PUTİNİN TELEKANALINI MÜSADİRƏ EDİRLƏR! - “Təbliğat maşınına qarşı hücuma keçməyin vaxtıdır”

Hələ Rusiya prezidenti Vladimir Putin Suriyaya qoşun yollayanda, ABŞ-ın hərbi məmurları onun rejimini Ukraynaya müdaxilə etməsinə görə ekzistensional (mövcud) təhlükə adlandırdılar. Dünyanın ən korrupsiyalaşmış və kleptokratik rejimlərindən birinə rəhbərlik edən Putin, son zamanlar Ukraynadan tutmuş Suriyaya qədər beynəlxalq məsələlərdə hədsiz aktiv mövqe nümayiş etdirdiyi halda, içlərində prezident Obama olmaq şərti ilə, bir çoxları passiv müdafiə mövqeyi tuturlar. Məğər Qərb qeyri-hərbi mənada hücuma keçib, Putinin planlarını pozmaqla yanaşı, eyni zamanda da onun təbliğat maşınının işini əngəlləyə bilməzmi? Bunları aşağıdakı yollarla etmək olar:

Putin hökuməti tərəfidən maliyyələşdirilən “Russia Today” (Rusiya bu gün) televiziya kanalının aktivlərini dondurmaq lazımdır. Bunu onun iyrənc təbliğat apardığına görə deyil, sadəcə olaraq ”YUKOS” şirkətinin milyardlarla dollarlıq vəsaitinin mənimsənilməsinə görə beynəlxalq məhkəmənin Rusiya hökumətinə qarşı çıxardığı iki qətnaməyə əsasən həyata keçirmək lazımdır. Bu qətnamələr Haaqadakı Beynəlxalq Məhkəmə və İnsan Haqları üzrə Avropa Məhkəməsi tərəfindən qəbul edilib və belə qərara alınıb ki, Rusiya hökuməti “YUKOS” şirkəti ləğv edildiyinə görə, onun səhmdarlarına 52 milyard dollar təzminat ödəməlidir.

Həmin məhkəmələrin çıxardıqları qərarda bildirilir ki, Rusiya hökuməti tərəfindən “YUKOS” şirkətinin mülkiyyətinin müsadirə edilməsi, onun səhmdarlarına ciddi ziyan vurub. “YUKOS”-un aktivlərinin böyük hissəsi “Rosneft” neft şirkətinə keçirilib. Həmçinin, “Qazprom” şirkətinə də buradan pay ayrılıb. Nəticədə “YUKOS” səhmdarları bütün aktivlərindən məhrum olduqlarına görə, onlar məhkəməyə müraciət etməli olublar.

Bir neçə illik araşdırmadan sonra səhmdarlar həm Haaqa və həm də İnsan Haqları üzrə Avropa Məhkəməsindəki iddianı udublar. Haaqa Məhkəməsinin bu işə başlaması üçün hər iki tərəf - “YUKOS” səhmdarları və Rusiya hökuməti öz razılıqlarını verməli və məhkəmənin qərarını yerinə yetirəcəkləri barəsində öhdəlik götürməliydilər. Hətta hakimlərdən birini Moskvanın özü seçmişdi. Bütün hakimlərin hamısı Rusiya əleyhinə qətnamə qəbul ediblər. Bundan başqa Rusiyanın da imza atdığı Nyu-York konvensiyasına əsasən səhmdarlar digər ölkələrin hökumətlərinə müraciət edərək, məhkəmənin qərarını yerinə yetirmək üçün Rusiya aktivlərinin müsadirə olunmasıni istəyə bilərlər.

Hazırda Rusiya hakimiyyəti Haaqa Məhkəməsinin qərarından apellyasiya şikayəti verib, amma həmin qətnamənin dəyişdirilməsi şansı çox azdır. Həm də qətnamənin qəbul olunmasından bir ildən artıq vaxt keçir, amma buna baxmayaraq, Rusiya hələki, onları yerinə yetirməyə heç bir həvəs göstərməyib. Beləliklə qəraların yerinə yetirilməsi Haaqa Məhkəməsinə və İnsan Haqları üzrə Avropa Məhkəməsinə hörmətlə yanaşan digər ölkələrin üzərinə düşür.

İyul ayında Britaniya hökuməti, həmin məhkəmələrin çıxardığı qərar əsasında “Russia Today”-ın hesablarını dondurub. Həmçinin Belçika və Fransada Rusiya aktivlərinə qarşı bu cür tədbirlərin həyata keçirilməsinə hazırlaşırlar. ABŞ və digər Qərb hökumətləri onlardan nümunə götürməlidirlər.

“Russia Today” televiziya kanalı Putinin təbliğat maşınının əsas elementi sayılır, Rusiyanın hərəkətlərindəki həqiqi motivləri gizlətmək və beynəlxalq arenada Qərbi gözdən salmaqla məşğuldur. Bu kanal bütün dünya üzrə yayımlanır və onun 100 ölkədəki auditoriyası, özlərinin şişirdilmiş rəqəmlərinə görə 700 milyon nəfərdir. Onun Vaşinqtonda öz studiyası olmaqla yanaşı ABŞ və Avropanın bir çox şəhərlərində bölmələri var. ”Russia Today” və Rusiya hökumətinin digər təbliğat mənbələrinin maliyyələşməsinə il ərzində 500 milyon dollar xərclənir.

Diplomatik missiyaya əsasən Vaşinqtondakı Rusiya səfirliyinin və digər şəhərlərdəki konsulluq mülkiyyətinin zəbt edilməsi mümkün deyil. Ona görə də “Russia Today” kanalına məxsus mülkiyyət daha cazibədar hədəf halına gəlir. Hətta dünyanın təbii resurslarla ən zəngin və ixtiyarında 350 milyard dollarlıq valyuta ehtiyatı olan Rusiya kimi bir ölkəsi üçün 52 milyard dollar, indiki iqtisadi böhran, aşağı neft qiymətləri və sanksiyalar fonunda böyük məbləğdir.

Kreml əsəbləşir. Hazırda Rusiya tərəfi xaricdəki aktivlərinin zəbt olunacağını anladığına görə, özünü müdafiə etmək üçün Qərbdəki aparıcı hüquqşünasların vəkil tutulması ilə məşğuldur. Bu yay Kreml, amerikanların Rusiya aktivlərinə əl qoyacaqları təqdirdə, Moskvanın da anoloji addımlar atacağı barəsində ABŞ-a xəbərdarlıq etmişdi. Məsələ ilə bağlı Rusiya parlamenti Qərbin atacağı addımlara cavab kimi, xarici ölkələrin mülkiyyətinin müsadirə olunacağı barəsində qanun qəbul edib. Belə təhdidlərə qarşı dayanmaq üçün Qərb ölkələri birlikdə hərəkət etməlidirlər. Çox böyük ehtimalla Rusiya təhdidlərdən uzağa gedə bilməyəcək. Kremlin “dişə-diş, qana-qan” ruhundakı oyunları beynəlxalq investorların və şirkətlərin tələsik şəkildə bu ölkəni tərk etmələri ilə nəticələnəcək. Bu isə zəif Rusiya iqtisadiyyatı üçün yolverilməzdir.

“YUKOS” səhmdarlarının işi ilə əlaqədar qərarın yerinə yetirilməsi, beynəlxalq qanunun hökmünə və özəl mülkiyyətə olan hörməti möhkəmləndirər. Bunu elə məhz “Russia Today” televiziya şirkətindən başlamaq lazımdır. Ona görə ki, belə olan halda, biz, Putinin təbliğat maşınına ciddi ziyan vura bilərik. ABŞ və onun Qərb müttəfiqləri tərəfindən, korrupsiyalaşmış Putin rejiminə, özünün davranışlarına görə hesab ödəyəcəyinin izah edilməsinin vaxtı gəlib çatıb. Demokratik ictimaiyyətin hücuma keçməsinin vaxtıdır. (The Washington Post)

Çevirdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar