"Azərbaycanda müxalifətçi olmaq qəhrəmanlıqdır"- Rüstəm İbrahimbəyov

“Amma bu qəhrəmanlar bir-biri ilə yola getmirlər...Birləşirlər, ayrılırlar, bir-birini güdürlər, didirlər"

Milli Şuranın fəxri sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov “Media forum” saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Milli Şuranın fəaliyyətini izləyirsinizmi? Şura sədri Cəmil Həsənli ilə əlaqələriniz varmı?

- Cəmil Həsənli ilə ünsiyyət saxlayıram, zəngləşirik. Hadisələri izləyirəm. Hesab edirəm ki, bir balaca böhran yaranmışdı. Yavaş-yavaş işlər düzəlir. Məni Milli Şuranın problemləri yox, müxalifətin ümumi vəziyyəti narahat edir. Prezident seçkisi ərəfəsində mənim təşəbbüsümlə birləşə bildik. Bir il əvvəl birləşmə meyli güclü idi, odur ki, sonda Milli Şuranı yarada bildik. Amma seçkidən sonra proses dayandı. Hələ bir il əvvəl hiss edirdim ki, bunlar mənə görə birləşdilər. Çünki 20 il bir-birinə rəqib olmuşdular, araları dəymişdi.

Prezident seçkisindən sonra yenə də narazılıqların baş qaldıracağı, bir-birinə rəqib kimi baxacaqları gözlənilən idi. Ona görə də kimlərinsə şuradan getməsi, istefalar təbii prosesdir. Lakin Milli Şura öz fəaliyyətini davam etdirir. Maraqlı planlarımız var, bunları həyata keçirəcəyik.

- Sizcə, Milli Şura fəaliyyətini hansı istiqamətdə davam etdirməlidir?

- Bu suala geniş cavab vermək olar, təkliflər çoxdur. Biz bunları müzakirə edirik. Hesab edirəm ki, əsas istiqamət hüquq müdafiə sistemi ilə bağlı olmalıdır. Çünki son zamanlar Azərbaycanda vətəndaşların hüquqları ciddi şəkildə pozulur. Bu işlərlə məşğul olmaq lazımdır. Biz insan hüquqlarının müdafiəsini gücləndirməliyik, siyasi məhbusların problemlərini diqqət mərkəzində saxlamalıyıq, onların azadlığa çıxmalarına çalışmalıyıq.

- Siz Milli Şuranın yaradılması işini EL hərəkatının sədri Eldar Namazov vasitəsilə koordinasiya edirdiniz. İndi siz şurada qalsanız da, Eldar Namazov istefa verib. Bunu necə qiymətləndirdiniz?

- Təəccüblə qarşıladım. Milli Şuranın yaradılmasında Eldar Namazovun zəhməti çox böyük oldu, xeyli iş gördü. Özü ilə əlaqəm yoxdur. Milli Şuradan istefa verməsini mətbuatdan oxudum və çox təəccübləndim. Güman ki, Cəmil Həsənli ilə yola getməyiblər. Bunlar şəxsi məsələlərdir. Bədbəxtlik ondadır ki, bizim müxalifət 20 ildir belə işlərlə məşğuldur. Birləşirlər, ayrılırlar, bir-birini güdürlər, didirlər. Ona görə də Eldar Namazovun istefasını bir tərəfdən təəccüblə qarşılasam da, digər tərəfdən düşünürəm ki, belə şeylərə hazır olmaq lazımdır. Düzdür, Azərbaycanda müxalifətçi olmaq qəhrəmanlıqdır. Kim bu işlə məşğul olursa, onu qəhrəman sayıram. Amma bu qəhrəmanlar bir-biri ilə yola getmirlər.

- Eldar Namazovla niyə əlaqəniz yoxdur? Əvvəl tez-tez danışırdınız?

- Mən iki ay idi Rusiyada deyildim. Ona görə danışmamışıq. Adətən mənə zəng edirlər, mən zəng vurmuram. Eldar Namazov iki aydan artıqdır mənə zəng eləmir.

- Bəs Ziyalılar Forumunun aqibəti necə olacaq?

- Ziyalılar Forumu fəaliyyətini mütləq davam etdirməlidir. Bu, çox vacib qurumdur. Forum müxalifət təşkilatı deyil, ictimai rəyi formalaşdıran birlikdir, ictimai problemlərə toxunur. Ona görə də işləməsi vacibdir.

- Üzvlərlə danışmısınızmı?

- Yox, Rafiq Əliyev məni 75 yaşımın tamam olmasına görə təbrik eləyib. Amma Əkrəm Əylisli ilə, Ramiz Rövşənlə çoxdan əlaqəm yoxdur. Ramiz Rövşən bir ara Bakıda deyildi. Cəmil Həsənli ilə danışanda belə bir ümumi fikrə gəldik ki, yaxşı olar görüşək.

- Rüstəm müəllim, Rusiyada yaşayan bir qrup azərbaycanlı iş adamı, ziyalılar və ictimai xadimlər bir araya gəlib Rusiya Azərbaycan Təşkilatları İttifaqı yaratdılar. Baş nazirin sabiq birinci müavini Abbas Abbasov təşkilatın Koordinasiya Şurasının sədri seçildi. Koordinasiya Şurasının iclasları keçirilirmi?

- Rusiya Azərbaycan Təşkilatları İttifaqı bu ölkədə fəaliyyət göstərən ictimai birliklərdən biridir, Azərbaycanla heç bir bağlılığı yoxdur. Rusiyada yaşayan azərbaycanlıların bir neçə belə təşkilatı var, Rusiya Azərbaycan Təşkilatları İttifaqı da bunlardan biridir, diaspor sahəsində fəaliyyət göstərir. Bu təşkilatı Azərbaycana bağlayan bir məqam var, bu da təşkilat üzvlərinin azərbaycanlı olmalarıdır. Amma onlar Rusiya vətəndaşıdırlar, burada yaşayıb işləyirlər.

Koordinasiya Şurasının iclas keçirib-keçirmədiyinə gəlincə, dəqiq bir söz deyə bilmərəm. Çünki iki aydan çox Moskvada olmamışam. Amma eşitdiyimə görə, hər hansı tədbir keçirilmir, Koordinasiya Şurası toplanmır.

- Amma bir il əvvəl demişdiniz ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqı böyük ümidlə yaradılıb, məqsədi də Rusiyada yaşayan azərbaycanlıların problemlərini həll etməkdir...

- Təşkilatın böyük ümidlə yaradıldığını haradan bilirsiniz? Mən həmişə fikirləşirdim ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqı Rusiyada yaşayan azərbaycanlıların problemləri ilə məşğul olacaq. Qurumda təmsil olunanların əksəriyyəti iş adamıdır, öz işi ilə məşğuldur. Məqsəd bu idi ki, onlar başqa diaspor təşkilatlarına, xüsusən də Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinə kömək etsinlər. Diasporun başqa problemləri də var. Ona görə də Rusiya Azərbaycan Təşkilatları İttifaqı lazımlı təşkilatdır. Amma deyə bilmərəm ki, ona böyük ümidlər bağlamaq lazımdır. Təşkilatda təmsil olunan adamların hər biri öz işi ilə məşğuldur, pul qazanır. Əvvəldən də bunu deyirdim. Bakıdan səs-küy qaldırdılar ki, təşkilat hansısa məqsədlə yaranıb, kimisə devirmək istəyir. Bunlar hamısı boş söhbətlər idi.

- Təşkilatın azərbaycanlılara hansısa formada köməyi dəydimi?

- Bu işləri Abbas Abbasov dəqiq bilir. Mənə elə gəlir, kömək olunur. Çünki Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti qeyri-adi təşkilatdır, çox maraqlı işlər görür. Ola bilsin, Rusiya Azərbaycan Təşkilatları İttifaqının da onlara köməyi dəyir.

- Təşkilatın fəaliyyəti ilə bağlı Koordinasiya Şurasının sədri Abbas Abbasovla müzakirələriniz olubmu? O, sizi 75 illiyiniz münasibətilə təbrik etdimi?

- Mən, dediyim kimi, Moskvada deyildim. Abbas Abbasov zəng vurmuşdu, təbrik elədi. Amma rəsmi təbrik olmayıb. Biz çoxdanın tanışıyıq, köhnə dostlarıq, yaxşı münasibətlərimiz var. O mənə öz adından zəng vurmuşdu, yəni bu təbrik Rusiya Azərbaycan Təşkilatları İttifaqının, ya başqa təşkilatın adından deyildi, şəxsi təbrik idi.

- Bir il qabaq Azərbaycan Kinematoqrafçılar İttifaqının əməkdaşına açılmış cinayət işinin gedişi haqda sizə məlumat verilirmi?

- Məsələ olduğu kimi qalıb. Heç bir söz demirlər. Əsassız cinayət işi açılıb. Guya biz vergidən yayınmışıq. Əslində, biz o vergini heç verməli də deyildik. Əsassız cinayət işidir. Nədənsə bizə sataşırdılar.

- Azərbaycana gəlmək planınız varmı?

- Var, bu yaxınlarda gəlməliyəm. Dəqiq tarix deyə bilmərəm, amma ürəyim Azərbaycandadır, vətənim üçün çox darıxıram.ABŞ-da işlərimi yekunlaşdırıb Rusiyaya qayıtmışam. Bir həftədən sonra Gürcüstana gedəcəm. Orada kino çəkilişi ilə bağlı işlərim var. Azərbaycana da gələcəm.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar