"Pərviz həsrətlə MTN-dən köçürülməsini gözləyir"

Bu gün ailə üzvləri MTN-in istintaq təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüblər. Bu barədə Bizimyol.info saytına məlumatı Pərviz Həşimlinin həyat yoldaşı İlahə Həşimova verib. O bildirib ki, Pərvizin vəziyyəti və əhvalı o qədər də yaxşı deyil.

"Bizimlə 2 aydır görüşə bilmədiyi üçün də narahatçılıqları vardı. Pərvizin saçı çox ağarıb, dişlərində problem var, gözlərində ağrılar var. Həsrətlə MTN-dən Bakı İstintaq Təcridxanasına köçürülməsini gösləyir. Çünki onun MTN-in təcridxanasında saxlanması ilə bağlı heç bir əsas qalmayıb. Bununla bağlı bir çox instansiyalara da müraciət edib”,– deyən İlahə Həşimova vurğuladı ki, Pərviz Həşimli KİV rəhbərləri və hüquq müdafiəçilərindən BİT-ə köçürülməsi ilə bağlı əlaqədar qurumlara müraciət etmələrini xahiş edib.

Vəkil Elçin Sadıqov Bizimyol.info-ya bildirib ki, Pərviz Həşimlinin barəsində olan cinayət işi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə verilib. Lakin hələ işin hansı hakimin icraatına verilməsi məlum deyil.

Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

İstintaqın yekunu olaraq Pərviz Həşimliyə qarşı Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə ) maddəsi ilə də əlavə itiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty İnternational təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar