “Digame” şirkətinə müraciət etmişik. Təbii ki, bu barədə məlumat almaq üçün Azərbaycanın İctimai TV-si ilə də danışmışıq” - Yan Ola Sand belə deyib.

Lakin İctimai TV-nin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədli rüşvət araşdırması ilə bağlı heç bir məktub və müraciət almadıqlarını bildirib. O deyib ki, İTV-yə Avropa Teleradio Yayım Birliyindən araşdırma ilə bağlı heç bir sual və ya müraciət daxil olmayıb.

“Ayrı-ayrı media orqanları nəsə yaza bilərlər. Amma bu müsabiqə ilk gündən bütün auditoriyanın gözü qabağındadır və mütəxəssislər çıxışlarımızın uğurlu olduğunu deyirlər" - deyə T.Məmmədli bildirib.

“Eurovision” yarışmasının icraçı rəhbəri Yan Ola Sand isə İctimai TV-nin bu təkzibini eşidəndə təəccüblənib:"Biz bu məsələyə iyun ayında baxmağa başlamışıq. Biz İctimai TV-yə bir neçə məktub göndərmişik. Bu, düzgün deyil. Müraciət etdiyimiz qurumlar bizimlə əməkdaşlıq ediblər. Müsabiqə zamanı Malmö şəhərində, daha sonra Maltada və sonuncu dəfə Berlində. Bundan savayı biz telekanallardan bir sıra digər təmsilçi ilə danışmışıq, məktublar göndərmişik və cavablar almışıq".

Göründüyü kimi, tərəflərdən biri məktubların göndərildiyini, digəri isə heç bir məktub alınmadığını bildirir. Belə olan təqdirdə ehtimal etmək olar ki, İTV rəhbərliyi rüşvət iddiaları ilə bağlı ona daxil olan məktubları ya cırıb atıb, ya da onlara məhəl qoymamaq qərarına gəlib.

İctimai TV-nin keçmiş direktoru İsmayıl Ömərov builki “Eurovision” yarışması ərəfəsində - aprel ayında vəzifəsindən ayrılıb. Onun yerini isə iyun ayında indiki baş direktor Cəmil Quliyev tutub.

Xatırladaq ki, rüşvət qalmaqalı İsveç mətbuatında gedən yazıdan sonra başlayıb. Nümayəndə heyətlərindən birinin üzvü deyib ki, Malmödə keçirilən yarışma zamanı yarımfinala bir həftə qalmış Azərbaycan nümayəndə heyəti jüri üzvlərinə “bir il rahat yaşamağa bəs edəcək qədər” pul təklif edib. Təklif kofe masası arxasında edilib. Rüşvət təklifini kimin etdiyi açıqlanmır. Azərbaycanın “Eurovision”dakı nümayəndə heyətinin rəhbəri Adil Kərimlidir.

Yan Ola Sand deyib ki, iddialar düzgün çıxsa, bu məsələ Tövsiyə Qrupuna, bundan sonra isə Televiziya Komitəsinə göndərilməli olacaq: “Qərar orada veriləcək. Mən qərar barədə spekulyasiya etmək istəmirəm".

Xatırladaq ki, bundan əvvəl Avropa Yayımlar Birliyinin rəhbəri Sietse Bekker də Azərbaycan təmsilçisi Fərid Məmmədovun ikinci yeri tutmasının arxasında rüşvət amilinin rolunun ola biləcəyi şübhələrini nəzərə alaraq genişmiqyaslı araşdırma başlatdıqlarını demişdi. O, bunu Britaniya mediasına açıqlamasında demişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar