“TOY GENERALLARI” - Axsaq atın kor nalbəndi

Bir, iki, üç ...

Bir ... beş ... on beş ... iyirmi ...

Beləcə hər il.

İldə bir neçə dəfə.

Az qala vedrə-vedrə, ləyən-ləyən.

Bir belə orden-medal paylamaqdan ölkədə metal da qalmadı.

Özü də nə illahdırsa, məhz xalqın birmənalı olaraq narazılığını gizlətmədiyi qurumlara.

Vallah, ayıbdır! Qohumdan-qonşudan, yaddan-simsardan ayıbdır!

Hərçənd, belələri ayıbın nə olduğunu belə dürüst fərq etməyənlərdəndirlər.

Bir ara ölkə ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edilməsi qarşılığında bircə kvadrat santimetr belə torpaq qaytara bilməyən “sərkərdələrimizə” ucdantutma general rütbəsinin ənam edilməsindən vaxt-bivaxt yazıldı. Özü də bolluca yazıldı, söyləndi. Amma dəyirman öz işindədir . Dərzilərin general mundiri tikməkdən barmaqları qabar olub.

Tək Müdafiə Nazirliyi sistemindəmi? Daxili İşlər Nazirliyi də o gündədir. Ancaq yenə də bu qurumlar hərdən ölkədə bir yaralı barmağa yarıyırlar.

Ən bədnamı Gömrük Komitəsidir. Burada hər il və hər yanvar ayının sonunda “göydən” bir orden-medal, fəxri ad və ali xüsusi rütbə yağışı yağır ki, lap leysan kimi; tut ucundan, çıx göyə. Deyəsən, elə Komitədə ən aşağı rütbə polkovnikdir. Ondan aşağısına “çmo” kimi baxırlar. Generala gəldikdə isə, saysan, bəlkə də ortabab bir Afrika ölkəsinin ordusundakı əsgərlərin sayı qədərdirlər. Təklif tələbi qarşılamadığına görə az qala bayraqları da söküb qırmızı qumaşını “yaranal” şalvarına lampas yerinə tikirlər.

Amma böyük Üzeyirin ölməz “O olmasın, bu olsun”undakı Rza bəy demişkən, məntiqi bir sual çıxır ortaya: axı, bunların nəyinə?

Doğrudan da, nəyinə?

Məgər onlar Marsda, Venerada, sonsuz kainatın hansısa nücum elminə naməlum bir planetində xidmət keçirlər ki, millət onları tanımasın?! Axı, orta statistik Azərbaycan vətəndaşı ölkənin “iqtisadi sərhədlərinin keşiyində duran” bu “müsəlləh əsgər”lərin dabbaqda gönünə bələddir. Nəinki bizimkilər, hətta “ayıq-sayıq” gömrüyümüzü bircə dəfə adlamaq “səadətinə qovuşmuş” əcnəbi vətəndaşlar belə bu xidmətin əməkdaşlarının hansı şəbihlərdən çıxdıqlarının şahididirlər.

Azərbaycan bütün həqiqətlərin, süd dolu nimçəyə düşmüş milçək necə görünürsə, o cür aydın görüntüləndiyi bir məmləkətdir. Bu sarıdan demokratiyamız xirtdəyə qədərdir. Və bu demokratiyanın həmin həqiqət tablosuna “qulaqlarından tutub” mismarladığı vazkeçilməz reallıq ondan ibarətdir ki, Azərbaycan gömrüyü burada tüğyan edən korrupsiyanın səviyyəsinə görə, xalq statistikasının təsnifatındakı məğrur birinciliyini qorumaqdadır. Ən müdhiş rüşvətxorluq, iqtisadiyyatı metastaza vermiş sarkoma kimi çənginə alıb məhv edən inhisarçılıq, sahibkarların “anasını ağladan” feodal töycü sistemi, səfərə çıxdığı xarici ölkədən evinə iki-üç hədiyyə ilə dönən sıravi vətəndaşın qarşılaşdığı həyasızlıq və s. və i.a. ... Azərbaycan gömrüyünün son iki onillikdə qazandığı ən doğma, ən spesifik, ən xarakterik cizgilərin dəmətidir.

İynə-sapdan pal-paltara, ərzaqdan tikinti materiallarına, ev müxəlləfatından avtomobilə, bir sözlə, dükan-bazarda pulnan alına biləsi nə varsa, hamısına dözülməz haqq qoyan, “yola gəlməyənləri” ağıllandırmağın dürlü-dürlü yollarını icad etmiş gömrük məmurları həmin orden-medalları sinələrində hansı mənəvi haqla daşıyacaqlar? Sinələri od tutub yanmayacaqmı?

Hətta dərəcələri belə olan “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı bu adamlara nəyə görə verilir?

İnsanlarda bir “daş”ı olduqları Vətənə, onun dövlətinə, hakimiyyətinə, iqtidarına nifrət yaratmaq, küsdürmək üçünmü?!

Doğmalarının tənəsindən, kreditorların tələbindən qurtulmaq üçün intihara əl atanların sırasını genişləndirmək üçünmü?!

Ən böyük sahibkarın ən böyük məmur, ən kiçik sahibkarınsa ən kiçik məmur olduğu bir məmləkətdə alın təriylə çörək qazanmaq istəyənləri qullar sinfinə çevirmək üçünmü?!

Niyə? Yazıq deyilmi bu millət?!

Gömrük məmurlarını yağ içində böyrək kimi bəsləyənlərin yaddaşı bu qədərmi qısadır?! Unudublarmı tarix boyu üsyanları, inqilabları hakimiyyətin ac-yalavac buraxdığı kütlə tərəfindən törədildiyini?

Gömrüyün çıxardığı pəstahalar barədə ən azı “Müstəqilliyimiz əbədidir” kitabının cildlərinin sayı qədər yazmaq mümkündür.

Ancaq bu təltif, “març-murç” qonaqlığında ən böyük rəzalət bilsəniz nədir?!

Artıq general rütbəsiynən, orden-medalla təltifləşməyi bir tərəfə qoyub keçiblər “Əməkdar jurnalist” adı ilə alverə. Bu qurumun mətbuat xidmətinin başçısını da salıblar fəxri ad alanların siyahısına.

Ən azı ayıbdır! Vallahi-billahi, ayıbdır! Abır, həya, şərəf, vicdan, ədalət, nəhayət, peşəkarlıq adına ayıbdır, general Aydın Əliyev!

Hamı bilir ki, ölkə Prezidenti çox təvazökar və xeyirxah insandır. Peşə bayramı günü hamını sevindirməyi xoşlayır. Ancaq Prezidentin bu səmimiyyətindən sui-istifadə edib “inhisarınızda” olmayan, başınız çıxmayan işlərə qol qoymağınız ən azı rəzalətdir.

Məgər indiyədək ölkə mətbuatında haqqında bircə cümlə belə müsbət yazı getməmiş, qazandıqları yalnız sahibkarların qarğışı və qan-irinə bulanmış pul olan bir qurumun iki-üç cızma-qarasını höccələyib quraşdırana, media camiəsində bircə yazısı ilə belə tanınmayan, bilinməyən, sayılmayan birisinə “Əməkdar jurnalist” adı düşürmü?

Başdan ayağa korrupsiyaya bulaşmış bir qurumda belə bir məsuliiyətsizlik normal hal sayılsa da, ölkə mediası adına, peşəkar jurnalistlər, bu şərəfli adı yaradıcılığı və peşəkar fəaliyyəti ilə haqq etmiş adamlar adına utancdır.

Çirkli və korrupsiyaya bulaşmış əllərinizi dünyanın ən böyük dəyəri, mədəni-mənəvi varidatı sayılan sözdən çəkin! Zira, onun “rastomoşkası” sizlərin əlində deyil.

Bu arada bir məqamı da qeyd edək ki, nazirlik və komitələrin mətbuat xidməti rəhbərlərindən yalnız Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov “Əməkdar jurnalist” adına layiq görülüb ki, bu da ona ana südü kimi halaldır. Bu adam peşəkar və qələmli jurnalistdir.

Ancaq Gömrük Komitəsinin mətbuat şefinin bəhsəbəsdə bu ada yerikləməsini, sadəcə, harınlıqdan irəli gələn bir izzəti-nəfs göstərisi saymaq olar. Bu adam olsa-olsa gömrüyün əməkdar jurnalisti ola bilər. Necə deyərlər, axsaq atın kor nalbəndi.

Hesab edirik ki, ölkənin jurnalist çevrəsi, habelə Mətbuat Şurası bu məsələyə gərəkən reaksiyanı verəcəkdir.

P.S. Hardasa bir ilin söhbətidir. Deməli, Gömrük Komitəsinə Afrikanın ucqar bir ölkəsinin analoji qurumunun rəhbəri qonaq gəlib. Efirdə səxavətlə yayımlanan süjet zamanı Azərbaycanın gömrük şefi qonağa ən müxtəlif sahələrdə təcrübə mübadiləsi təklif edir. Görünür, ölkə gömrüyünün fantastik fərasətlərindən hali olan qonaqsa söyləyir ki, yox, sağ olun, bizi daha çox gömrükdəki təlim görmüş itlərlə təcrübəniz maraqlandırır.

Ramin Həsənli,

Uqandanın Əməkdar jurnalisti.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar