VERGİLƏR NAZİRLİYİNDƏN SAHİBKARLARA İKİQAT ZƏRBƏ - Oliqarxlara da güzəşt edilmir!

Sahibkarlara yeni işçi götürmək öhdəliyi qoyulub; rəsmi və qeyri-rəsmi ödənişlər artırılıb!

 Azərbacanda iş adamlarının, irili-xırdalı bütün himayəsiz obyekt sahiblərinin müxtəlif dövlət qurumlarının, nazirliklərin qeyri-rəsmi tələblərini həyata keçirmək, qazanc oldu-olmadı onların üzərinə qoyulan «haqqı» ödəmək məcburiyyəti qarşısında qaldıqları yen fakt deyil. Ölkədə son illər fəaliyyətini dayandıran müəsissələrin, bağlanaraq üzərinə «icarəyə verilir» yazılan obyektlərin sayının artmasının əsas səbəblərindən biri də məhz budur. Ancaq bəzən bu da çıxış yolu olmur. Belə iş adamları, obyekt sahibləri barəsində müxtəlif qurumlar, xüsusən Vergilər Nazirliyinin yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən «toplanmış materiallar» əsasında cinayət işi qaldırlır. Nəticədə ya sahibkarın obyekti, biznesi əlindən alınır, ya da tələb olunan «haqqı» vermək məcburiyyətində qalır.

Bununla bağlı kifayət qədər faktlar mövcuddur. Bu üzdəndir ki, ölkədə qeyri-neft sektorunun inkişafı haqqında deyilənlər quru söz olaraq qalır. Hətta ötən il Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektorundan büdcəyə daxil olan təxminən 4 mlrd. manatın da yarıya qədəri neft pullarıdır. Özəl sektor ən yaxşı halda büdcəyə 700-800 milyon manat pul köçürür.

Ancaq qeyri-neft sektorunun bu cür ölü vəziyyətdə olması ümumilikdə hökuməti, o cümlədən Vergilər Nazirliyini bir o qədər də narahat etmir. Yəqin buna görədir ki, nəinki sahibkarlardan alınan rəsmi vergilərin aşağı salınması haqda düşünülür, hətta qeyri-rəsmi ödənişlər ildən-ilə artırılır.

Bu haqda Azpolitika.info-ya daxil olan son məlumatlara keçməzdən öncə xatırladaq ki, ötən ildən Vergilər Nazirliyi iri biznes subyektlərindən yığılan qeyri-rəsmi ödənişlərin həcminin artırıb. Belə ki, iri biznes subyektlərindən yığılan qeyri-rəsmi ödənişlərin həcmi illik dövriyyənin 6 faizindən 8 -10 faizinə qaldırılıb. Bəzən hətta bu tələb 12 faizə də çatır.

Diqqət edin; qazancın deyil, məhz illik dövriyyənin. Bu isə 100 milyonlarla manat əlavə qeyri-rəsmi qazanc deməkdir. Eyni amanda sahibkarların bu həcmdə soyulmasıdır.

Qeyd edək ki, Vergi Məcəlləsinə görə, sadələşdirilmiş vergi üzrə dövriyyənin paytaxtda 4, regionlarda isə 2 faizi həcmində vergi ödənilir. Yəni, sahibkarlardan qanunla ödənilməli olan məbləğdən təxminən 3 dəfə çox “xərac” yığılır.

Belə soyğunçuluğun səbəbləri açıqlanmasa da, bəziləri bunu neft hasilatının aşağı düşməsilə əlaqədar ölkəyə bu sektordan daxil olan gəlirlərin azalması ilə bağlayırlar. Məsələ ondadır ki, neft gəlirlərinin azalması yalnız son 20 ildə ilk dəfə büdcə gəlirlərinin əvvəlki ilə nisbətən aşağı düşməsi ilə nəticələnməyib. Həm də neftdən gələn pulları müxtəlif layihələrə yazaraq ortadan götürən hakimiyyət təmsilçilərinin qeyri-rəsmi qazancını da aşağı salıb.

Belə ki, məlum olduğu kimi, 2014-cü il üçün büdcə gəlirləri 2013-cü illə müqayisədə 775 milyon manat (1 milyard dollara yaxın) az proqnozlaşdırılır. İndiyədək dövlət büdcəsinin formalaşmasında əsas rol oynayan Neft Fondundan transfertlər isə ötən illə müqayisədə 2 milyard manat (17,7 faiz) azaldılıb.

Əvəzində isə qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərində təxminən 1,2 milyard manat artım proqnozlaşdırılıb. 2014-cü ildə qeyri-neft sektorunun payı 6 milyard 245 milyon manat olacaq ki, bu da ötən ilin göstəricisindən təxminən 20 faiz çoxdur.

Əlbəttə, qeyri-neft sektorunda xüsusi bir inkişafın baş vermədiyi şəraitdə Vergilər Nazirliyi belə bir artımı təmin etmək üçün “əlavə vasitələr” axtarmağa məhkumdur. Həm də yalnız büdcə planını doldurmaq üçün deyil...

Məsələ ondadır ki, bu il eyni zamanda hökumətin, ayrı-ayrı nazirliklərin “qeyri-leqal” büdcəsinin əhəmiyyətli hissəsini təşkil edən Neft Fondunun investisiya xərcləri də kəskin şəkildə azaldılıb. Ötən il Neft Fondunun investisiya xərcləri 6 milyard 915 milyon manat olduğu halda, bu il bu göstərici cəmi 1 milyard 921 milyon manat olacaq. Yəni Neft Fondunun investisiya xərcləri 72 faiz azaldılıb. Bu isə investisiya xərcləri adı ilə silinərək “ÜMUMİ KATYOLA” yönəldilən milyardlarla manat vəsaitin kəskin şəkildə azalması deməkdir. Hansı ki, bu “ÜMUMİ KATYOL” hakimiyyətin həm də qeyri-rəsmi xərclərini qarşılayır. Belə ki, məmurlara tutduğu vəzifəyə uyğun olaraq maaşdan əlavə verilən ”paket”dən tutmuş, xarici siyasətçilərin, dövlət rəsmilərinin ələ alınmasına qədər, bütün xərclər məhz bu fond hesabına ödənilir.

Bu xərclər yerində qaldığı halda neftdən “ÜMUMİ KATYOL”a daxil olan vəsaitin azalması təbii ki, hakimiyyəti başqa “mənbələr” tapmağa məcbur edir. İlk ağla gələn belə bir mənbə isə sahibkarlar olur...

Bu baxımdan Vergilər Nazirliyinin üzərinə ikiqat yük düşür. Bir tərəfdən artan büdcə proqnozlarını yerinə yetirmək, digər tərəfdən də “ÜMUMİ KATYOL”da qeyd edilən səbəblərdən yaranan KƏSİRİ doldurmaq Fazil Məmmədovun komandasının üzərinə düşür.

Bunun üçün isə Vergilər Nazirliyi həm sahibkarlardan yığılan qanuni vergiləri, həm də “haqqın” məbləğini artırmaq və “güzəştləri” ləğv etmək məcburiyyətindədir.

“AzPolitika.info”ya daxil olan son məlumatlar göstərir ki, Vergilər Nazirliyi elə bələ də edir. Belə ki, sahibkarlardan qanuni yolla toplanan vergilərin həcmini artırmaq üçün onlardan həm vergiyə cəlb olunan gəlirlərini yüksək göstərmək tələb olunur, həm də qeydiyyatda olan işçilərinin sayını artırmaq. Daha qəribəsi isə odur ki, sahibkarlardan yeni qeydiyyata saldığı işçilərin əmək haqqını 400-500 manat göstərmək tələb olunur ki, tutulan verginin həcmi də yüksək olsun.

Bizə verilən məlumata görə prezidentin iştirakı ilə keçrilən son müşavirədən sonra bu tələb daha da qətiləşdirilib.

Xatırladaq ki, prezident son toplantıda iş yerlərinin sayının artırılmasının zəruri olduğunu bildirmişdi. Sitat: ”İş yerləri nə qədər yaradılsa da, yenə də yaradılmalıdır. Çünki elə ölkələr var ki, orada əhali azalır, orada iş yerləri o qədər də ciddi problem deyildir. Ancaq bizdə keçən il əhali 170 mindən çox artmışdır.”

Vergilər Nazirliyi də artan vergi proqnozunu təmin etmək üçün sahibkarlardan sahibi olduğu obyektin, şirkətin həcmindən asılı olaraq, 400-500 manat maaşla ən azı 2 yeni işçini qeydiyyata salmağı tələb edir. Obyektivlik naminə qeyd edək ki, işcilərini hamısını rəsmi qeydiyyata salmayan və əmək haqqını aşağı göstərən bir şıra şirkətlər üçün bu tələb qanuni xarakter daşıyır. Ancaq bu istiqamətdə heç bir qanunsuzluğa yol vermədiyi halda Vergilər Nazirliyinin tələbilə “yeni iş yerləri aşmağa” məcbur olanlar da az deyil.

Qeyd etdiyimiz kimi, Vergilər Nazirliyi həm də sahibkarların hesabına “ÜMUMİ KATYOL”da yaranan kəsiri doldurmaq məcburiyyətindədir. Bunun üçün isə həm hər ilin əvvəlində sahibkarlardan yığılan “haqqın” məbləği artırılıb, həm də indiyədək bəzi səbəblərdən vergidən azad olunan şirkət və obyektlərə eyni tələblər irəli sürülməyə başlanıb. Belə ki, bu ilə qədər oliqarxlara, bəzi yüksək vəzifəli məmurlara və deputatlara məxsus şirkət və obyektlər özləri İSTƏDİYİ qədər vergi verirdi. Ancaq bu ildən onların da başqa iş adamları kimi həm rəsmi, həm də qeyri- rəsmi vergini verməsi tələb olunur. “AzPolitika.info”ya verilən məlumata görə, hətta oliqarxlara məxsus bəzi iri ticarət obyeklərindən və şirkərtlərdən ötən il “güzəşt olunmuş” rəsmi və qeyri- rəsmi vergini də ödəmək tələb olunub. Bu sırada Bəylər Əyyubova, Kəmaləddin Heydərova məxsus şirkət və obyektlərin də adları şəkilir.

Bu faktlar isə hökumətin neftdən itirdiyi vəsaiti iş adamlarından toplamaq niyyətində olduğunu ortaya qoyur. Ancaq nə vaxtadək?

Vergilər Nazirliyinin də mövqeyini işıqlandırmağa hazırıq.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar