MSK sədrinin müavini İlyas İsmayılovun müraciətindən xəbərsizdir

Mərkəzi Seçki Komissiyasının rəsmisi Ədalət Partiyasının sədri, parlamentin üzvü İlyas İsmayılovun vəzifə tutan deputatlarla bağlı müraciətlərinə münasibət bildirib.

MSK sədrinin müavini Natiq Məmmədov bu gün “Media forum” saytına açıqlamasında deyib ki, İsmayılovun komissiyaya vəzifə tutan deputatlarla bağlı müraciəti haqda məlumatı yoxdur: “Bununla bağlı MSK-ya hansısa sənədin daxil olması və necə icra edilməsi haqda informasiyaya malik deyiləm. Mənim icraatımda belə bir müraciət olmayıb”.

Azərbaycanda vəzifə tutan deputatların olub-olmadığı və onların konstitusiyanı pozub-pozmadığına gəlincə, MSK sədrinin müavini hesab edir ki, buna məhkəmə qiymət verməlidir: “Bununla bağlı deyəcəyim fikirlər hüquqi nəticə doğurmayacaq. Azərbaycan hüquqi dövlətdir və kimsə hansısa məsələdə fərqli düşünə bilər. Əgər mübahisə varsa, buna məhkəmə baxıb qiymət verməlidir. Məsələni məhkəmə qaydasında mübahisələndirmək olar”.

Xatırladaq ki, İ.İsmayılov bir müddətdir dövlət rəsmilərinə davamlı müraciətlər edir. O bildirir ki, Azərbaycan Konstitusiyasının 85-ci maddəsi icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin Milli Məclisə deputat seçilməsini yasaqlayır. Partiya sədri dövlət orqanlarında vəzifə tutan, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan deputatları mandatdan məhrum etməyə çağırır. Deputat bu məsələdə MSK-nı əsas günahkar sayır. O bildirir ki, MSK-ya etdiyi müraciətlərə cavab verilmədiyinə görə qurumu məhkəməyə çəkəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar