“Bayraq yürüşü”ndən qeydlərim

Etibar Əliyev

Təhsil eksperti

Noyabrın 7-də Təhsil Nazirliyi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin birgə təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirildi. Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin əməkdaşları, universitet rektorları, millət vəkilləri, tanınmış ziyalılar, müəllimlər, KİV rəhbərləri, QHT nümayəndələri, ümumi təhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri iştirak ediblər. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Ceyhun Bayramovun söylədyi bu fikirdə bayrağımızla bağlı həqiqət parlaq şəkildə ifadə olunub: “Başımızın üzərindən dalğalanan üç rəngli bayraq Milli İstiqlalımızın simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib”.

Təhsil Nazirliyinin yüksək səviyyədə təşkil etdiyi bu yürüşü bayrağımıza göstərilən sayğının parlaq nümunəsi hesab etmək olar. Məni heyrətləndirən əsas məqamlardan biri uşaqların və yeniyetmələrin tədbirdə yüksək zövqlə iştirakı oldu. Onlar spontan şəkildə müxtəlif qruplarda rəqs edir, əllərindəki kiçik bayraqları dalğalandırır və bir-birilərini təbrik edirdilər. Havanın soyuq və yağışlı keçməsinə baxmayaraq, minlərlə insan bu tədbirin sürəkliliyindən yorulmurdu. Bu, açıq-aşkar hiss olunurdu. Bayraq fəlsəfəsi müsbət mənada hər il, hər ay, hər gün yeni məzmun kəsb edir. Elə bu tədbirdə uşaqların, yeniyetmələrin, alimlərin, KİV nümayəndələrinin yeni birliyinin nümunəsini gördük. Bayrağımızı belə tədbirlər vasitəsilə kollektiv simvolumuza çevirmək mümkündür. Təhsil Nazirliyinin təşkil etdiyi yürüşün gələcəkdə daha kütləvi xarakter alması bu idealın gerçəkləşməsində mühüm rol oynayacaq.

Bayraqla bağlı tanınmış Amerika alimi Samyuel Xantiqtonun “Biz kimik?” kitabından bu parça oxucular üçün maraqlı ola bilər: “Çarlz–strit, Bostonun Bikon-hill rayonunun şah damarıdır. Bu rayona 4 mərtəbəli kərpic evlər xüsusi gözəllik verir. Buranın məhəllələrinin birində yerləşən poçtun girişində və spirtli içkilər mağazasının qarşısında mütəmadi olaraq Amerika bayraqları asılırdı. Bir müddətdən sonra bayraqlar yığışdırıldı. 2001-ci ilin 11 sentyabrından iki həftə sonra bu məhəllədə 17 bayraq dalğalandı. Ölkə təhdid altında qalanda Çarlz–strit sakinləri dərhal öz milli mənsubiyyətlərini analayaraq, özlərini ölkələri ilə eyniləşdirdirdilər. Bayraq heç vaxt 11 sentyabrdakı qədər mahiyyət daşımamışdı. Onlar hər yerdə: evlərdə, ofislərdə, maşınlarda, pəncərələrdə, işıq dirəklərində, telefon antenalarında, hətta mebel və geyim paltarlarında görünməyə başladı. Oktyabr ayının əvvəllərində keçirlən sosioloji sorğu göstərdi ki, 80% Amerika vətəndaşı milli bayrağı evdən, maşından və geyimlərdən taxmışlar. “Uollmart” univermağı 11 sentyabrda 116. 000, bir gün sonra isə 250.000 bayraq satmışdır. Ötən illərdəki bayraq satışına diqqət edin: 6.400-10.000 ədəd. Bayraq sifariş hətta körfəzdəki müharibə ilə müqayisədə 10 dəfələrlə artmışdır. Beləliklə, bayraqlar Amerika milli identikliyinin əsas şahidinə çevrilmişdi”.

Xantiqtona görə bayraq milli identikliyin əsasını təşkil edir. Bunu, artıq biz də bilirik. Bayraq meydanı, “Bayraq yürüşü” insanların bayrağımıza olan sevgisini artırır. Üç rəngli bayrağımızın milli identikliyimizin əsasını təşkil etməsini uşaqlara və yeniyetmələrə hər gün təlqin etmək lazımdır.

Ölkəmiz həmişə təhdidlər altında olub və indi də başımızın üstündən qara buludlar çəkilmir. Bu gün torpaqlarımızın 20%-i erməni işğalı altında qaldığından, Azərbaycan bayrağının ictimai-siyasi, fəlsəfi mənası daha şərəfli mahiyyət daşımalıdır. Bayrağımızın altında milli identiklik naminə bir olmalı və heç olmasa ildə bir dəfə əllərimizdə bayraq yürüş etməliyik. Bayraq altında birləşmək çox önəmlidir. Bundan böyük birlik yoxdur və ola da bilməz! Bu, dövlət səviyyəsində dəstəklənən tədbir statusunu qazandıqdan sonra belə üzvü birlikdən heç kim kənarda qalmamalıdır.

Dövlət Bayrağı Günümüzü Təbrik Edirəm!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar