Möhtəşəm mahiyyət

Kövrələn, üzülən insanları görürəm. Çoxlarının aylardır maraqla izlədiyi Türkiyə serialı olan “Möhtəşəm yüzyıl”ın möhtəşəm ata-oğul dialoqunun həyəcanının insanlar üzərində təsiri danılmazdır. Süleymana sevgisi olanların belə qəlbində bir buruqluq yaranmış. Günahsız hesab etdikləri oğulun hakimiyyəti qəsb etməsindən şübhələnən ata tərəfindən öldürdülməsi, əlbəttə, acı bir səhnədir. Bir az da tarixin gedişi barədə fantaziya quranlar üçün ona görə məyusluq yaradır ki, dövlət idarəçiliyinə daha hazırlıqlı varisin yerinə bir içki düşkünü varisin gəlişi Osmanlının “möhtəşəm yüzil”ini üzü qüruba doğru götürməyə başlayacaqdı.

Mənimsə üzüldüyüm başqa bir şeydi. Nədən Sultan Süleymanın ədalətli obrazının təqdimatı belə olmalıydı? Osmanlı ədalətindən danışan dünya üçün bu cür yanaşmalar müəmma olaraq qalacaq. Tarixi faktı o dövrün şahidləri salnaməçilərdən daha yaxşı bilər. Bu, bir ssenari müəllifinin yaradıcı fantaziyası idisə, müasir tamaşaçıya əsas olaraq nəyi düşünməyi təklif edirlər? Müşahidəm onu göstərir ki, burada qətl edilən guya düşmənlə işbirliyi içində hakimiyyət çevrilişi etmək niyyətindəki şahzadə deyil, bütövlükdə Osmanlının dillərə dastan Ədalət sistemidir. Bir şahzadə günahı sübuta yetirilmədən ölümə məhkum edilir, həm də ədalət mühakiməsi koridorundan keçmədən! Orta əsrlərdə hətta tonqala göndərən inkvizitorlar belə formal məhkəmə tamaşası quraraq, günahı boyuna yükləyəndən sonra bu işi icra edirdilər.

Osmanlı məhkəmə ədaləti, qazının dürüstlüyü və nüfuzu, heyrətamiz ədalətlə proses aparması dillər əzbəriydi. Məhkəmə bəzən çağdaş modern dövlətlərin bir qismindən fərqli olaraq, mülki məsələlərdə sultanın əleyhinə və rəiyyətin xeyrinə qərar çıxara bilirdi. Bir şahzadənin ölüm cəzasına məhkum olunma və ölümün icra olunma prosesinə baxın, buradan heç vaxt Osmanlı çıxara bilməzsiniz, sadəcə, duyğusal kişiləri və qadınları ağlada biləcək melodrama yaratmaq mümkündür.

Xatırlayıram, bir neçə il öncə seyr etdiyim “Cavad Xan” filmində də bu duyğuları yaşamışdım. Filmin təhlilini aparmaq istəməzdim, yaradıcı kollektiv məhdud imkanlarla yaxşı niyyətli bir tarixi xronika ortaya qoymuş. Azərbaycan-Rusiya münasibətlərinin ən həssas başlanğıc nöqtəsinə doğru - keçmişə baxış təşkil etmişlər. Cavad xan da ən azı Sisyanova yazdığı cavab məktubu ilə bir lider xarakteri göstərən, Vətəni üçün şəhid olmağı bacaran bir miras qoyub getdiyinə görə adı uca tutulacaq şəxsiyyətdir. Ancaq bir məqamda və bir epizodla Cavad xan dövlət adamı və lider obrazını fərdi qəhrəmanlığı fonunda tamamilə itirmiş olur. Bilmirəm, bəlkə də tarixi fakt olması ehtimalı da böyükdür. Ruslarla əməkdaşlıq üçün düşmən cinahına keçməyə çalışan bir sərkərdəsinin yolda yaxalanaraq Cavad xanın yanına gətirildiyi səhnədir. Biz, illah da qəhrəman quraşdırmaq üçün onun fərdi xarakterindəki gözlənilməz cizgiləri və pafoslu çağırışları önə çəkməyi xoşlayırıq. Yaxalanmış xaini hüzurunda qarşılayan Cavad xan gözlənilməz şəkildə onunla təkbətək döyüşməyə qərar verir. Xoşbəxtlikdən və ya əvvəlcədən düşünüldüyü kimi təkbətək qılınc döyüşündə rəqibini məğlub edərək öldürən bir dövlət başçısı mənim qəlbimdə olan bütün simpatiyanı dərhal itirir.

Diqqət yetirin, bir neçə gün sonra ruslarla ölüm-qalım savaşı gözlənilir. Bir dövlət başçısı əgər bu savaş öncəsi təkbətək savaşa qərar verib öz həyatını da, dövlətin taleyini də riskə qoyursa, o zaman onun ağlına şübhə etməyə tamaşaçının tam əsası var. Yetkin dövlət adamı bu cür macəraçı hava ilə davrana bilməz. İkincisi və ən dəhşətlisi, Sultan Süleymanın oğlu ilə bağlı hadisənin təsvirində olduğu kimi, hanı bəs Cavad xanın ədalət müəssisəsi? Hanı təqsirkar sayılan şəxsin günahının sübuta yetirilməsi? Bu günün insanına məhz bu ədalət mexanizminin gücünü çatdırmaq və ya başqa bir dəyəri çatdırmaq hədəf götürülmürsə, o zaman babalarımızın da bizim kimi, keyfi qərarların daşıyıcıları olduğunu təsdiqləmiş oluruq.

Tarix haqqında çox fakt bilmək insana hələ doğru nəticə çıxarmaq imkanı yaratmaz. Kimisə daha artıq sevə bilərsiniz, kor tutduğunu buraxmayan kimi, bildiyiniz bir yeməkdən başqasını ləzzətli saymaya bilərsiniz. Ancaq bunu əsaslandırmaq üçün elə bir dəyərdən ikiəlli tutmalısınız ki, başqalarını inandıra biləsiniz. Səfəvilər haqqında danışanlar, yazanlar da opponentləri susdurmaq üçün arqument olaraq onların iki milyon kvadratmetr ərazi işğal etməsindən yazırlar. Karl Marksın da Şah İsmayıl haqqında işlətdiyi 14 il ərzində 14 ölkə işğal etməsini qürurla söyləyənlər də var. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Dünya ictimaiyyətindən əsas tələbimiz işğalçının tanınması və ona təzyiq göstərilməsidir. Demək ki, işğalçılığa nifrət edirik Ermənistanın timsalında. Nədənsə Şah İsmayılın Heratı, Kirmanı, bizə bu gün və hətta gələcəkdə dəxli olmayan əraziləri işğal etməsindən özümüzə qürur ədəbiyyatı yaratmışıq. İşğalçılıq yaxşı dəyərdirsə, hesabla ermənilərə də haqq qazandırmalısınız. Necə olur ki, Xocalıda soyqırımı lənətləyirsən, ancaq 1501-ci ildə Təbrizdə öz xalqına qarşı gerçəkləşdirilən daha dəhşətli qətliamı tarixi qələbə sayırsan? Pis dəyərdirsə, o zaman bunu arqument olaraq mövqeyini əsaslandırmaqda istifadə etməyəcəksən.

Mənim “Osmanlının da, Teymurun da hansısa ölkəni işğalı ilə qürur duyma!” deyə bir niyyətim yox. Çingiz Xanın Yasası onun milyonlarla kilometr ərazi işğalından daha böyük dəyərdir, məncə. Necə ki, bu gün ağıllı fransız üçün Napoleonun yaratdığı möhtəşəm hüquq abidəsi olan Mülki Məcəllə onun avantürist Avropa işğalçılığından daha böyük dəyər sayılır. Ortalıqda ərəblərin Xilafət dövründə işğal etdikləri ərazilər deyil, Qurani-Kərim dəyər olaraq qalıb. Osmanlının ədalət sistemi üç qitədə hakim olmağından daha böyük dəyərdir, məncə. Bu günümüzə nə monqola, nə türkə qalan o ərazilər deyil, O yasadır, o Ədalət anlayışıdır.

Ötənlərdə iki qulağı olan birisi tarixçi adı ilə çıxıb söyləyəndə ki, Azərbaycan yarandığı vaxtdan türklərin vətəni olub, bu cür primitiv vətənpərvərliyə bir türk olaraq birinci mən gülüb keçdim, gör başqaları nə hisslər keçirərdilər? Bu yalanla vətənə daha çox bağlılıq əvəzinə, insanda vətən haqqında anlaşılmaz, çözülməz xəyal yaradırsan. Guya burada min il öncə türklərin dominant çoxluğa çevrildiyini söyləsən, X əsrdən əvvələ qayıdıb bu torpaqları əlimizdən alacaqlar. Bu gün BMT-də qeydiyyatdan keçdiyimiz ərazinin 20 faizini tarixi məskunlaşmanı arqumentləşdirməklə deyil, əsgər və diplomatiya komplektləşdirməklə işğal ediblər. Torpağı türklüyə görə qorumurlar, ağıla görə qoruyurlar, ağılsızlığa, gücsüzlüyə, hazırlıqsızlığa görə itirirlər. Tarixi saqqız kimi daha uzaq keçmişə uzatmaqla modern insana içiboş xəyal aşılamaq yerinə, tarixdən götürdüyün, faydalıdır deyə bu günə qədər yaşatdığın dəyərləri müasir insanımıza aşılamalısan.

Müasir azərbaycanlının təhsilində, inancında, tarix şüurunda, başqa anlayışlarında xeyli natamamlıqlar olduğu danılmazdır. Ancaq ümidverici bir müşahidəm var. Biz azərbaycanlılar mahiyyətini doğru dərk etdiyimiz hər prosesdə, hər peşədə başqalarından daha çevik davranış ortaya qoymağı, obyekti daha rahat çözməyi bacarırıq. Bir teleserialdan da, bir kinofilmdən də, bir dindən də, bir savaşdan da, bir tarixi hadisədən də əsas mahiyyəti doğru tapa bilsək, qabiliyyətimizlə bütün çevrəmizdəki dövlətləri də, xalqları da həqiqətən heyrətləndirə bilərik.

Bir neçə “Möhtəşəm yüzil” yaşayan Osmanlı dövləti çap maşınının Avropadan gəlişi zamanı bir anlıq mahiyyəti tutmadığına görə möhtəşəm şəkildə tar-mar oldu...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar