Burdan bir milçək keçdi?

Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşının oğlu dünən açıqlama yayıb ki, mətbuatda onun şəxsi həyatı haqqında yazılan məlumatlara görə məhkəməyə üz tutacaq. Söhbətdən xəbəri olmayan oxucular elə başa düşər ki, kimlərsə həqiqətən nazirin Aynar adlı qardaşıoğlunun şəxsi həyatına burunlarını soxublar, amma əlbəttə, belə deyil.

Bu Aynar Məmmədov internet üzərindən qiyməti yüz min manatlarla ölçülən avtomobillərinin, qol saatlarının fotolarını paylaşıb, jurnalistlər də bunun üzərindən xəbər hazırlayıblar və haqlı olaraq, indi çoxları soruşur ki, nazirin qardaşıoğlunun dəyirmanının suyu haradan gəlir? Hardadır onda bu qədər sərvət?

Əcəb məntiqdir: həm qaranlıq, kirli var-dövlətə sahibdilər, həm də istəyirlər ki, heç kim bu var-dövlətin qaynağını soruşmasın, eləcə qıraqdan baxıb ağzının suyunu axıtsın, uzaqbaşı “fərli oğul buna deyərəm”, “bacarana baş qurban” janrında qırıldatsın, vəssalam.

***

Dünən bu mövzuda yaptokrat Aydın Mirzəzadənin açıqlamasını oxudum, o da mənsub olduğu talançı rejimin mahiyyətinə uyğun şəkildə söhbəti malalamağa çalışır, deyir ki, “o, tanınmış ailədəndir və biznes fəaliyyətini də uğurla qura bilib”. Cənab Mirzəzadədən soruşun ki, niyə bu ölkədə “uğurlu biznes”i ancaq bir neçə ailənin üzvləri qura bilir? Niyə bu ölkədə Qarabağ qazisinə çayxana işlətməyə belə, imkanı verilmir, o, özünü yandırmaq məcburiyyətində qalır, amma hansısa oliqarx-məmurun qardaşıoğlu sadəcə, “tanınmış ailə”dəndir deyə, təkcə qol saatına 200 min manat pul xərcləyəcək qədər varlanır?

Bu yaptokrat deputatdan soruşun görək, gün ərzində 14-16 saat, həm də gərgin, ağır fiziki işlə məşğul olan insanların qazancı ayın əvvəlindən ortasına yetmədiyi halda, bir ovuc adamın bu qədər sürətlə, görünməmiş miqyasda varlanmasında hansı ədalət var, hansı bacarıq, qabiliyyət rol oynayıb?

Bu xalqı bir belə də dolamaq olmaz. Bu ölkədə heç də hamı çörəyi qulağına yemir. Hardasa on milyonlarla manatlıq mülklər ortaya çıxır, başlayırlar ki, “bizim xalqın gözəl bir atalar sözü var, deyir, başqasının pulunu saymazlar”. Indi də söz tapıblar, “tanınmış ailə”dəndir... Bəs biz - “tanınmamış ailələr”in üzvləri neyləyək? Acından ölək? Kredit bataqlığında boğulaq? Yoxsa “tanınmamış ailə”dən olduğumuz üçün gedək asaq, yandıraq özümüzü?

Niyə bu ölkədə “uğurlu biznesmenlər” mütləq hansısa nazirin oğlu, qardaşı oğlu, əmisi oğlu, bacısı oğlu olur? Onlardan başqa heç kimin bacarığı, istedadı yoxdurmu ölkədə?

Yadınızdadırsa, ötən ilin dekabrında Elvin Nəbizadə adlı bir nəfər də “facebook”da özünün bahalı avtomobillərinin şəkillərini paylaşmışdı, sonradan məlum olmuşdu ki, bu növcavan Bakı şəhər Prokurorluğunun Istintaqa nəzarət şöbəsinin rəisinin oğludur. Mirzəzadədən soruşsan, buna da bir bəhanə tapacaq, yaptokratların əlində bəhanə istehsal etmək su içimi kimi bir şeydir, hətta elə bağıra bilirlər ki, doğrunun bağrı yarılır.

Amma içində zərrəcə insaf duyğusu, həqiqət hissi qalmış istənilən insan o şəkillərdən sonra bu ölkədə nəinki sosial ədalətdən danışa bilər, hətta hüququn da hansı günə salındığının fərqinə varardı. Təsəvvür edin, Istintaqa nəzarət şöbəsinin rəisi öz oğlunun bu bahalı maşınlara sahib olması üçün nə qədər günahsız insanı günahkar çıxarmalı, nə qədər günahkarı isə “süddən çıxmış ağ qaşığa” çevirməlidir...

***

Başa düşürəm e, istədiyimiz qədər yazaq-pozaq, arqument gətirək, fakt göstərək, məntiq-filanı işə salaq, bütün bunların yaptokratlar üçün bir milçək vızıltısı qədər dəyəri yoxdur. Heç könülləri də bulanmır. Heç veclərinə də deyil.

Sadəcə, indi ona görə yazdım ki, işdi-şayət, on illər, yüzillər sonra bu qəzet səhifəsi kiminsə əlinə düşsə, bu köşə yerinə baxıb, bu sətirləri oxuduqdan sonra dönüb yazının sərlöhvəsinə baxsın və təkrarlasın:

Burdan bir milçək keçdi...

(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar