Ölkənin ən passiv seçki dairəsi haqqında

Etibar Əliyev

“Qırmızı mandatını alan Musabəyov yenidən Milli Məclisə qayıtdı. Bu dəfə sədr müavininin qəbul otağında oturan müşavir-katibə kimi yox, deputat kimi. Musabəyov parlamentdə Heydər Əliyevi açıq-aşkar qisas və ölümlə hədələyən digər cəbhəçi ilə – Fərəc Quliyevlə yanaşı oturdu. Riyakarlar bir yerdə idi, bir cərgədə səf tuturdu”Eynulla Fətullayev

Daha bir parlament seçkisini yola verdik. Yəqin ki, bu seçkidə baş verən qüsurlar çox müzakirə olunmayacaq. Səliqəli seçki idi. Bu seçki onu göstərdi ki, artıq ölkəmizdə səsverməyə determinə olunmuş yüz minlərlə vətəndaşımız var.

Mərkəzi Seçki Komissiyasının son məlumatından məlum oldu ki, 31 saylı Suraxanı ikinci seçki dairəsi istisna olmaqla, bütün dairələrdə yüksək aktivlik müşahidə olunub. Vaxtilə keçirilən bütün seçkilərdə seçicilərinin yüksək aktivlik nümayiş etdirdiyi mənim yaşadığım dairə bu dəfə xəyal qırıqlığı yaratdı. Bu dairədən Məzahir müəllim Fərəc Quliyevin 5473 səs topladığını, yəni seçicilərin 38,6%-nin ona səs verməsini deyəndə, mən bir o qədər təəccüblənmədim. Bu, ölkə üzrə ən aşağı göstərici idi. Hətta Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev ondan 2.5 dəfə çox səs toplayıb. Diqqət edin: Fərəc Quliyevin alternativi, hakim Yeni Azərbaycan Partiyasının namizədi, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin mühəndisi Zərnişan Abidova 4341 səs toplamışdır. Ona verilən etibarlı səslər (termin Məzahir Pənahovundur-E. Ə.) F. Quliyevə verilən səslərdən cəmi 1132 səs azdır.

Nədən Yeni Azərbaycan Partiyası belə yüksək nəticə göstərmiş namizədinə azacıq da olsa dəstək vermədi? Özü də aydın şəkildə bəlli idi ki, Zərnişan xanım Fərəc Quliyevdən daha yaxşı deputat ola bilərdi. Fərəc Quliyevin seçicilər arasında zərrə qədər nüfuzu qalmadığından, bu dairəyə yeni nəfəs gəlməli idi. Digər tərəfdən Fərəc Quliyevin yalançı millətçilik tezislərindənsə Zərnişan xanımın seçicilərin mənzil-təsərrüfat məsələlərini diqqətdə saxlaması daha əhəmiyyətli olmazdımı?

Sual olunur: Qaraçuxur və Yeni Günəşlidə yaşayan seçicilər niyə ölkə üzrə ən passiv seçiciyə çevriliblər? Bunun birmənalı cavabı belədir: Fərəc Quliyev seçicilərdə seçkiyə nifrət yaradıb. O, 5 il seçicilərin gözünə görsənmədi, bu seçkidə isə təbliğatı gözə dəymədi. Heç YAP-ın tanınmış simaları belə ərköyünlük etmədilər.

Ölkədə keçirilən seçkilərdə komissiya üzvü, namizəd və seçici kimi iştirak etmişəm. 2003-cü ildə keçirilən prezident seçkilərində Müsavat partiyasının nümayəndəsi kimi S. Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada məntəqə üzvü idim. İlham Əliyevin bizim məntəqədə qələbəsini əks etdirən protokola imza atdığım üçün müsavatçı dostlarımın qınaq obyektinə çevrildim. Ancaq sonradan onlar da anladılar ki, İlham Əliyev həqiqətən İsa Qəmbərə qələbə çalmışdı. 2010-cu ildə həmin bu Fərəc Quliyevlə həmin dairədən deputatlığa namizəd olmuşdum. Bir faktı deyim: Dairə Seçki Komissiyası yaşadığım 9 mərtəbəli binadan mənə verilən 220 səsi 60 səs eləmişdi. 2015-ci ildə isə vətəndaşlıq borcumu yerinə yetirmək məqsədilə səsvermədə iştirak etməli idim. Böyük məmnuniyyətlə YAP-nın vahid namizədi Zərnişan xanıma səs verdim. Mənim kimi minlərlə insan xanım Z.Abidovaya etimad göstərdi, lakin hakim partiya namizədini müdafiə etmədi. Əslində qələbə budur…

Qələbənizi təbrik edirəm, Zərnişan xanım.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar